Məhkəmə qərarları › İş №2-1(114)-2661/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2661/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2661/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı övladlarının soyadının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: AZ-İ 531927 saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İİ № 543161 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2010-cu il tarixdə Tovuz rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası isə İddiaçı2dır. AZ-İİİ № 016825 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2012-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası isə İddiaçı2dır İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə - iddiaçılar) daha sonra Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək uşaqlarının soyadının dəyişdirilməsini xahiş etmişlər. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 79, 80 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Tovuz rayon Alakol kənd İNyi tərəfindən xx.xx.2010-cu ildə X3 tərtib olunmuş 36 saylı və 80 Tovuz rayon Alakol kənd İN-yi tərəfindən xx.xx.2013-cu ildə X2 doğum haqqında akt qeydində soyadı “Hüseynov” qeyd edildiyi üçün “Cavadlı” soyadı ilə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır, aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları Nihat və Nübarın “Hüseynov” soyadından “Cavadlı” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Hüseynov X1 Ayşən Vilayət qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha əsasən ailə həyatı qurmuşlar, nikahlarından xx.xx.2010-cu il tarixdə Nihad adlı oğulları, xx.xx.2012-ci il tarixdə Nübar adlı qızı anadan olmuşdur. Uşaqların şəxsiyyət vəsiqəsini dəyişən zaman məlum olmuşdur ki, soyadları Hüseynov kimi yazılmışdır. Yanlışlığın düzəldilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz rayon Alakol Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2010cu ildə X3 tərtib olunuş 36 saylı doğum akt qeydində və Tovuz rayon Alakol Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü ildə X2 tərtib olunmuş 05 saylı doğum akt qeydlərində soyadlarının “Hüseynov” soyadının əvəzinə “Cavadlı” soyadı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı1 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmi olunmasını xahiş etmişdir. İş materiallarına iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri, AZ-İİİ № 016825 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İİ № 543161 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İ 531927 saylı nikah haqqında şəhadətnamənin surəti, cavabdehin xx.xx.2024-cü il tarixli 79 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçılar tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Mövcud qanunvericilik normasına əsasən (Ailə Məcəlləsinin 54.1-ci maddəsi) uşağın soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınmaqla icazə verilə bilər. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın iddiaçıların müraciətinə münasibətdə qəbul etdiyi imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Qeyd olunan Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydiyyata alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM qeyd etmişdir ki, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olması ilə əlaqədar əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və (və ya) müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələblərini nəzərə almaqla ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər qoyula bilər. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etmişdir ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in formalaşmış presedent hüququna görə bu cür müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi də məsələyə eyni cür yanaşaraq konkret olaraq öz qərarlarında «uşağın maraqlarının üstün tutulması» prinsipini əsas götürür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar inzibati orqana müraciət etmiş, sonuncu hər hansı inzibati icraat aparılmadan onların müraciətlərinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçıların özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Həmin icraatın gedişində cavabdeh həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərindən irəli gələn araşdırmanı aparmalı olduğu halda, bunu da etməmişdir. Belə ki, adıçəkilən Qaydalar cavabdehdən ərizə ilə bağlı araşdırmanın aparılmasını və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən bundan imtina edilməsi barədə Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərar çıxarılaraq, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verilməsini və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, AZ-İİİ № 016825 nömrəli doğum haqqında şəhadətnamənin, AZ-İİ № 543161 nömrəli doğum haqqında şəhadətnamənin, eləcə də hər iki uşağa məxsus olan şəxsiyyət vəsiqələrində soyadları Cavadlı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Tovuz rayon Alakol Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2010-cu ildə X3 tərtib olunuş 36 saylı doğum akt qeydində və Tovuz rayon Alakol Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü ildə X2 tərtib olunmuş 05 saylı doğum akt qeydlərində soyadlarının “Hüseynov” soyadının əvəzinə “Cavadlı” soyadı kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar