Məhkəmə qərarları › İş №2-1(114)-2668/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2668/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2668/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi PHŞ-nə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Sankt X9 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə Bakalavr Diplomuna əsasən Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsinə layiq görülmüşdür.

2. Diplom və diploma əlavə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2008-ci ildə 855531 və 855532 nömrəsi ilə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

3. İddiaçı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmişdir.

4. İddiaçıya məxsus AO№0700446 nömrəli hərbi biletdə xx.xx.2005-xx.xx.2006-cı illərdə hərbi xidmət keçmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-987/2022 nömrəli qərarı ilə müəyyən edilir ki, İmanova (Hüseynova) Cəmilə Ağarzayevnanın cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-352/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-974/2022 nömrəli qərarı ilə ləğv edilərək, iddia təmin edilmiş və Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçı X5 verilmiş BCA ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

6. X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun xx.xx.2024-cü il tarixli 05.01- 18/79 nömrəli arayışında qeyd edilir ki, İddiaçı 2000-2005-ci illərdə həqiqətən qeyri-dövlət Ali Təhsil Müəssisəsi “X2 Əlaqələr, İqtisadiyyat və Hüquq” İnstitutunda (Bakı filialında) təhsil almışdır. Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il tarixli qərarı ilə ona Hüquqşünaslıq ixtisası üzrə hüquqşünas kvalifikasiyası təyin edilmiş, 23 sentyabr 2005-ci il tarixli BCA ******* nömrəli fərqlənmə diplomu verilmişdir (qeydiyyat nömrəsi 5893). II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona verilmiş 5893 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli BCA ******* seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi üzrə təltif olunmasına dair bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə X2 Əlaqələr, İqtisadiyyat və X12 fakültəsinə qəbul olunmuşdur. Təhsilini əyani təhsil formasında almış və təhsilini uğurla başa vuraraq 2005-ci ildə həmin institutun hüquq fakültəsini bitirərək hüquqşünaslıq ixtisasına yiyələnmişdir. Buna dair X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona 5893 qeydiiyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCA ******* diplom verilmiş və xx.xx.1961-ci il tarixli "Xarici rəsmi sənədlərin qanuniləşdirilməsi tələbini dəyişdirən konvensiyası"na uyğun olaraq diploma müvafiq apostil əlavə edilmişdir. Təhsilini bitirdikdən sonra xx.xx.2005-ci il tarixdə hərbi xidmətə yollanılmışdır. Bir il müddətinə hərbi xidmətini yerinə yetirdikdən sonra xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ehtiyata buraxılmışdır. O, diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qüvvədə olan qaydalara müvafiq olaraq elektron müraciət formasında xx.xx.2023-cü il tarixdə cavabdeh agentliyə elektron kabinet üzərindən ərizə ilə müraciət etmişdir. Hazırda ərizəsinin cari statusu "Ərizəniz qəbul edilmişdir" kimi qeyd edilmişdir. Lakin onun müracətindən bu günədək bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin təmin edilməsi və ya müraciətindən imtina edilməsinə dair ona hər hansı bir məlumat verilməmişdir. Odur ki, bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə baxılmadığı üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə X1rşı X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona verilmiş 5893 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli BCA ******* seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

13. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı isə müraciətinin cavablandırılacağı gözləntisi ilə xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Həmin iclasda iddiaçı iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdiyini bildirərək, göstərmişdir ki, onunla Sankt X9 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunda eyni dövrdə oxuyan, yəni qrup yoldaşları X10 və X8 diplomları cavabdeh tərəfindən tanınmışdır. X6 diplomu məhkəmə qaydasında diplomunun tanınmasına nail olsa da, cavabdeh orqan X8 diplomunu məhkəmədən kənar qaydada, yəni öz qərarı ilə tanımışdır. O, 2000-ci ildə Sankt X9 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına qəbul olunmuş və 2005-ci ildə bitirmişdir. Onun təhsil müddəti 5 il, təhsil forması əyani olmuşdur. 2005-ci ildə hərbi xidmətə yollanarkən də onun diplomunun olması nəzərə alınmaqla, hərbi xidməti ali təhsilli şəxslər üçün nəzərdə tuutlmuş müddətdə - 1 il müddətində keçmişdir. Cavabdeh orqana 2023-cü ilin aprel ayında müraciət etmiş, lakin müraciətinə heç bir cavab verilməmişdir. Elektron kabinet vasitəsilə dəfələrlə müraciətinin cavablandırılmaması barədə müraciətlər etsə də, ona yenə də heç bir məlumat verilməmişdir. Cavabdeh orqan onun müraciəti üzrə icraat apararaq, sorğular vermiş idisə, bu halda o, bu barədə məlumatlandırılmalı idi. 1 il gözlədikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir, məhkəmə icraatı zamanı da cavabdeh orqan əsassız vəsatətlərlə icraatı uzatmağa çalışmaqla, onun hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sankt X9 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu və diploma əlavə; - xx.xx.2008-ci il tarixli 855531 nömrəli və 855532 apostil; - İddiaçıya məxsus AO№0700446 nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-987/2022 nömrəli qərarı; - X2 Əlaqələr, İqtisadiyyat və Hüquq” İnstitutunun xx.xx.2024-cü il tarixli 05.01- 18/79 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 2000-2005-ci illərdə qeyri-dövlət Ali Təhsil Müəssisəsi olan X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialında təhsil almış, Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il tarixli qərarı ilə ona Hüquqşünaslıq ixtisası üzrə hüquqşünas kvalifikasiyası təyin edilmiş, 23 sentyabr 2005-ci il tarixli BCA ******* nömrəli fərqlənmə diplomu verilmişdir (qeydiyyat nömrəsi 5893). Həmin diplom və diploma əlavə Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanı tərəfindən xx.xx.2008-ci ildə 855531 və 855532 nömrəsi ilə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilərək, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır.

26. İddiaçı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmişdir.

27. Cavabdeh orqanın nümayəndəsi hazırlıq iclası zamanı məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli vəsatətində göstərmişdir ki, iddiaçının Bakı filialında oxuyuboxumaması məsələsi araşdırılmaqdadır. Cavabdeh tərəfindən göndərilən bir sıra sorğular cavabsız qaldığı üçün digər qurumlara sorğular yönəldilmişdir. Bununla bağlı iddiaçının əlində məsələnin həllini aydınlaşdıracaq və icraatı yekunlaşdıracaq hər hansı önəmli sübut varsa, cavabdehə təqdim edilməsi xahiş edilir.

28. İddiaçı isə həmin iclas zamanı X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun xx.xx.2024-cü il tarixli 05.01-18/79 nömrəli arayışını təqdim edərək, bildirmişdir ki, o, İnstitutun elektron poçt qutusuna (mail adresinə) yazmaqla həmin arayışı əldə etmişdir.

29. Qeyd edilən arayışın surəti cavabdeh orqana göndərilərək, cavabdeh orqan isə növbəti iclasda həmin arayış barədə sorğu verildiyini bildirərək, iclasın qeyri-müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir.

30. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan tərəfindən müxtəlif tarixlərdə mütəxlif elekton poçt qutularına sorğuların ünvanlanması müəyyən edilsə də, sorğuların cavablandırılıb-cavablandırılmaması, icraatın yekunlaşması üçün başqa hansı tədbirlər görməsi qeyri-müəyyən qalır.

31. Digər tərəfdən, inzibati orqanın daxil olmuş müraciət üzrə icraatı öz mülahizəsi üzrə qeyri-müəyyən müddətə aparmaq kimi səlahiyyəti yoxdur. İnzibati icraat haqqında qanunvericilikdə bu müddət 30 gün nəzərdə tutulmuşdur. Həmin müddət əlavə hallar aydınlaşdırılması zərurəti yarandıqda isə müraciət edənə məlumat verməklə 90 günədək artırıla bilər.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

33. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək (1 ildən artıq müddətdə) sorğulardan əlavə cavabdehin müraciətin araşdırılması istiqamətində hər hansı tədbir görməmiş, icraatın gedişatı barədə iddiaçını məlumatlandırmamış, hər hansı inzibati akt (inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar) çıxarmamışdır.

34. Halbuki, iddiaçının həm inzibati orqana, həm məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-974/2022 nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçı ilə eyni dövrdə eyni təhsil müəssisəsində eyni qrupda bakalavriat səviyyəsində oxumuş X7 Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş BCA ******* nömrəli diplom üzrə ixtisasın tanınması barədə cavabdeh orqana müraciəti cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli elektron məktubda qeyd edilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitunun Bakı Filialında təhsil almışdır. Diqqətinə çatdırılır ki, Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alınaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən F6DC7B3F7E nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.

35. Göründüyü kimi, iddiaçı ilə eyni dövrdə eyni təhsil müəssisəsində eyni qrupda bakalavriat səviyyəsində oxumuş X4 müraciəti üzrə cavabdeh orqan inzibati icraat aparmışdır, sonuncuya Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsi əsas gətirilərək, diplom üzrə ixtisasın tanınmasından imtina verilmişdir.

36. Yəni, bu o deməkdir ki, cavabdeh orqanda artıq iddiaçının təhsil müəssisəsi barədə məlumat olduğundan icraatı aparmaq və yekunlaşdırmaq imkanı mövcud idi.

37. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “... Həmçinin iş materiallarında olan qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Sözügedən qətnamədən görünür ki, qətnamə ilə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. Cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müraciəti əsasında iddiaçı ilə inzibati icraat zamanı aparılmış müsahibədə onun təhsil aldığı fənlərin mənimsənilməsinin, tədris dilini bilməsinin qənaətbəxş olmaması barədə nəticəyə gəlinməmiş, əksinə tədris olunan dili bilmə bacarığı müsbət rəylə qiymətləndirilmişdir. Yeganə imtina əsası sözügedən İnstitutun akkreditasıyasız Bakı filialında təhsil alması ilə bağlı olmuşdur. Bununla bağlı bildirilir ki, yuxarıda qeyd edilən qətnamədən də aydın olduğu kimi həmin təhsil ocağında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması inzibati orqana həvalə edilmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinin də bildirdiyi kimi Filialın fəaliyyəti dayandırılana kimi faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə qaydasında fəaliyyəti dayandırıla kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən 2 il əvvəl- 2005-ci ildə Filialı bitirmiş və bununla əlaqədar olaraq xx.xx.2005-ci il tarixində ona diplom verilmişdir. Odur ki, iddiaçı xx.xx.2005-ci il tarixində təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-1761/2020 saylı xx.xx.2020-ci il tarixli qərar).”

38. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. .

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

40. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı onunla birgə oxumuş digər şəxsin – X8 diplomunun cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada tanındığını iddia edərək, X11 verilmiş 000979 nömrəli şəhadətnamənin surətini məhkəməyə təqdim etmişdir.

41. Məhkəmə tərəfindən cavabdehə sorğu verilərək, Agentlik tərəfindən xx.xx.1984-cü il təvəllüdlü X8 diplomunun tanınıb-tanınmaması, müsbət halda ona verilmiş ekvivalentlik şəhadətnaməsinin məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş olunmuş, cavabdeh orqan cavab məktubunda qeyd etmişdir ki, X13 2008-ci ildə hələ Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi zamanı müraciət etmiş və şəhadətnamə almışdır. İdarə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 479 saylı Fərmanına əsasən yenidən təşkil edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmişdir. Bunun nəticəsidir ki, cavabdehin daha sonralar yaradılmış elektron ərizə sistemində keçmiş dövrlərdə müraciət etmiş vətəndaşların icraat materiallarının bir qismi qalmamışdır. Ona görə də, X11 verilmiş şəhadətnamənin təqdim edilməsinin mümkün olmadığı bildirilərək, icraatın yekun nəticəsini təsdiq edən elektron ərizə sistemi təqdim edilmişdir.

42. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi məhkəmədən kənar qaydada 2008-ci ildə X8 diplomunu tanıyaraq, bu barədə şəhadətnamə vermişdir.

43. Hansı ki, həmin İdarə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanla Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

45. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

46. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

47. Bundan əlavə Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli 455-İİQ saylı Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir.

48. Həmin Sazişə görə: Maddə 1. X15 dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Maddə 6. Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Maddə 7. Beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Fedeasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

49. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur.

50. Həmin Konvensiyaya görə: Maddə 1. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Maddə 2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Maddə 3. İmzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Maddə 4. 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

51. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

52. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

53. Hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

54. Məhkəmə istinad edilən normativ aktların, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəalarına əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar