Məhkəmə qərarları › İş №2-1(114)-2668/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2668/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2668/2025 21.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 42 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı diaqnozu “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin 1 -ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı diaqnozu XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2014-ci il tarixinədək Ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensefalopatiya tez - tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllə- daxili hipertenziya, beyin qabığının vegeto - damar paroksizmal. Baş beynin silkələnməsi, Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və Diaqnozun digər adi silah növləri ilə törədilmiş zədələnmələr, "Odlu silah mina mətni: partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, sol əlin 1 - ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3 - nin içəri səthində bir ədəd köhnə, sol sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3 - nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Laçın və Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə xx.xx.1991 -ci ildən xx.xx.1992-ci ilədək Qarabağ müharibəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində müddətdən artıq çavuş rütbəsində iştirak etməklə Azərbaycan Respublikasının müdafiəsi zamanı mərmi partlamasından sonra qapalı kəllə beyin travması almış və bədəninin müxtəlif nahiyyələrindən yaralanaraq tərxis olunmuşdur. Azərbaycan Respublikasının MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il qərarı və müharibədə iştirak etmək faktını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, iş № 2(044)-3399/2017 saylı qətnaməsi bir daha təsdiq edir, l-ci Qarabağ müharibəsi əlilidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasının xx.xx.2018-ci il tarixli əlillik vəziyyəinin qiymətləndirilməsi sənədi ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasının ona 10 iyun 2019-cu ildən müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2023-cü tarixdən əlillik müddətinin bitməsini səbəb gətirilərək dayandırılmışdır.Dəfələrlə müraciət etsə də, onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar -tibbi sənədlərə əsasən İ Qarabağ müharibəsi zamanı döyüş bölgəsində travma alması, Gəncə Şəhər A.Səhhət adına Xəstəxanada, X2 stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Sualların digər hissələrində qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, iddia müddətini sağlamlığı ilə əlaqədar üzrlü səbəbdən buraxdığını bildirərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin M00083952İGL nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-14233/2023). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin X00163144FYT nömrəli xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-11688/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 42 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, əsəbilikdən, ətrafdakılarla yola getməməkdən şikayətlənmiş, “64 yaşım var, bu yaşımda məni kim işə götürəcək?” deyərək kövrəlmişdir. Qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verə bilməmişdir. Təqdim edilmiş epikrizlərdə qıcolma tutmaları qeyd edilsə də, tutmalardan şikayətlənməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qulağında cingilti səsi, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında ~10 ildir ki, özünü xəstə hesab etdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamamışdır. Müayinə zamanı ənsənin boyuna keçən hissəsində, sağ diz və burun nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənmə, yuxusuzluq, kəskin hərəkət zamanı gözünün önündə sanki "şimşək çaxmasından", əsəbilikdən şikayətlənmişdir. Müayinə zamanı boyunun arxa səthində çapıq izlənilmiş, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və əzələ tonusu norma daxilində, vətər rerfleksləri orta canlı alınmış D=S, patoloji reflekslərdən “Marinesko-Radoviç”, “Hoffman” alınmamış, “Babinski” solda mülayim müsbət olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, Romberq vəziyyətində dayanıqlı, yerişi sərbəst olmuşdur. Vətəndaş qıcolma tutmalarını bədənində olan əsmə kimi təsvir etmiş, tutma zamanı huşunun itmədiyini, adətən əsəbləşdikdən sonra baş verdiyini və antikonvulsant (qıcolma əleyhinə) müalicə qəbul etmədiyini qeyd etmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həmən daxil olmuş, verilən suallara adekvat cavablar vermiş, baş beynin intrumental müayinə nəticələrini (kranial KT, MRT) təqdim etməmişdir. X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Kəllə daxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİİ mərhələ Kəllə daxili hipertenziya. Tez-tez təkrarlanan epileptik qıcolmalarla generalizə olunmuş forma (ayda 10-12 dəfə epileptik qıcolmalar) Baş beyin silkələnməsi, kontuziyadan sonrakı kəskin yaddaş pozulması. Vegetonevral krizlər və beyin krizləri. İfadəli asteno-nevrotik hal. Psixonevral sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silah (mina partlaması) sonrakı arxa təpə nahiyyəsində bir ədəd, sol əlin birinci barmaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə, sol baldırın sol topuq oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3 nin bayır səthində 1 ədəd, sağ diz oynağının bayır tərəfində bir ədəd köhnə çapıq toxuması” kimi qeyd olunmuşdur. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 11708499/21 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəli epizod” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan şikayətlənmiş, lakin heç bir xarakterik məlumat verə bilməmişdir. Dərmanlarının adlarını bilməmişdir. Zahirən geyimi köhnə və səliqəsiz, saçı dağınıq olmuşdur. Otağa nümayişkarcasına əsə-əsə, asta addımlarla daxil olmuş, simulyativ olaraq özünü əsdirmiş və başı silkələnirmiş kimi hərəkət etmiş, sanki eşitmirmiş kimi ətrafı izləmiş, kəkələmə və yeriş simulyasiyası etmişdir. İnstrumental müayinələrində (KT) patologiya qeyd edilməmişdir. Sol saiddə bir ədəd köhnə səthi kəsik izi olmuşdur. Müayinədə huşu aydın olmamış, hazırda 2022-ci il olduğunu söyləmiş, verilən suallara “sənədlərdə yazılmışdır” deyə cavablar vermişdir. Sudan qorxduğunu və bu səbəblə həyat yoldaşının ona qulluq etdiyini (hətta şəxsi gigiyenasına) söyləmişdir. Müayinə zamanı vətəndaşın boyu 180 sm, çəkisi isə 80 kq olmuşdur. Ailəli, 2 qız və 1 oğlan olmaqla üç övladı, övladlarından birinin 3 yaşında olduğunu, digərlərinin isə yaşını bilmədiyini söyləmişdir. 12 il Hərbi xidməti olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar. Simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyin olub-olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F 07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2023xx.xx.2023, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2023,xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində X2 xəstəliyə görə stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 42 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə iddiaçının diaqnozunun “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin 1 -ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyən edilmiş, iddiaçıya əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.Daha sonra iddiaçının əlilliyi “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Əldə edilmiş ekspert rəyi ilə müəyyən edildiyi kimi İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması təsdiq olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65- 80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar