Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2669/2024 29.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl rayon notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Göygöl rayon notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı mərhum atası X5 və mərhum anası X2 vəfatından sonra Göygöl rayonu, Şəhriyar kəndində qalmış miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə Göygöl rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 75 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1145-ci maddəsinə əsasən "miras fikizi şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır". Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən "miras qoyanın öldüyü gün və ya fiziki şəxsi ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır". Həmin Məcəllənin 1147.1-ci maddəsində mirasın açıldığı yer "miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır". Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 60-cı maddəsi və “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 102-ci bəndinə əsasən "Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə mirası qoyanın ölüm faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmalkın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır". Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: belə ki, miras qoyanın ölüm faktını onun ölüm haqqında şəhadətnaməsi əsasında, vərəsələrin miras qoyanla qohumluq münasibətlərini onların doğum haqqında şəhadətnamələri əsasında, mirasın açıldığı vaxtı və mirasın açıldığı yeri isə İcra Hakimiyyəti Başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinin miras qoyanın öldüyü günə kimi harda yaşaması və həmçinin onun ailə üzvləri barədə verdiyi arayışa əsasən, miras əmlakın tərkibini isə əmlakın hüquqmüəyyənedici sənədlər əsasında müəyyən edilir. Ona görə də, miras əmlakın hüquqmüəyyənedici sənədində, miras qoyanların ölüm haqqında şəhadətnaməsində və həmçinin miras qoyanla qohumluq münasibətlərini sübut edən sənədlərdə uyğunsuzluq mövcud olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyrimümkündür.
2. İddiaçı cavabdeh Göygöl rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və X3 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ona mərhum atası X5 və mərhum anası X1 Göygöl rayon Şəhriyar kəndində miras olaraq torpaq sahələri qalıb. X9 xx.xx.2019-cu il tarixdə, anası Gülləz Məmmədova isə xx.xx.2016-cı il tarixdə vəfat ediblər. İddiaçının mərhum valideynlərinin birinci növbə vərəsəsi o və qardaşı X4r. Qardaşı Zülfüqar anadangəlmə əqli cəhətdən xəstədir və onun üzərində qəyyum kimi o, təyin edilmişdir. Bundan başqa miras əmlakı birinci növbə vərəsə olaraq o qəbul etmiş, eyni zamanda da mərhum atası ona çatası bütün daşınmaz əmlakları vəsiyyətnamə ilə vəsiyyət edib və başqa vərəsələrini də vərəsəlik hüququndan məhrum edib. Onun mərhum valideyinlərinin birinci növbə vərəsəsi o və qardaşı Zülfüqar Məmmədovdur. O, rəsmi olaraq Göygöl rayon notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imrina etmişdir. İmtinaya səbəb kimi miras əmlakın hüquqmüəyyənedici sənədində, miras qoyanların ölüm haqqında şəhadətnamələrində və iddiaçının miras qoyanla qohumluq münasibətlərini sübut edən sənədlərdə uyğunsuzluğun olduğu əsas gətirilərək vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasında miras əmlakın hüquqmüəyyənədici sənədində, miras qoyanların ölüm haqqında şəhadətnamələrində və onun miras qoyanla qohumluq münasibətlərini sübut edən sənədlərdə uyğunsuzluğun olduğu əsas gətirsə də, faktiki olaraq sənədlərdə belə bir uyğunsuzluq yoxdur. Yalnız iddiaçıya məxsus doğum və valideynlərinə məxsus nikah şəhadətnaməsi kiril əllifbası ilə və rus dilində yazıldığı üçün hərflər fərqlidir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. İddia ərizəsindən məlum olur ki, iddiaçı mərhum valideynlərindən ona və qardaşına miras əmlak qaldığını iddia edərək, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göygöl rayon notariat ofisinə müraciət etmiş, həmin orqanın 02 aprel 2024-cü il tarixli məktubu ilə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
8. Yəni, iddiaçının hazırkı marağı və tələbi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdır və miras əmlakın hüquqmüəyyənedici sənədində, miras qoyanların ölüm haqqında şəhadətnaməsində və həmçinin miras qoyanla qohumluq münasibətlərini sübut edən sənədlərdə uyğunsuzluq mövcud olduğundan notariat ofisi tərəfindən bundan imtina edilmişdir.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına görə: Bənd 8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
10. Göründüyü kimi, Plenum qərarında notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki mühakimə yaxud inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmələr edilənədək həmin növ işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməsi qərara alınmışdır.
11. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
12. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
13. Göründüyü kimi, iddiaçının tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir və notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
15. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
16. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
17. Baxılan iş üzrə isə iddiaçının məqsədinə hazırkı iddia vasitəsilə çatmaq mümkün olmadığına görə “prosessual qənaət” prinsipinə müvafiq olaraq məhkəmə tərəfləri dinləmədən iddianın mümkünsüz sayılmasını məqsədəuyğun hesab etmişdir.
18. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva