Məhkəmə qərarları › İş №2-1(114)-2669/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2669/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2669/2025 09.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-14866/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə tam təhvil verilmədiyi, həmçinin torpaq sahəsinin yeri və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlər arasında uyğunsuzluğun olduğu, belə ki, xx.xx.2021-ci il tarixli, 1153(762)/4 saylı X8 filialının arayışına əsasən torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 154 saylı sərəncamına əsasən ayrıldığı, lakin ərizənizə Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 3149 saylı sərəncamı əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

2. Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə şəhərində imtiyazlı vətəndaşlara bağçılıq üçün torpaq sahəsi ayrılması haqqında xx.xx.1996-cı il tarixli 3149 nömrəli sərəncamı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi və Əfqanıstan əlilləri, Çernobil qəzası iştirakçıları və digər imtiyazlı vətəndaşların bağçılıq üçün sahələrlə təmin etmək məqsədi ilə şəhərin şərq hissəsində 3№-li tikinti-quraşdırma trestinin yardımçı təsərrüfatının emal hissəsində olan torpaqlardan 10.0 ha sahə ayrılması qərara alınmışdır.

3. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-1470/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, məktubda qeyd olunan Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1993-cü il tarixli, 154 saylı sərəncamı ilə torpaq sahəsi ayrılmış şəxslərin siyahısını təqdim etmək mümkün olmamışdır.

4. Məkəmə sorğusuna Azərbaycan Respublikası X8 filialının xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 154 saylı sərəncamı ilə verilmiş torpaq sahələri müəssisə və təşkilatların yerli həmkarlar ittifaqlarının qərarı ilə paylanmışdır. Təşkilatların işçilərinə torpaq sahələrinin ayrılması haqqında adlı siyahıları filiala təhvil verilməmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, "Çernobıl" qəzası iştirakçısıdır, eləcə də İİ qrup Çernobıl əlilidir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1993cü il tarixli, 154 saylı Sərəncamı ilə "Çernobl" İttifaqının 16 aprel 1993-cü il tarixli, 210 saylı məktubu ilə göndərilmiş siyahıda adları olan şəxslərə Gəncə şəhəri ərazisində yerləşən "Quşçuluq Fabriki" adlanan ərazidən (hazırkı Cavad Xan qəsəbəsi adlanır) cəmi 7.5 ha bağ yeri üçün torpaq sahəsi ayrılıb verilmişdir. Həmin Sərəncama əsasən Çernobıl qəzası ilə bağlı İİ qrup Çernobıl əlili olduğuna görə ona da 0.04 ha torpaq sahəsi ayrılaraq yerində ölçülüb, biçilərək ona təhvil verilmişdir. Onun bu müddət ərzində maddi imkanı olmadığı üçün yalnız bağ sahəsi kimi istifadə etmişdir. Hazırda həmin torpaq sahəsini adına dövlət qeydiyyatına aldırıb ev inşa etmək istəyir. Bu məqsədlə cavabdeh orqan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14866/2024 nömrəli məktubla ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Ləğv olunan bağ təsərrüfatı idarələrinin ləğv edilməsindən sonra arxivlərin Azərbaycan Respublikasının Əmlak Məcələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. O, hesab edirəm ki, cavabdehin imtinası əsassızdır. Ona görə ki, imtina məktubunda qeyd edilən aidiyyəti qurumların öz vəzifələrini vicdanla, ləyaqətli yerinə yetirməmələri səbəbindən illərlə öz hüquqlarına sahib ola bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxış iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuşdur.

12. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlər arasında uyğunsuzluğun olduğu, belə ki, 20.11 2021-ci il tarixli, 1153(762)/4 saylı X8 filialının arayışına əsasən, torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 154 saylı sərəncamına əsasən ayrıldığı, lakin ərizəyə Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 3149 saylı sərəncamı əlavə edilmişdir. Sərəncamın əslinin ərizəyə əlavə edilmədiyi, təqdim edilmiş cizgi-planda hüquqmüəyyənedici sənədə istinad edilmədiyi müəyyən edilmişdir. Gəncə şəhər bələdiyyə xəritəsinə əsasən, faktiki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyəti, yaşayış məntəqələri olmaqla, həyətyanı torpaq sahəsinə, 14 m² hissəsinin bələdiyyə mülkiyyəti, yaşayış məntəqələri olmaqla, infrastruktura düşdüyü, bir hissəsinin AN№ 181759, **********1749 nömrəli (X4 maxsus) kadastrla üst-üstə düşdüyü müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, vətəndaş İddiaçı xx.xx.2023-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətləri zamanı (koordinatlar: x-617327, y-4502659) eyni torpaq sahəsi naturada təqdim olunsa da. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciət zamanı fərqlı torpaq sahəsinin naturada (koordinatlar x 647796, y-4502548) təqdim edildiyi müəyyən edilmişdir.

13. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

14. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, əslində ona ayrılmış torpaq sahəsi sonuncu dəfə təqdim etdiyi torpaq sahəsi deyildir. Ona ayrılmış torpaq sahəsi başqa yerdə yerləşirdi. O, ona ayrılmış həqiqi torpaq sahəsi üzərində hüququn qeydiyyatı ilə bağlı 3 saylı Ərazi İdarəsinə müraciət edən zaman ona imtina verərək, bildirmişdilər ki, torpaq sahəsi Səmənd adlı şəxsin adına tərtib edilmiş plan-ölçü sənədi ilə üst-üstə düşür. O, bununla bağlı məhkəmədə iddia qaldırsa da, iddiası mümkün sayılmadıqdan sonra Çernobıl əlilliləri birliyinin sədrinin yanına getmiş və sədr ona başqa yer (hazırkı sahəni) göstərərək, həmin sahənin istifadəsiz və boş olduğunu və həmin torpaq sahəsinə dair çıxarış almaq üçün Ərazi İdarəsinə müraciət etməsini bildirmişdir. O, özünə ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmayacağını görüb, bununla razılaşmışdır, əslində isə ona torpaq sahəsi ayrılan zaman hazırkı sahə deyil, Səmənd adlı şəxslə üst-üstə düşdüyü deyilən sahə ayrılmışdır. Hazırda əlacsız qaldığı üçün bu sahə üzərində hüququn qeydiyyatını tələb edir. Torpaq sahəsi ona ayrılan zaman yalnız işə əlavə etdiyi sərəncam və cizgi-plan verilmiş, adlı siyahı yaxud başqa sənəd verilməmişdir.

15. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığını bildirərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir.

16. Üçüncü şəxs X6 məhkəmə iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, torpaq sahəsini hasarlasa da, söküb aparmışlar. Xəstə və yaşlı olduğundan torpaq sahəsinə tez-tez baş çəkə bilmir. Torpaq sahəsinin harada yerləşdiyi yaxşı bilir.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

20. Hazırda iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 154 nömrəli sərəncamı ilə Çernobil qəzasının iştirakçısı kimi ona 0.04 ha torpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alənmasını tələb edir.

21. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

22. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

23. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlaka dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

24. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

25. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.

26. Belə ki, iddiaçı torpaq sahəsinə hüquqmüəyyənedici sənəd qismində Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 3149 saylı sərəncamını iddia ərizəsinə əlavə etmişdir. Həmin sərəncamda Gəncə şəhərində şəhid ailələri,... Çernovıl qəzası iştirakçıları və digər imtiyazlı vətəndaşları bağçılıq üçün sahələrlə təmin etmək məqsədilə şəhərin şərq hissəsində 3 №-li tikinti-quraşdırma trestinin yardımçı təsərrüfatının şimal hissəsində olan boş torpaqlardan 10.0 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, torpaq sahəsi ayrılan şəxslərin siyahısı əlavə edilmədiyindən həmin sərəncamla məhz iddiaçıya torpaq sahəsinin ayrılıb-ayrılmadığını müəyyən etmək mümkün olmamışdır.

27. İddiaçının təqdim etdiyi cizgi-planda isə həmin sərəncama, yaxud digər hər hansı torpaq sahəsi ayrılması barədə qərara istinad edilməmişdir.

28. Habelə, iddiaçının işə əlavə etdiyi digər sərəncamda da (X8 filialının xx.xx.2021ci il tarixli, 1153(762)/4 saylı arayışında qeyd edilən) Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 154 saylı sərəncamına əsasən Çernobıl ittifaqının 16 fevral 1993-cü il tarixli 210 nömrəli məktubu nəzərə alınaraq, Çernobıl hadisələri iştirakçılarına və İcra hakimiyyəti tərəfindən göndərilmiş siyahı əsasında vətəndaşlara Quşmuluq fabriki ərazisindən 7.5 ha torpaq sahəsinin baş yeri ayrıldığı qeyd edilmiş və yenə də həmin sərəncamla iddiaçıya torpaq sahəsinin ayrıldığını müəyyən etmək mümkün olmamışdır.

29. Azərbaycan Respublikası X8 filialının xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 154 saylı sərəncamı ilə verilmiş torpaq sahələri müəssisə və təşkilatların yerli həmkarlar ittifaqlarının qərarı ilə paylanmışdır. Təşkilatların işçilərinə torpaq sahələrinin ayrılması haqqında adlı siyahıları filiala təhvil verilməmişdir.

30. Hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

31. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

32. Göründüyü kimi, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

33. Ən əsası isə, məhkəmə qeyd edir ki, iddiaçının özünün izahatı, cavabdeh orqanın yazılı etirazı və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)- 509/2024 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçı ona Çernobıl hadisələri iştirakçısı olaraq hazırda X4 məxsus plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üstüstə düşən sahənin deyil, X5 məxsus plan-ölçü sənədində göstərilən torpaq sahəsinin ayrıldığını iddia edərək, həmin torpaq sahəsi üzərində hüququnu qeydiyyatını cavabdeh orqandan tələb etmiş, bu barədə müraciətinə imtina verildikdən sonra məhkəmədə qaldırdığı iddia mümkün sayılmadığından ona ayrılmayan digər (hazırkı) torpaq sahəsi üzərində hüququn qeydiyyatını cavabdehdən tələb etmişdir ki, bu da onun hazırda mübahisə predmeti olan torpaq sahəsinin tələbetmə hüququnun olmadığını bir daha təsdiq edir.

34. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.

37. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar