Məhkəmə qərarları › İş №2-1(114)-2670/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2670/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2670/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.1979-cu il tarixdə Tovuz rayonunun Düz Qırıxlı kəndindəki 98 saylı kənd orta texniki peşə məktəbinin şərab ustası qrupuna daxil olub, xx.xx.1980-ci il tarixdə Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsinin 244 saylı, 01 iyun 1980-ci il tarixli əmrinə əsasən 98 saylı texniki peşə məktəbdən azad edilmiş, Tovuz rayonunun 161 saylı kənd orta texniki peşə məktəbinə dəyişirilmişdir. Həqiqi hərbi xidmətə getdiyi üçün xx.xx.1981-ci ildə həmin texnixi peşə məktəbindən azad olunmuşdur. 1981-ci ilin noyabr ayından, 1983-cü ilin dekabr ayına kimi həqiqi hərbi xidmətdə olmuş, 29 dekabr 1983-cü il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra 161 saylı kənd orta texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 27 iyul 1984-cü i tarixdə Tovuz rayon 161 nömrəli kənd orta texniki peşə məktəbini bitirib № 461806 saylı diplom almışdır. Daha sonra xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi X2 hərəkətdə olan heyyətin təmiri üzrə çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi elektrovoz maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Bakı Texniki məktəbində maşinist kursu keçmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi yenidən elektrovoz maşinist köməkçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi elektrovoz maşinisti, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifələrində işləmişdir. Həmin vəzifədən xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, elektrik qatarları SSRİ dövründə də 3500 volt gərginlikli elektriklə işləyib, müstəqillik dövründə də 3500 volt gərginliklə işləyir. Necə ola bilər ki, əvvəllər həmin peşə güzəştli peşə hesab edilib, indi hesab edilmir. Bu absurtdur. Onun hesablamalarına görə cəmi 33 il, 1 ay, 25 gün ümumi əmək stajım vardır. Bundan 27 il, 10 ay 08 gününü güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. İddiaçının 57 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 57 yaşı tamam olmuş, 12 il 06 ay güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxırlar. İddiaçının xx.xx.2020-ci il tarixdə 57 yaşı tam olan vaxta kimi ümumi 33 ildən artıq əmək stajı, bunun da 27 ildən artığını zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 28 yanvar 1985-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.1995-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin X4 motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin "Vahid Tarif-lxtisas Sorğu kitabçası"nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa, xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motorvaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların "Nəqliyyat bölməsi"ndə nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyiniz motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 gün (xx.xx.1987-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1984-cü il tarixli 461806 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə “şərab və şirənin ilkin emalı ustası” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1986-cı il tarixli 681131 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “elektrovoz və teplovoz maşinisti köməkçisi” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci ilədək hərbi xidmətdə olmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun xx.xx.2022-ci il tarixli, 04/66 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək hərəkətdə olan heyyətin təmiri üzrə çilingər, xx.xx.1987-ci ildən xx.xx.1989-ci ilədək elektrovoz maşinist köməkçisi, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Bakı texniki məktəbində elektrovoz maşinisti kursu, xx.xx.1989-ci ildən xx.xx.1990-cı ilədək yenidən elektrovoz maşinist köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək elektrovoz maşinisti, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək elekrtik qatarlarının (seksiyalarının) maşinist köməkçisi, xx.xx.1995-cü ildən xx.xx.2002-ci il tarixədək elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində işləyib, xx.xx.2013-cü ildə işdən azad olunub. İşlədiyi vəzifələr üzrə ağır və zərərli peşələrdə sosial sığorta (və ya iş) stajı 27 il 10 ay 08 gün təşkil edir. -Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun xx.xx.2022-ci il tarixli, 09/65 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1989-cu il müddətində elektrovoz maşinist köməkçisi (2 il 1 gün) işləmiş, xx.xx.1989-dan xx.xx.1989-dək Azərbaycan dəmir yolları Bakı texniki məktəbi elektrovoz maşinisti kursunu bitirmiş, xx.xx.1989-xx.xx.1990 il müddətində elektrovoz maşinist köməkçisi (6 ay 11 gün), xx.xx.1990-xx.xx.1993 il müddətində elektrovoz maşinisti (3 il 4 ay 6 gün), xx.xx.1993-xx.xx.1995 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi (2 il 2 ay 19 gün), xx.xx.1995-xx.xx.2013 il müddətində elektrik qatarlarının( seksiyalarının) maşinisti (17 il 9 ay 16 gün) işləmişdir, ümumilikdə 25 il 10 ay 22 gün stajı var, xx.xx.2013-cü il tarixli 300-k saylı əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az (6 il 6 gün) olduğuna görə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun müvafiq arayışlarında iddiaçının xx.xx.1993-xx.xx.1995 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi və xx.xx.1995-xx.xx.2013 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində işləməsi qeyd olunmuşdur və iddiaçının xx.xx.1993-xx.xx.1995-ci il müddətində işlədiyi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi (2 il 2 ay 19 gün) və xx.xx.1995-xx.xx.2005-ci il müddətində işlədiyi elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının XXVllİ bölməsinin 1-ci bəndində (elektrik qatarlarının (seksiyalarının) maşinistləri- 23001000—14409; elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri- 23001000—16887) nəzərdə tutulmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilkdə iş stajının 25 ildən çox, güzəştli iş stajının isə 12 il 6 aydan çox olması öz təsdiqini tapmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar