Məhkəmə qərarları › İş №2-1(114)-2670/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2670/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2670/2023 05.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə verilən ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüquqlarının itirilməsi haqqında cavabdehin qərarının ləğv edilməsi və 5848,70 manat pulun fonda ödənilməsi haqqında tələbdən cavabdehin çəkindirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi aztəminatlı olduğu üçün onlara ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, 4 azyaşlı övladı var və qazancı dolanışıq üçün qətiyyən kifayət etmir. Lakin bir neçə gün əvvəl mənzillərinə gələn əməkdaşlar akt tərtib etmiş, heç bir izahat vermədən onlarda qonaq olan anası X3 imza etdirmişlər. Halbuki anasının başqa evi var və sonuncu Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən həmin evdə yaşayır. Bu barədə arayış da mövcuddur. Anası öz nəvələrinə baş çəkmək üçün tez-tez onlara gəlir. Həmçinin əmək haqqı məbləğinin yüksəlməsi barədə cavabdeh müvafiq informasiya sistemi ilə məlumat əldə edir. Bunu da bəhanə edib bildirirlər ki, guya o bu barədə məlumat verməmişdir. Halbuki onun əmək haqqı minimum həddə olmuşdur. Bu bəhanələrlə onların bir il sosial yardım ala bilmək hüququ əllərindən alınmışdır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 05 oktyabr 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq əmək haqqında artımın olduğunu və bu barədə cavabdehə məlumat verməli olduğunu bilmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-сi il tarixdə X8 və X11 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olunmuş məlumatlara əsasən ailəyə xx.xx.2022-ci il tarixdən aylıq 584,87 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı “ərizə-bəyənnamə”də ailə üzvlərinin sayını özü, arvadı və dörd övladı olmaqla altı nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun anası - X5 və digər ailə üzvləri ilə birlikdə anasına məxsus evdə yaşadığı müəyyən edilmişdir. Müayinə barədə akt tərtib edilmiş və iddiaçının anası X1 halı öz imzası ilə təsdiq etmişdir. Bildiririk ki, iddiaçı müraciəti zamanı ərizə-bəyənnamədə anası barədə məlumatları göstərməmişdir. Həmçinin araşdırılma zamanı məlum olmuşdur ki, ailə üzvü İddiaçı əməkhaqqı məbləği artmışdır. Qeyd olunanlara əsasən ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Araşdırma zamanı Daxili İşlər Nazirliyinə müvafiq sorgu göndərilmiş və Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli 18/2-26073/2023 nömrəli cavab məktubuna əsasən, X2 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 3, mənzil 33 ünvanında qeydiyyatdadır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2010-cu il tarixli, AZ-İ 588270 nömrəli «nikah haqqında» şəhadətnamənin surəti; - iddiaçı və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrinin surətləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-72001/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-130877/2023 nömrəli məktubu; - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatın surəti; - Ünvanlı dövlət sosial yardımı işlərinin monitorinqi zamanı aşkar edilmiş artıqödəmələr barədə məlumat; - Azərbaycan Respublikasının DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-26073/2023 nömrəli məktubunun surəti; - Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-77/2-14714/23 nömrəli və xx.xx.2023-cü il tarixli, 77/2-16684/23 nömrəli məktublarının surəti; - Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-26339/2023 nömrəli məktubu; - Hesabdan çıxarışın surəti. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, iddiaçı iddia ərizəsində ünvanlı dövlət sosial yardımın dayandırılmasına əsas olmuş qərarın ləğv olunmasını xahiş etmiş, lakin məhkəmə hazırda iddiaçının hüquqi marağının dayandırılmış ünvanlı sosial dövlət yardımının bərpa edilməsi olduğundan iddia tələbinə həmin hissədə baxmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş və onlara xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 584,87 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı mənzildə ərizə-bəyannamədə göstərilmiş ailə üzvləri barədə məlumatda uyğunsuzluğun olması, həmçinin iddiaçının əmək haqqı məbləğinin artması ilə bağlı gəlirinin artması səbəbindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları göstərilmişdir. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydanın 4-cü bəndinə əsasən; 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. İş materiallarından da görünür ki, “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan və iddiaçının əmək haqqı məbləğinin artması ilə bağlı gəlirinin artması barədə məlumat vermədiyindən, həmçinin iddiaçının anasının başqa ünvanda yaşamasını təsdiq edən hər hansı sübut müəyyən edilmədiyindən ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan ünvanlı dövlət sosial yardımın verilməsini dayandırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğvinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar