Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2670/2025 01.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarın X4 aid hissədə ləğv edilməsi” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarın X4 aid hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2- 1807/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş JN-113A, KOD 61008018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə X4 verilmişdir.
2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Kadastr Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1817/2025 nömrəli “iş üzrə məlumatların təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən, “Bərdə rayonunun Kələntərli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq cahələrinə aid cəvdəl”ə əsaən X3 istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.26 ha göstərilmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, sonradan isə iddia yələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarının X4 aid hissədə ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən 0,22 ha torpaq sahəsi Bərdə rayonu, Kələntərli kəndində yerləşir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi onun ata nənəsi X5 adına olmuş və bu barədə Bərdə Rayon Dövlət Arxivinin arayışından da görünür ki, 1953-1955-ci illərə aid 1 saylı təsərrüfat Başına kitabın 4 saylı şəxsi işində X5 0,30 ha torpaq sahəsi və 1938-ci ildə tikilmiş çiy kərpicdən ev olduğu öz əksini tapmışdır. O qeyd etməyi zəruri hesab edir ki, Güllü X1 ile ailə qurmuş və birgə nikahlarından iddiaçının atası X8 xx.xx.1936-cı ildə anadan olmuşdur. X13 Vətən Müharibəsində iştirak etmiş və orada həlak olmuş, sonradan nənəsi Güllü X2 adlı şəxslə faktiki nikahda olmuş və faktiki nikahlarından uşaqları olmamışdır. Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Güllü Əzizovanın 1948-ci ildən xx.xx.1997-ci ilədək nikahı haqqında akt qeydi aşkar edilməmiş, iddiaçının atası Boran Əzizov xx.xx.1958-ci ildə anası X9 ilə ailə qurmuşdur. Onların birgə nikahından iddiaçı, qardaşları Fizuli (vəfat edib), Eldar, İlqar və Eldəniz anadan olmuşlar. X17 xx.xx.1997-ci ildə, atası Boran Əzizov xx.xx.2005-ci ildə, anası Adilə Əzizova xx.xx.2023cü ildə və nənəsinin faktiki nikaha daxil olduğu Kamran Qasımov xx.xx.2010-cu ildə vəfat etmişlər. X10 Kamran Qasımovla faktiki nikaha daxil olmasına valideynləri təşəbbüs göstərmiş, nənəsindən qalan miras evin iddiaçı tərəfindən qəbul edilməsi üçün notariat ofisinə və cavabdeh DƏDKR-in 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmiş, müraciətə “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Bərdə rayonu, Kələntərli kəndində 0,22 ha torpaq sahəsi X4 verilmiş və bu barədə DTXK-nın Bərdə rayon şöbəsi tərəfindən JN-113A saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir” şəklində cavab verilmişdir. İddiaçı əlavə edir ki, atası Boran Əzizovun qanun üzrə vərəsəsi odur və digər qardaşları onun təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 2V-1136 2V-1137 və 2V-1138 reyestr nömrəli notariat işlərinə əsasən mirasdan onun xeyrinə imtina etmişlər. İddiaçı hesab edir ki, Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulmasına səbəb olmuş və bu səbəbdən də ləğv edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmədə qaldırdıqları iddia tələbi tam haqlıdır və hazırda mövcud olan qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının özü və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
7. Cavabdehin nümayəndəsi və iddiaçıya hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. - Tətbiq edilən hüquq:
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
10. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
12. İş materiallarından görünür ki, iddiaçı tələbində Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının qismən - X4 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir.
13. Məhkəmə qeyd edir ki, qeyd olunan qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
14. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldığı zaman məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat komissiyasının) bundan təxminən 27 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.
15. Diqqətə almaq mütləqdir ki, vətəndaşlar tərəfindən məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul edilməsi ilə əlaqədar bəzi şərtlər, yəni məhdudiyyətlər müəyyən olunmuşdur. Qeyd olunan məhdudiyyətlərdən biri də inzibati mübahisələr ilə bağlı iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir.
16. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
17. Yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir, belə ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmçinin, Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.
19. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.
20. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).
21. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.
22. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
23. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).
24. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
26. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
28. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddətin buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.
29. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarın X4 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarın X4 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov