Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2671/2024 27.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət rüsumları ödəmək şərti ilə torpaq və tikilinin rəsmiləşdirilməsinin vəzifə borcu kimi cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 27 noyabr 2013-cü il tarixdə 50 illik etibarnamə əsasında Gəncə şəhəri "xxxx" ASC-nin işçisi X3 tərəfindən ona 400.0 kv.m. torpaq satılmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 43/16 saylı sərəncamına və Qənnadı fabriki Həmkarlar İttifaqı Komitəsinin 18 fevral 1993-cü il tarixli iclasının 4 №-li protokoluna əsasən “Sevinc” (Məhsəti) qəsəbəsi ərazisində 400.0 kv.m. torpaq sahəsi X1 adına qeyd edilmişdir. Həmin 400.0 kv.m. torpaq sahəsi 50 illik etibarnamə və iltizam əsasında Notariat qaydada İddiaçı 5100 (beş min yüz) manata satılmışdır. Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 15 aprel 2013-cü il tarixli 64 saylı möhürlə təsdiq olunmuş, razılıq məktubu və eskiz layihə Gəncə şəhər baş memar Ə. Rüstəmov tərəfindən imzalanmışdır. Qanun əsasında həmin torpaqda İddiaçı tərəfindən əsaslı tikinti aparılmış və yaşayış evi tikilmişdir. Bütün kommunal xərclərini (işıq, qaz, su, əmlak-torpaq vergisi) ödənilmişdir və ödənilir. Təsdiq və təqdim edilmiş sənədlər, sübut edir ki, həmin torpaq və tikili İddiaçı məxsusdur. Bundan əlavə xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan X2 tərəfindən mübahisə yaradaraq, İddiaçı cavabdeh qoyaraq zəbt olunmuş torpaqdan, çıxarılma tələbinə dair Gəncə şəhər Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Məhsəti qəsəbəsi (qənnadı) fabrikinin BYB-i ərazisində yerləşən 400 kv.m torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı tələbində 27 noyabr 2013-cü il tarixdə 50 illik etibarnamə əsasında Gəncə şəhəri "xxxx" ASC-nin işçisi X3 tərəfindən ona 400.0 kv.m. torpaq satıldığını qeyd etsə də, məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinə dair X3 adına Gəncə ŞİH memarlıq və tikinti şöbəsinin Məhsəti qəsbəsi “Qənnadı” fabrikinin BYB-yi ərazininə dair bağ evinin eskiz layihəsinin olması məlum olmuşdur. İddiaçı isə sözügedən torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Məhsəti qəsəbəsi (qənnadı) fabrikinin BYB-i ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2671/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2671/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver