Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2674/2023 30.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı birdəfəlik maddi yardımın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ildə cavabdeh tərəfindən ona hesablanmış birdəfəlik maddi yardımın ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayonu Goran qəsəbəsində yerləşən qəzalı binada yaşamışdır. Cavabdeh nümayəndələri iddiaçının yaşadığı qəsəbəyə gələrək binanın qəzalı vəziyyətdə olduğuna görə binada yaşayan sakinlər barədə siyahının tərtib olunduğunu və orda yaşadığı üçün qeydiyyata alındığını və onlara birdəfəlik maddi yardımın ödəniləcəyini bildirdilər. İddiaçı 2021-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, 2022-ci ilin sonunadək həqiqi hərbi xidmətdə olduğu üçün ödənilməsi nəzərdə tutulan maddi yardımı ala bilməmişdir. 2022-ci ilin dekabr ayının 29-da adları qeyd olunan sakinlərə maddi yardım ödənilmişdir. İddiaçı həqiqi hərbi xidmətdə olduğu üçün anası dəfələrlə Cavabdehnə ona ayrılan maddi yardımın ödənilməsi üçün müraciət etsə də ala bilməmişdir. İddiaçı 2023-cü ilin yanvar ayının 5-də həqiqi hərbi xidmətdən tərxis olunub gəlmiş, bir neçə gündən sonra Cavabdehnə müraciət edərək, ona ayrılan birdəfəlik maddi yardımın ödənilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı iyul 2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-45/2-C-2-146/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Goran qəsəbəsində olan qəzalı binada yaşayan sakinlər barədə tərtib olunan siyahıda İddiaçı adı qeyd edilmişdir. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-45/2-F-2-069/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Goran qəsəbəsində olan qəzalı binada yaşayan sakinlər barədə tərtib olunan siyahıda İddiaçı da adı qeyd edilmiş, lakin o, 2022-ci ilin sonunadək həqiqi hərbi xidmətdə olduğu üçün ödənilməsi nəzərdə tutulan birdəflik maddi yardımı ala bilməmişdir, 2023-cü ilin yanvar ayının əvvəllərində həmin məbləğ Kapital Bank tərəfindən Rayon İcra Hakimiyyətinin büdcəsinə qaytarılmış, Qeyd olunan vəsait 2022-ci ilin büdcəsi üçün nəzərdə tutluduğuna görə Maliyyə Nazirliyi tərəfindən geri qaytarılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Goran qəsəbəsində olan qəzalı binada yaşayan sakinlər barədə tərtib olunan siyahıda iddiaçının da adı qeyd edilmiş, lakin o, 2022-ci ilin sonunadək həqiqi hərbi xidmətdə olduğu üçün ödənilməsi nəzərdə tutulan birdəflik maddi yardımı ala bilməmişdir. İddiaçı yardımın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh qanunla nəzərdə tutulmuş birdəfəlik maddi yardımın ödənilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. -26-cı maddəsinin İİ hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. -11.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -22. 1-ci maddəsinə əsasən İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -71.1-ci maddəsinə əsasən Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Qeyd edilməlidir ki, iddiaçının Goran qəsəbəsində olan qəzalı binada yaşaması və orada yaşayan sakinlər barədə tərtib olunan siyahıda onun da adının olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən qəzalı vəziyətdə olan bina sakinlərinə müvafiq ödənişin edilməsi zamanı iddiaçının həqiqi hərbi xidmətdə olması hazırki halda onun müvafiq ödənişi almasını istisna etməməlidir. Belə ki, müvafiq təyinat üzrə ayrılmış pul məbləğinin aidiyyəti şəxsə verilməsini təmin etmək vəzifəsi hazırki halda cavabdehə aid olduğundan, sonuncunun iddiaçının müraciəti ilə bağlı imtinası əsaslı hesab edilə bilməz. Odur ki, iddiaçıya birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı hesablanmış birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2674/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2674/2023
30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver