Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2677/2023 10.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun doğum akt qeydində düzəliş edilməklə adının “Aslan” soyadının “Aslanlı” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Bərdə Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam ilə lazımi hüquqi yardım göstərildikdən sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və adının “Novruz”-dan “Aslan”-a, soyadının “Aslanov”-dan “Aslanlı”-ya dəyişdirilməsi öhdəliyinin cavabdeh Bərdə Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Bərdə rayon Otuzikilər kəndində anadan olmuş, atası X2, anası isə X1r. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. İlk öncə doğum haqqında şəhadətnamə alınan zaman adı valideynlərinin qoyduğu ad olaraq “Novruz” olaraq yazılmışdır. O, həmin doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almış, hərbi bileti olmuşdur. Övladlarının doğum haqqında şəhadətnamələrində də adı “Novruz” olaraq yazılmışdır. Hal-hazırda o, soyadını və adını dəyişdirərək “X3” olaraq yazılmasını istəyir. Doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adının “Novruz” yazılmasına baxmayaraq kənd camaatı onun adını “Aslan” bildikləri üçün Aslan olaraq çağırırlar və “Aslan” kimi tanıyırlar. Hazırda o, adının dəyişdirilərək “Aslan”, soyadının isə milliləşdirilərək “Aslanlı” olaraq yazılmasını istəyir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, babasının adını əbədiləşdirmək üçün adının “Novruz”-dan “Aslan”-a, soyadını isə milliləşdirərək “Aslanlı”ya dəyişdirmək niyyətindədir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı, adı və atasının adı müvafiq olaraq «İddiaçı» kimi qeyd edilmişdir. - xx.xx.1967-ci il tarixli AЗ ******* nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş və bu barədə 1967-ci ilin aprel ayın 25-də 35 nömrə ilə qeyd edilmişdir. -işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-68/2- 28495 nömrəli məktubundan görünür ki, iddiaçı sonuncu dəfə RF Kemerovsk vilayəti, Novokuzneçka şəhəri, Kuybışevsk rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF CM-nin 30M. 3 his-228.1M. 1 his əsasən 05 (beş) il azadlıqdan məhrum edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçının qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu olduğundan adının və soyadının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2xx/xx-2023 nömrəli məktubundan görünür ki, iddiaçının ad və soyadının dəyişdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı adının “Novruz”-dan “Aslan”-a, soyadının “Aslanov”-dan “Aslanlı”-ya dəyişdirilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin öhdəliyinin cavabdeh Bərdə Rayon Polis Şöbəsinin rəyinə əsasən bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Məhkəmə qeyd edir ki, istinad olunan normalarda şəxsin adının, ata adının və soyadının dəyişdirilməsini qadağan edən imperativ norma nəzərdə tutulmuşdur. Hansı ki, bu norma özünü “ərizə verən şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir” şəklində göstərir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan da görünür ki, iddiaçı bir neçə dəfə (sonuncu dəfə RF Kemerovsk vilayəti, Novokuzneçka şəhəri, Kuybışevsk rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF CM-nin 30M. 3 his-228.1M. 1 his əsasən 05 (beş) il azadlıqdan məhrum edilmişdir) məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ad və soyadının dəyişdirilməsi məqsədə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2677/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2677/2023
10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver