Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2679/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xəstəlik vərəqələrinin düzgün verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xəstəlik vərəqələrinin düzgün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fövqləladə Hallar Nazirliyinin Bərdə rayon FHN-nin Yanğından Mühafizə Xidmətində Baş yanğın söndürən vəzifəsində işləyir. 01 iyul 2021-ci il tarixdə bədbəxt hadisə nəticəsində sağ əlinin 3-cü və 4-cü barmaqlarının vətərlərinin bərpası əməliyyatından ET travmatologiya institutunda əməliyyat olunmuşdur. Bu müddət ərzində işlə əlaqədar ona Seriya SN 00007 №156019, Seriya SN 00007 №158935, Seriya SN 00006 № 855298, Seriya SN 00007 № 156068, Seriya SN 00007 № 024 xəstəlik vərəqələri verilmişdir. Qeyd olunmuş xəstəlik vərəqələrindən Seriya SN 00007 №156019 və Seriya SN 00007 №158935 saylı xəstəlik vərəqələrinin miqdarı 434 manat 67 qəpik hesablanmış və əmək haqqı olaraq hesabına mədaxil olunmuşdur. Digər xəstəlik vərəqələrinin dəyərini isə bu vaxta qədər almamışdır. Bununla bağlı lazımı təşkilata müraciət etdikdə isə xəstəlik vərəqələrinin dəyərini verilməkdən imtina edirlər. Səbəb də göstərirlər ki, 07 avqust 2021-ci il tarixi şənbə-bazar günlərinə düşdüyü üçün xəstəlik vərəqəsini davam etdirmək üçün Bakı FHN-nin Tibbi mərkəzindən qeydiyyatdan keçərək xəstəlik vərəqəsinin tarixini 07 avqust 2021-ci il tarixindən 16 avqust 2021-ci il tarixinə kimi ambulator müalicə təyin ediblər. Xəstəlik vərəqəsinin axırında isə 09 avqust 2021-cı ildə ET.Tİ daxıl olduğunu göstəriblər. 09 avqust 2021-ci il tarixindən 22 noyabr 2021-ci il tarixədək xəstəlik vərəqəsi yazılmış və işlədiyi təşkilat vasitəsi ilə DSMF-nin Bərdə rayon şöbəsinin sisteminə işlənmişdir. Lakin sənədlər qəbul olunmamış kimi (natamam) geri qaytarılmışdır. Bundan sonraki, xəstəlik vərəqələrində qeyd olunmuş məbləğləri ala bilməmişdir. Odur ki, xəstəlik vərəqələrinin düzgün verilməsinə görə məhkəmə qərarına ehtiyacı var. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk olaraq iddia ərizəsinin “xahiş etdi” hissəsində xəstəlik vərəqələrinin düzgün verilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xəstəlik vərəqələrinin hazırlanması və verilməsi ilə bağlı səlahiyyətlərə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın: - 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. - 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. - 3-cü bəndinə əsasən müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır. - 29-cu bəndinə əsasən tibb müəssisələri xəstəlik vərəqələrinin blanklarının sayının, mədaxil və məxaricinin dəqiq hesabını aparmalıdırlar. Qüvvədə olan qanunvericiliyin tələbi baxımından xəstəlik vərəqəsinin qeydiyyatı, saxlanılması və verilməsi onları vermək hüququna malik olan tibb müəssisəsinin həkimləri tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə cavabdehin belə bir səlahiyyəti qanunla müəyyən edilməmişdir. Lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağını xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinətin hesablanması və ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin: - 1.1-ci bəndinə görə əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 74-cü maddəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bundan sonrakı yerlərdə Fond adlandırılması qeyd edilmişdir. - 96-cı bəndinə əsasən müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. - 97-ci maddəsinə əsasən bu Əsasnamə üzrə nəzərdə tutulmuş müavinətlər (bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) sığortaolunanlara Fondun yerli qurumları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir və iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq iddia tələbində qeyd edilən xəstəlik vərəqələrinin düzgün verilməsi ilə bağlı hazırkı iş üzrə cavabdehə və ya digər hər hansı aidiyyəti quruma müraciət etməsi, habelə, iddiaçının hüquqi marağının əsasını təşkil edən xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinətin hesablanması və ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yardım edilməklə ağlabatan müddət təyin edilməsinə lüzum yoxdur. Belə ki, tələblə cavabdeh inzibati orqana ilkin müraciət olunması məhkəməyədək olan icraatdır və iddianın xüsusi mümkünlük şərti kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3, 35 və 80. maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2679/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2679/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver