Məhkəmə qərarları › İş №2-1(114)-268/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-268/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-268/2021 29.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti başçısının Muzdurlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı kənddə yaşamaq və fakt təsdiqinə dair arayışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti başçısının Muzdurlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli, 18 nömrəli məktubu ilə İddiaçı1 göndərilən ünvanın qeyd olunmaması şərti ilə arayışın verilməsinə dair müraciətinin icraasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti başçısının Muzdurlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı Muzdurlar kəndində yaşaması və mülkiyyətində ev, torpaq olmasını təsdiq edən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti faktları təsdiq etmək səlahiyyətinə malikdir. Fakt təsdiqinə dair arayışın haraya, kimə və yaxud hansı məqsədlə veriləcəyi barədə məlumatın tələb edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və bilavasitə hüquqlarına qanunsuz müdaxilədir. Həmçinin analoji faktlar bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il tarixli qərarı da mövcuddur. Lakin icra nümayəndəsi N.Həmidzadə qanunların və Konstitusiyanın dəyişdiyini və həmin məhkəmə qərarının təkrar verilməli olduğunu bildirir. Bununla yanaşı 2013-cü ildən Muzdurlar kəndində ata mülkündə yaşayır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ünvan 1 Nümayəndəliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdeh Goranboy rayonunun Muzdurlar kənd İcra Nümayəndəliyinin iddiaçıya ünvanladığı xx xxxxxxx 2020ci il tarixli, 18 nömrəli imtina məktubunun, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 1677/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair» Təlimatın 17, 17.1 və 17.2-ci maddəsinin bəndlərinə müvafiq olaraq verilən arayışlarda göndərilən ünvanın qeyd olunmaması şərti ilə arayışın verilməsi mümkün deyildir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 Goranboy rayonu, Muzdurlar kəndində qeydiyyatdadır. İşdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1677/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən məlum olur ki, iddia tələbi təmin edilmiş, İddiaçı1 yaşayış yeri üzrə arayışın verilməsi vəzifəsi cavabdeh Goranboy rayonunun Muzdurlar kənd İcra Nümayəndəliyinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, İddiaçı1 Goranboy rayonu, Muzdurlar kəndində qeydiyyatdadır və inzibati orqan tərəfindən imtina məktubunda yalnız arayışın hansı ünvana təqdim edilməsi barədə məlumatın verilməməsinə istinad olunmuş və şəxsin yaşayış yeri üzrə arayış verilməsindən imtina edilmişdir. Məhkəmə inzibati orqanın imtinasını qanunamüvafiq hesab etmir və gəldiyi nəticəni aşağıdakı normalarla əsaslandırır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun; 10.1. maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 15.1. maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

17. maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 22.1. maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair» Təlimatın 1. bəndinə əsasən Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Həmin Təlimatın 17. bəndinə əsasən göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir: 17.1. sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır; 17.2. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır. "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə» Təlimatın;

132. bəndinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəliyində sənədlərin rəsmiləşdirilməsi və baxılması qaydası yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə və bu Təlimata uyğun olaraq aparılır.

134. bəndinə əsasən rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşların vəziyyəti aktlarının qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar verir və bununla əlaqədar nümayəndəlikdə verilən arayışlar üçün müvafiq qeydiyyat kitablarını aparır.

135. bəndinə əsasən rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsi həmin nümayəndəlikdə sənədləşmənin düzgün aparılmasına, bu Təlimatın tələblərinə nümayəndəliyin bütün işçiləri tərəfindən əməl edilməsinə məsuliyyət daşıyır. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 5.1. maddəsinə əsasən inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək. Göründüyü kimi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşların vəziyyəti aktlarının qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar verir və bununla əlaqədar nümayəndəlikdə verilən arayışlar üçün müvafiq qeydiyyat kitablarını aparır. Yəni yuxarıda adıçəkilən əsasnamə və təlimatda ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək icra nümayəndəliyinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı, yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın aparılması “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə» Təlimatına əsasən həyata keçirilir və həmin təlimatda vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışların təqdim olunması zamanı göndərildiyi ünvanın qeyd olunmasına dair tələb nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı mübahisəyə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən də yanaşılmalıdır. Belə ki, X1rşı işdə (Gaskin v. the United Kingdom) Məhkəmə şəxsin öz mənşəyi barədə məlumatları əldə etməsini tənzimləyən aşağıdakı rəhbər prinsipi elan etdi: ... hər bir insan fərd olaraq kimliyi barəsində ətraflı məlumat almaq imkanına malik olmalıdır. Bununla belə, X4 Məhkəməsinin dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Goranboy rayon İcra Hakimiyyəti başçısının Muzdurlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı müvafiq zəruri inzibati icraatı aparmaqla arayışın verilməsinə dair öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Goranboy rayon İcra Hakimiyyəti başçısının Muzdurlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı zəruri inzibati icraatı aparmaqla müvafiq arayışın verilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar