Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2682/2021 29.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bərdə regional ərazi şöbəsinə qarşı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bərdə regional ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 12.11.2021-ci il tarixli, ******* nömrəli protokol əsasında qəbul olunmuş 22.11.2021-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu ərazisində yerləşən qardaşına məxsus fermada cavabdeh orqan tərəfindən yoxlama keçirilmiş, onun işçtirakı olmadan X1 192.1-ci maddəsinə müvafiq olaraq 3000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan 26.11.2021-ci il tarixdə poçt vasitəsi ilə ünvanına göndərilən zaman xəbər tutmuşdur. Protokol iştirakı olmadan tərtib olunmuş, imzası və ya onun şəxsiyyətini təsdiq edən hər hansı bir sübut yoxdur. Barəsində qəbul olunmuş qərar əsassız və qərəzli olaraq qəbul edildiyindən ləğv edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıdakılara görə iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06.10.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. İnzibati xətalardan irəli gələn və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən münasibətlər də publik hüququn bir hissəsidir. Bu göndərici normanın İPM-in 2.1-ci maddəsində əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olardı. Lakin inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinə müvafiq olaraq barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 431.1.3-cü maddəsinin tələblərinə əsasən isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə tərəfindən aidiyyətı olmayan mübahisələrə əsassız baxılması qanunsuz qərarların çıxarılmasına səbəb olur. Məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun mübahisəni həll etməlidir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati orqanın publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr baxmalı olduğu halda, inzibati xətalar haqqında işlər üzrə şikayətlərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1 və 44-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələr və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayətə inzibati icraat qaydada baxılmadığı üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ım: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bərdə regional ərazi şöbəsinə qarşı “12.11.2021-ci il tarixli porotokol əsasında qəbul edilmiş 22.11.2021-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2682/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2682/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver