Məhkəmə qərarları › İş №2-1(114)-2685/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2685/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2685/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə, 1978-1996-cı illərə kimi və xx.xx.1998ci ildən xx.xx.2004-cü ilə kimi əmək stajını qəbul edərək sosial sığorta statusunun verilməsi vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1998-ci ildən xx.xx.2004-cü il tarixədək Kommunal Müəssisələr Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 17 gün) keçmiş sovet silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 1996-cı ilədək (19 il) sabiq “Qələbə” kolxozunda avtomaşın sürücü işləmişdir. xx.xx.1998-ci il tarixdən (əmr 43) xx.xx.2004-cü il tarixədək (əmr 23) (5 il 11 ay 12 gün) Gədəbəy Kommunal Müəssisələri Kombinatında fəhlə işləmişdir. Cəmi iş stajı 26 il 11 ay 29 gün təşkil edir. O, bununla bağlı ƏƏSMN tabeliyində DSMF-nin 19 saylı Regional Ərazi Filialına ərizə ilə müraciət etmiş, aidiyyəti üzrə Mərkəzdə baxılmış və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan onun Gədəbəy Kommunal Müəssisələri Kombinatında işlədiyi illəri nəzərə almamışdır. Belə ki, həmin dövrə dair əmək haqqı cədvəlləri Mərkəzi Arxivə təhvil verilmədiyi üçün, onun hüquqları pozulmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 08 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixə kimi hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 19 il 11 ay 29 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 11 ay 29 gün sığorta stajına uyğun olaraq 15180,43 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2022-ci il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum pensiya təminatı isə 240 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Kommunal Müəssisələr” kombinatındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 xx.xx.2022-ci il tarixli aktına əsasən “Kommunal Müəssisələr” kombinatının 2006-cı il tarixə kimi əməkhaqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunmadığından xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 198 nömrəli arayışı, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti və xx.xx.2022-ci il tarixli, 71 nömrəli məktubu, iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, AZE ******* nömrəli və xx.xx.1956-cı il tarixli, ******* nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu, xx.xx.1998-ci il tarixli, 43 nömrəli və xx.xx.2004-cü il tarixli, 23 nömrəli əmrlərin təsdiqlənmiış surətləri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-4339 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gədəbəy Rayon Dövlət Arxivində aparılmış qarşılıqlı yoxlama aktına əsasən həmin dövrlərə dair əmək haqqı cədvəlləri tapılmadığı üçün, söügedən illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi dövr iddiaçıya məxsus xx.xx.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasında, həmçinin Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan xx.xx.1998-ci il tarixli, 43 nömrəli və xx.xx.2004-cü il tarixli, 23 nömrəli əmrlərdə öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının və əmrlərin mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan xx.xx.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının, həmçinin Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan xx.xx.1998-ci il tarixli, 43 nömrəli və xx.xx.2004-cü il tarixli, 23 nömrəli əmrlərin təsdiqlənmiş surətlərindən məlum olur ki, İddiaçı 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyinə dair əmək kitabçasında və əmrlərdə göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi dövr (5 il 11 ay 11 gün) də daxil edilməklə, ümumilikdə (19 il kolxozda işlədiyi müddət və 2 il 16 gün hərbi xidmət müddəti) 26 il 11 ay 27 gün sığorta stajı tamam olur və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 02 noyabr 1998-ci ildən 13 oktyabr 2004-cü il tarixədək Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar