Məhkəmə qərarları › İş №2-1(114)-2687/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2687/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2687/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı icarə müqaviləsi bağlanması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Keçili bələdiyyəsinin mülkiyyətində olan, “Çayqara” adlanan ərazidə yerləşən 5,00 ha örüş təyinatlı torpaq sahəsinin icarəsinə verilməsinə dair onunla icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Şəmkir rayonun Keçili kəndinin “Çayqara” adlanan ərazisində yerləşən 11,00 ha örüş təyinatlı torpaq sahəsini Bələdiyyə ilə aralarında olan müqavilə əsasında icarəyə götürmüşdür və faktiki olaraq istifadə etməkdədir. Bundan əlavə həmin sahəyə bitişik olan 3,06 ha sahənin icarəsinə verilməsinə dair cavabdehin keçmiş rəhbərliyi ilə aralarında icarə müqaviləsi bağlamışlar. Həmin vaxtdan sözügedən sahələrə bitişik olan 5,00 ha örüş təyinatlı torpaq sahəsi də faktiki olaraq onun istifadəsindədir. Ancaq, ümumilikdə 19 ha olan həmin torpaq sahəsinin 3,06 ha hissəsi çıxıldıqdan sonra qalan hissəsinin torpağı qum-çınqıl tərkibli olmasına görə 1977-1982-ci illərdə X3 Stansiyasının tikintisi ilə əlaqədar xammal kimi ekskavatorlarla qazılıb həmin tikintiyə daşınmış, nəticədə həmin 16,00 hektar ərazidə dərin, piyada keçilməsi mümkün olmayan çala əmələ gəlmişdir. Ona görə sənəd üzrə həmin 11,00 ha+5,00=16 ha torpaq sahəsi Keçili Bələdiyyəsinin balansında örüş təyinatı ilə qeyd edilməsinə baxmayaraq reallıqda dərin çala kimi mövcud olmuş və vətəndaşlar tərəfindən örüş kimi istifadəsi mümkün olmamışdır. Ona görə iddiaçı rəsmi olaraq həmin sahənin 11,00 ha və 3,06 ha hissələrini örüş təyinatı ilə icarəyə götürmüşdür. Ancaq həmin çaladan ibarət olan sahəyə su doldurmaqla süni göl yaratmışdır və həmin göldə balıq yetişdirməklə məşğuldur. Ona görə ümumi sahəsi 19 ha olan həmin sahənin 11,00 və 3,06 na hissələri rəsmi olaraq icarəsində olmasına, qalan 5,00 həssəsinin də uzun müddət heç bir etirazlar olunmadan faktiki istifadəsində olmasına görə 5,00 ha hissəsinə dair Keçili Bələdiyyəsi ilə aralarında icarə müqaviləsinin bağlanması təklifi ilə dəfələrlə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Göstərilən hüquq normalarının tələbinə əsasən hesab edirəm ki, hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı icarə müqaviləsi bağlanması tələbinə dair iş üzrə iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar