Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2689/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı onun hüquqlarını pozan, hərəkət azadlığını məhdudlaşdıran, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə öz qərarlarını aradan qaldırmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, Nazirlər Kabinetinin inzibati qərarı Konstitusiyaya uyğun olmadığından və nəticə etibarı ilə onun hüquqları pozulduğuna görə bu inzibati aktların ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun hüquqlarını pozan, hərəkət azadlığını məhdudlaşdıran, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə öz qərarlarını aradan qaldırmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, Nazirlər Kabinetinin inzibati qərarı Konstitusiyaya uyğun olmadığından və nəticə etibarı ilə onun hüquqları pozulduğuna görə, bu inzibati aktların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ölkədəki bütün normal irəliləyişlərə və insanların real həyatında hiss edilməyən pandemiyaya və ölkə daxilində olmayan karantin rejiminə baxmayaraq, quru sərhədləri bağlı saxlanılmaqdadır. Ölkə daxilində sadəcə kağız üzərində olan pandemiya və karantin tədbiri yalnız quru sərhədləri üçün əsassız şəkildə tətbiq edilir. Azərbaycanın daxilindəki reallığa baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 28 fevral 2020-ci il tarixli 73-1 nömrəli qərarına əsasən ölkə daxilində quru sərhədləri ilə bağlı məhdudiyyətləri dəfələrlə uzatmışdır. Nazirlər Kabineti Baş nazir Əli Əsədov imzası ilə 2023-cü il 11 dekabr tarixində aldığı qərara əsasən, bu məhdudiyyətlər 2024-cü il aprelin 2-i saat 06:00-dək uzadılmışdır. 11 dekabr 2023-cü il 446-nömrəli qərardan sonra, Nazirlər Kabineti Baş nazir Əli Əsədovun imzası ilə quru sərhədlərinin bağlı saxlanılması və digər məhdudiyyətlərin vaxtının uzadılması ilə bağlı 11 mart 2024-cü ildə yeni qərar verdi. 11 mart 2024-cü il 131-nömrəİi Nazirlər Kabinetinin qərarına əsasən quru sərhədləri 1 iyul 2024-cü il saat 06:00-dək bağlı saxlanılacaq. Bu gün artıq bütün dünyada, qonşu dövlətlərdə və Azərbaycanda həyat həmişəki kimi, normal axarında davam edir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabineti vasitəsi ilə Azərbaycanın quru sərhədlərini bağlı saxlamaqda, qonşu dövlətlərlə gedişgəlişləri əngəlləməkdə davam edir. 4 ildən arıq bir zamandır ki, beynəlxalq insan hüquq və azadlıqları ilə bağlı normaların əksinə olaraq, Konstitusion qaydada təminat altına alınmış olan vətəndaş və insan hüquq və azadlıqlarının pozulması yoluyla, qanunlara uyğun olmayan formada inzibati qərarlar verilməkdədir. Azərbaycan Respublikası vətəndaşı kimi onun sərbəst hərəkət azadlığnın əksinə qərar verilməkdədir. Baş nazir vermiş olduğu qərarla Azərbaycan Respublikasının vətəndaşı olan onun hüquqlarını pozmaqdadır. Bu qərarın insan hüquq və azadlıqları təməlində heç bir əsası yoxdur və heç bir halda yol verilməzdir.
Əsaslandırma hissəsi:
3. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
4. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
5. İddia ərizəsindən məlum olduğu kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimi ilə bağlı qərarlarının (ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması) onun hüquqlarını pozduğunu və hərəkət azadlığını məhdudlaşdırdığını iddia edərək, bu inzibati aktların ləğv edilməsini tələb edir.
6. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları normativ hüquqi akt olmaqla, onların xüsusi ləğv qaydası müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını ləğv etmək səlahiyyətinə yalnız həmin orqan və Azərbaycan Respublikasının Prezidenti malikdir.
7. Normativ hüquqi aktların inzibati məhkəmə icraatı qaydasında ləğvi isə yolverilməzdir.
8. İnzibati məhkəmə icraatı qaydasında yalnız inzibati aktların mübahisələndiriləməsinə və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia qaldırıla bilər.
9. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu İ. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. İİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. İİİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. İV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İ. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. İİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 1.0. X1 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi qaydası 76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. 76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
11. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: 8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;...
12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
13. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
16. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva