Məhkəmə qərarları › İş №2-1(114)-269/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-269/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-269/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli sərəncamı ilə Xanlar rayon “Bağmanlar” sovxozunun örüş sahəsindən 40 hektar torpaq sahəsi ayrılaraq həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək, avtomobil dayanacağı və ictimai iaşə obyekti tikmək məqsədi ilə "xxxx" Kiçik Müəssisəsinə verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamı ilə Xanlar rayon Nərimanov adına sovxozun yararsız torpaq sahəsindən 0.90 hektar torpaq sahəsinin ayrılaraq ictimai iaşə obyektinin, avtomobillərə texniki xidmət sexinin və yanacaq doldurma məntəqəsinin tikintisi üçün "xxxx" Kiçik Müəssisəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi)15.10.2020-ci il tarixli **********11 nömrəli məktubunda “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət aktının ərazi idarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edildiyindən müraciətin icrasının mümkün olmadığı qeyd edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli və 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə "xxxx" Kiçik Müəssisəsinə verilmiş 40.90 hektar torpaq sahəsinə dair iddiaçı "xxxx" Kiçik Müəssisəsinə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Xanlar rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli və Xanlar rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə "xxxx" Kiçik Müəssisəsinə verilmiş 40.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli sərəncamı ilə “Bağmanlar” sovxozunun örüş sahəsindən 40 hektar torpaq sahəsi ayrılaraq həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək, avtomobil dayanacağı və ictimai iaşə obyekti tikmək məqsədi ilə "xxxx" Kiçik Müəssisəsinə verilmişdir. Eyni zamanda Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamı ilə Xanlar rayon Nərimanov adına sovxozun yararsız torpaq sahəsindən 0.90 hektar torpaq sahəsinin ayrılaraq ictimai iaşə obyektinin, avtomobillərə texniki xidmət sexinin və yanacaq doldurma məntəqəsinin tikintisi üçün "xxxx" Kiçik Müəssisəsinə verilmişdir. Daha sonra bu torpaq sahələri ilə bağlı "xxxx" Kiçik Müəssisəsinə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair R seriyalı 001515 nömrəli Dövlət aktı verilmişdir. 21.09.2020-ci il tarixdə iddiaçı "xxxx" Kiçik Müəssisəsi DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” 10.01.1997-ci il tarixli, 534 nömrəli fərmanına uyğun olaraq torpaq sahəsinə dair dövlət aktının yenisi ilə əvəz olunaraq və torpaq sahələrinin yerində sərhədlərinin müəyyən edilərək bu barədə müəssisəyə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Lakin sonuncu 15.10.2020-ci il tarixli, **********11 nömrəli məktubla müəssisənin müraciətinin icrasından imtina etmişdir. Məktubda göstərilmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət aktı ərazi idarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Cavabdehin imtina məktubu əsassızdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Göygöl rayonunda yerləşən Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti Başçısının 27.11.1996-cı il tarixli, 297 nömrəli və 23.06.1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə "xxxx" kiçik müəssisəsinə verilmiş 40.9 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi və sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətə əlavə edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət Aktının 3 saylı Gəncə Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edildiyindən müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında məhkəməyə ünvanlanan etiraz qeydləri ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2020-ci il tarixli **********11 nömrəli imtina məktubu; - Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli sərəncamının təsdiq edilmiş surəti; - Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamının təsdiq edilmiş surəti; - “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A 001515 nömrəli Dövlət aktının surəti; - Xanlar rayon Aqrar İslahat Komissiyasının 26.11.2001-ci il tarixli 17 nömrəli qərarının surəti; - Gəncə İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(114)-354/2021 nömrəli qərardadı; - Gəncə Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(104)-368/2021 nömrəli qərardadı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.08.2021-ci il tarixli 2-1(102)- 1288/2021 nömrəli qərarı. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından göründüyü kimi iddiaçı Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli və 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə "xxxx" Kiçik Müəssisəsinə verilmiş 40.90 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə öz növbəsində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə aid “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət aktının ərazi idarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığını əsas götürərək müraciətdən imtina etmişdir. Həmin imtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Göygöl rayonunda yerləşən 40.9 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli və 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə Xanlar rayon “Bağmanlar” sovxozunun örüş sahəsindən 40 hektar torpaq sahəsi, Xanlar rayon Nərimanov adına sovxozun yararsız torpaq sahəsindən 0.90 hektar torpaq sahəsi ayrılaraq "xxxx" Kiçik Müəssisəsinə verilmişdir. İddiaçının təqdim etdiyi “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət aktı da Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli sərəncamı ilə Xanlar rayon “Bağmanlar” sovxozunun örüş sahəsindən "xxxx" Kiçik Müəssisəsinə verilən 40 hektar torpaq sahəsi barəsində tərtib olunmuşdur. İş materiallarında olan Xanlar Rayon Aqrar İslahat Komissiyasının 26.11.2001-ci il tarixli, 17 saylı protokol-qərarından məlum olur ki, Bağmanlar toxumçuluq təsərrüfatının sərhədi daxilində 1749 ha torpaq sahəsindən 1126,7 ha, o cümlədən 887,6 ha əkinə, 13,15 ha dinc, biçənək, 3,0 ha çoxillik, 223 ha sair, bələdiyyə mülkiyyətində 240,1 ha, o cümlədən 62 ha əkin, bundan 42 ha ehtiyat fonduna, 20 ha kəndlərin perespektiv inkişafına, 79,8 ha örüş, 98,3 ha sair saxlanılmaqla 382,2 ha, o cümlədən həyatyanı torpaq sahəsinin, xüsusi mülkiyyətə 192,8 ha əkin sahəsinin, bundan 90,3 ha 298 nəfər Almədətli kənd sakinlərinə, hər birinə 0,30 ha olmaqla, 202,5 ha 1338 nəfər Quşqara kənd sakinlərinə, hər birincə 0,15 ha olmaqla bərabər şəkildə pay torpaq norması kimi verilməsi qərara alınmış, Bağmanlar toxumçuluq X5 İslahat Komissiyasının qərarı təsdiq edilmişdir. Həmin qərarla həmçinin təsərrüfatın ərazisində mövcüd olan fiziki və hüquqi şəxslərin o, cümlədən «Yaylaq» kooperativi, "xxxx" k/m-i, X8, X3, X6, X4, X1 fermer təsərrüfatlarının təsisçisi və işçilərinin sayına uyğun olaraq adambaşına düşəcək norma daxilində torpaq pay norması özlərində saxlanılmaqla artıq qalan torpaq sahəsi özəlləşdiriləcək torpaq sahələrinə qatılmaqla yanaşı ümumi püşk atma yolu ilə torpaq payı alacaq subyektlər arasında bölünməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materiallarından göründüyü kimi Xanlar (Göygöl) Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 1996-cı il tarixli, 297 nömrəli və 23 iyun 1997-ci il tarixli, 135 nömrəli sərəncamları ilə Xanlar rayon “Bağmanlar” sovxozunun örüş sahəsindən 40 hektar, Xanlar rayon Nərimanov adına sovxozun yararsız torpaq sahəsindən 0.90 hektar torpaq sahəsi ayrılaraq "xxxx" Kiçik Müəssisəsinə verilmiş, bununla bağlı iddiaçının adına “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A001515 nömrəli Dövlət aktı tərtib olunsa da, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 26.11.2001-ci il tarixli, 17 saylı protokol-qərarı ilə təsərrüfat ərazisində olan fiziki və hüquqi şəxslərin, o cümlədən "xxxx" Kiçik Müəssisəsinin təsisçisi və işçilərinin sayına uyğun olaraq adam başına düşəcək norma daxilində torpaq payı norması özlərində saxlanılmaqla artıq qalan torpaq sahəsi özəlləşdiriləcək torpaq sahələrinə qatılmaqla yanaşı, ümumi püşk atma yolu ilə torpaq payı alacaq subyektlərin arasında bölünməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(114)-354/2021 nömrəli qərardadından görünür ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı Xanlar Rayon Aqrar İslahat Komissiyasının 26.11.2001-ci il tarixli 17 saylı qərarının “Bağmanlar” sovxozu tərəfindən verilən və R seriyalı 001515 nömrəli Dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan 40,90 ha torpaq sahəsinin islahata daxil edilməsi hissəsində ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(104)-368/2021 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(114)-354/2021 nömrəli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.08.2021-ci il tarixli 2- 1(102)-1288/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(104)-368/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin iddia etdiyi 40,9 ha torpaq sahəsinin islahata daxil edilməsi ilə bağlı Xanlar Rayon Aqrar İslahat Komissiyasının 26.11.2001-ci il tarixli 17 saylı qərarı qüvvədə olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasina apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar