Məhkəmə qərarları › İş №2-1(114)-269/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-269/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-269/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin faktiki halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23.06.2004cü il tarixdə 254 nömrə ilə qeyd aparılmış, atası qrafasında azərbaycanlı - X9, anası qrafasında azərbaycanlı - X6 olmuşdur. İddiaçı hazırda Kəlbəcər rayonun Bağırlı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Göygöl rayonun Murovdağ qəsəbəsində yaşayır. İddiaçının atası X9 1993-cü ilin aprel ayında Kəlbəcər rayonun işğal olunması nəticəsində məcburi köçkün düşmüş və ona 16.05.2012-ci il tarixli qərara əsasən məcburi köçkün status verilərək AA seriyalı 264256 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçının anası X6 27.02.2020-ci il tarixdə Gürcüstan Respublikasının vətəndaşlığına keçmiş və ona 27.02.2020-ci il tarixdə Gürcüstan Respublikasının vətəndaşının pasportu verilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(040)-592/2020 nömrəli qətnaməsi ilə X9 ilə X6 arasında 24.12.2004-cü il tarixdə Kəlbəcər Rayon VVADQ şöbəsində 218 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş və nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından xx.xx.2002-ci ildə doğulmuş İddiaçı (bundan sonra mətndə - iddiaçı) və 30.08.2005-ci il tarixdə X4 ataları X5 yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə 15.12.2020-ci il tarixdə icra edilərək nikahın pozulması 49 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. Hazırda iddiaçı, atası və qardaşı hər biri 60 manat olmaqla, birlikdə 180 manat vahid aylıq yemək xərci alırlar. İddiaçı 20.12.2020-ci il tarixdə ərizə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) ərizə ilə müraciət edərək məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh 14.04.2021-ci il tarixli 02/393 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X6 işğal rayonunda qeydiyyatda olmadığından qeyd olunan Qaydaların tələblərinə əsasən ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün deyildir. İddiaçı tərəf: İddiaçı 12.11.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Atası X1 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün status olan şəxs kimi Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universiteti TTİ-nin binasında məskunlaşmışdır. İddiaçının atası ilə məcburi köçkün olmayan anasının nikahı 03.12.2020-ci il tarixdə pozulmuş və iddiaçı atasının himayəsində qalmışdır. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, anası hazırda işğal olunan ərazidə qeydiyyatda olmaması səbəbindən ona məcburi köçkün statusunun verilməsi mümkün deyildir. Hazırda iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Menencment fakultəsində 2-ci kursda təhsil alır və tək valideynli olduğu və atasının heç yerdə işləməməsi səbəbindən təhsil haqqını ödəyə bilmir. Faktiki olaraq məcburi köçkündür və məcburi köçkün üçün nəzərdə tutulan müavinəti alır. Məcburi köçkün vəsiqəsi olduğu təqdirdə təhsil haqqından azad olmaqla Universitetdən xaric edilməyəcəkdir. Hesab edir ki, valideynlərinin nikahının pozulması, anasının artıq Azərbaycan Respublikasından kənarda xarici vətəndaş kimi yaşamasına və atası X5 yanında saxlamağı barədə Kəlbəcər Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(040)-592/2020 nömrəli qətnaməsinin mövcudluğuna baxmayaraq, onun müvafiq vəsiqə ilə təmin olunması üçün anasının Kəlbəcər rayonuna qeydiyyata düşməsini tələb etmək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə ziddir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf: Cavabdeh iddiaya dair 16.12.2021-ci il tarixli etirazını təqdim etmiş və bildirmişdir ki, , iddiaçının sənədləri araşdırılan zaman atası X9 ilə X3 24.12.2004-cü il tarixdə nikaha daxil olması, lakin Kəlbəcər Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi ilə nikahın pozulması müəyyən edilmişdir. Qeyd olunur ki, X9 məcburi köçkün status və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X6 isə Gürcüstan Respublikasının vətəndaşıdır. İddiaçının anası işğal rayonunda qeydiyyatda olmadığı üçün məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından iddiaçıya məcburi köçkün verilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi isə imtina əsaslarını müdafiə edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AZ-İ seriyalı 442601 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İ seriyalı 353957 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surəti, Kəlbəcər Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(040)- 592/2020 nömrəli qətnaməsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Ağdaban kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 15.06.2021-ci il tarixli 108 nömrəli arayışı, 1/13-1087- 83 nömrəli yaşayış yeri haqqında arayış, Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısının 09.12.2020-ci il tarixli AQ-1/2357 nömrəli arayışının surəti, cavabdehin 14.04.2021-ci il tarixli, 02/393 nömrəli imtinasının surəti, AA0256775 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, pasportun surəti, AA seriyalı 264256 nömrəli vəsiqənin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; ; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusunun verilməsi üçün şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın – bundan sonra mətndə Qaydalar (dövlət qeydiyyatına 05.06.2013-cü ildə 0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin faktiki hallarından görünür ki, iddiaçının atası X9 2012-ci ildən məcburi köçkün statusuna malikdir və 2002-ci il təvəllüdlü övladı onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İş materiallarına əlavə edilmiş, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Ağdaban kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 15.06.2021-cu il tarixli məktubundan görünür ki, İddiaçı nümayəndəliyin Bağırlı kəndində daimi qeydiyyatdadır. Məcburi köçkündür. Ailə üzvləri atası X9 və qardaşı X10 ilə hər biri 60 manat olmaqla, 180 manat aylıq yemək xərci alırlar. Beləliklə, məktubun məzmunundan görünür ki, iddiaçı yemək xərci siyahılarına salınaraq onlara yemək xərci ödənilir. Hazırkı mübahisədə həqiqətən şəxsin Qaydaların 4.1.6-cı maddəsində nəzərdə tutulmuş, hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması şərti mövcud deyildir. Məhkəmənin qənaətinə görə konkret bu halda, yəni şəxsin himayəsində qaldığı atası artıq məcburi köçkün statusuna malik olduğu halda, onun digər valideyni olan anasının isə özündən asılı olmayan səbəbdən digər ölkənin vətəndaşı olması ona (iddiaçıya) məcburi köçkün statusu verilməsinə əngəl törətməməlidir. Ona görə ki, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş hüquqi aktların tələblərinin tətbiq edilməlidir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın (dövlət qeydiyyatına 2002-ci ildə 27440 nömrə ilə alınmışdır) “İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölməsinin 4.6-cı bəndinə əsasən məcburi köçkün statusu olan, valideynlərinin keçmiş nigahından doğularaq onların himayəsində olan uşaq kimi müvafiq yemək xərcini almaqla artıq məcburi köçkün kimi qeydiyyata alınmış və onun faktiki olaraq məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verilmişdir. Cavabdehin istinad etdiyi Qaydaların (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrəsi ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Bu həm də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır). “Qaydalar” ailənin digər üzvünün (konkret halda himayəsində olduğu atasına) məcburi köçkün statusunin qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə də həmin kateqoriyaya aid olan şəxslər üçün də bu imkanı nəzərdə tutmalıdır. Bu baş vermədiyi halda isə şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlayışlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericiliklə müəyyən əsasa malik olmalıdır. Həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və bunun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimlənməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Məhkəmənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarından gəldiyi nəticə ondan ibarətdir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (ata ilə onun himayəsində olan oğula) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar