Məhkəmə qərarları › İş №2-1(114)-269/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-269/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-269/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2023-cü il qiymətləndirməsinə dair qərarın ləğv edilməsi və tibbi-sosial ekspertiza keçirilərək əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazu said və əlin odlu silah yaralanmasından sonrakı çapıqlar. Saidin aşağı 1/3-də yumuşaq toxumada çoxsaylı müxtəlif ölçülü metal qəlpələr yad cisimlər” diaqnozu ilə müayinə və müalicə olunur. Xəstəliyinin müayinə və müalicəsi, səbəb əlaqəsinin müəyyən edilməsi üçün çoxsaylı müalicədə olmuşdur. Müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazu said və əlin odlu silah yaralanmasından sonrakı çapıqlar. Saidin aşağı 1/3-də yumuşaq toxumada çox saylı müxtəlif ölçülü metal qəlpələr yad cisimlərə göstərmişlər. İndiyədək dəfələrlə cavabdehə etsə də, hər dəfə də canlı (onlayn) müayinədən keçsə də xx.xx.2023-cü ildə sonuncu müayinəyə dair onun barəsində “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və bununla da hüquqları pozulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 35 vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Tərtər rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4384003AAC7A nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 204 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ yuxarı ətrafın güllə yaraları, yad (metal qırıntısı) cisimlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı onurğadan əməliyyat olduğunu ifadə olmuş, hər iki saidin orta və sağ bazunun yuxarı 1/3-də çapıqlar izlənilmiş, nevroloji statusunda yaşa uyğun dəyişikliklər müəyyən olunmuş, Romberqdə dayanıqsız, reflekslər canlı çağrılır, əzələ gücü, tonusu normal, Laseq, Neri simptomları müsbət, meningil əlamətlər mənfi, iflic, parez aşkar edilməmiş, radikulopatiya əlamətləri müəyyən olunmuş, hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş AR İTS “TƏBİB” PHŞ ETTOİ xx.xx.2019cu il 2528 nömrəli Arayışda qeyd olunan diaqnoz əyani baxış zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 20 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. İddiaçı əlillik vəziyyəti DTSERA-da 031900ЗААЈU2 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 204 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ yuxarı ətrafın güllə yaraları, yad (metal qırıntısı) cisimlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” alınmışdır kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı onurğadan əməliyyat olduğunu ifadə olmuş, hər iki saidin orta və sağ bazunun yuxarı 1/3-də çapıqlar izlənilmiş, nevroloji statusunda yaşa uyğun dəyişikliklər müəyyən olunmuş, Romberqdə dayanıqsız, reflekslər canlı çağrılır, əzələ gücü, tonusu normal, Laseq, Neri simptomları müsbət, meningil əlamətlər mənfi, iflic, parez aşkar edilməmiş, radikulopatiya əlamətləri müəyyən olunmuş, hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, şəkərli diabet xəstəliyindən, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ bazunun yuxarı 1/3-də və sağ saidin aşağı 1/3-də çapıq toxumalar izlənilmiş, sağ dizində reflekslər canlı alınmış, sağ axil abs, əzələ gücü və tonus normal, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst müşahidə edilmişdir. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2019-ci il tarixli 2528 nömrəli arayışında diaqnoz “Sağ bazu said və əlin odlu silah yaralanmasından sonrakı çapıqları, saidin aşağı 1/3-də yumşaq toxumalarda çoxsaylı müxtəlif ölçülü metallik (qəlpə) yad cismləri. Sağ əlin İV daraq sümüyünün artrofik, İV barmağın amputasiyası, ağrı sindromu ilə. Diskogen bel-oma radikulopatiyası. Sağ aşağı ətrafın süst monaparezi. Diskoektaziya əməliyyatından sonrakı vəziyyət. Sağ ətrafda dirsək sinirinin travmatik neyropatiyası. Xroniki hepatoxolesistit, xroniki hiperasidgastrit” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2019-cu il tarixli 3630 nömrəli epikrizdə diaqnoz: “Diskogen bel-oma radikulopatiyası L4-L5 intervertebral diskin sağa paroksizmal yırtığı. Diskektomiya əməliyyatından sonrakı vəziyyət. Sağ aşağı ətrafın süst monoparezi. Sağ yuxarı ətrafda dirsək sinirinin travmatik neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 204 nömrəli qərarının surəti, xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların surəti, xx.xx.2018, xx.xx.2022, və xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə nəticələrinə dair çıxarışlar və 30 oktyabr 2023-cü il tarixli, T 775/2023 nömrəli ekspert rəyi əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı X1 ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, T 775/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.4-Sağ bazu, said və əlin odlu silah yaralanmasından (1992) sonrakı çapıqlar. Saidin aşağı 1/3-də yumşaq toxumada çoxsaylı müxtəlif ölçülü metal (qəlpələr) yad cismlər. Ağırlaşma: L91.0-Sağ yuxarı ətrafında yumşaq toxumalarda odlu silah yaralanmasından sonda çapıqlar. M79.5-Sağ saidin aşağı 1/3-də yumşaq toxumada çoxsaylı müxtəlif ölçülü metal (qəlpələr) yad cismlər. S68.1-Sağ əlin İV barmağın travmatik amputasiyasından sonrakı güdülü. R52.2-Daimi ağrı sindromu. M24.5-Sağ yuxarı ətraf oynaqların kontrakturası (açma 180dər, bükmə 90 dər), M62.5-Əzələlərin atrofiyası. M54.1-Diskogen beloma radikulopatiyası. Ç83.1-Sağ aşağı ətrafın neyropatiyası. Z98.8- L4-L5 intervertebral diskin sağa foraminal yırtığı, diskektomiya əməliyyatından sonrakı hal.” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərindən birinə aid etmək mümkün olmadı. Qeyd edilən diaqnozla əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkarlanmamışdır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar