Məhkəmə qərarları › İş №2-1(114)-269/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-269/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-269/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı Nurəddin qızı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nurəddin qızının (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs X10 və X12) qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Samux şəhərində yerləşən 0,08 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ ilə İddiaçı Nurəddin qızının adına qeydə alınmışdır. İddiaçı Nurəddin qızının mülkiyyətində olan Samux şəhərində yerləşən 0,08 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixində A№236924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Rüstəmova X9 şəhərində yerləşən **********24 reyestr nömrəli çıxarışla verilmiş 0.08 ha torpaq sahəsinin koordinat nöqtələrinin yerinin göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2022-ci il tarixli **********764 nömrəli imtina məktubundan görünür ki, Samux şəhərində yerləşən **********24 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi xüsusi mülkiyyətdə olan JN-1296 və JN-1297 nömrəli Dövlət aktları ilə verilmiş torpaa sahələri (əkin) ilə üst-üstə düşdüyündən torpaq sahəsinin koordinat nöqtələrinə dair yerinin göstəriiməsi mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluq olduğuna görə, həmin torpaq sahəsinin kordinat nöqtələrinə dair yerinin göstərilmə planı və ölçüsü sənədində düzəliş edilməsi, torpaq sahəsinin kordinat nöqtələrinə dair yerinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Gəncə şəhəri 5 saylı Notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-721 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən X6 ona məxsus olan 0.5167 ha torpaq sahəsinin 0.08 ha hissəsini İddiaçı Nurəddin qızına satmışdır. Həmin müqavilə əsasında bölgü planı tərtib edilmişdir. Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsinə dair İddiaçı Nurəddin qızının adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilmişdir. Samux rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0.25 ha torpaq sahəsinə dair X7 adına JN-1297, KOD 50701006 saylı, xx.xx.1998-ci il tarixli, 1297 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən Samux rayonun Nəbiağalı qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsinə dair X4 və X2 adlarına xx.xx.1998-ci il tarixli, 1296 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hal-hazırda Samux rayonun Nəbiağalı qəsəbəsində yerləşən 0.4958 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış əsasında X5 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.xx.xx.2018-ci il tarixli, **********24 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A- 236924 nömrəli plan və ölçü sənədinə əsasən, İddiaçı mülkiyyətində olan 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 15.0 kv.m hissəsinin JN-1296, 320.0 kv.m isə JN-1297 nömrəli Dövlət Aktında göstərilən sahə ilə üst-üstə düşmə halı aşkarlandı.

2. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********94 reyestr nömrəli Çıxarış sənədlərinə dair plan və ölçü sənədləri, arxiv sənədləri və daxil olmuş iş materiallarında aşkarlanmadığından qərardadın digər suallarının cavablandırılması mümkün olmamışdır. 3.Rəy hazırlanarkən, xx.xx.2018-ci il tarixli, **********24 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-236924 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) əsaslanılmışdır. İddiaçı Nurəddin qızı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında gəlmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Nurəddin qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, A№ 236924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində və faktiki istifadəsində olan 465 kv.m torpaq sahəsinə yeni torpaq sahəsinin planı və ölçüsü sənədiin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı inzibati mübahisə A№ 236924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində və faktiki istifadəsində olan 465 kv.m torpaq sahəsinə yeni torpaq sahəsinin planı və ölçüsü sənədiin verilməsindən ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bir çox məhkəmə qərarlarında bu növ işlərlə bağlı qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Belə ki, mütəxəssis rəyi ilə də müəyyən edilir ki, iddiaçının yeni torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməsini tələb etdiyi 465 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində və istifadəsindədir, hər hansı üçüncü şəxslə üst-üstə düşmə mövcud deyildir. Məhkəmə hesab edir ki, A№ 236924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Nurəddin qızının mülkiyyətində və faktiki istifadəsində olan 465 kv.m torpaq sahəsinə yeni torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq iddiaçıya verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. A№ 236924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Nurəddin qızının mülkiyyətində və faktiki istifadəsində olan 465 kv.m torpaq sahəsinə yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar