Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2690/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş uşağını 8 yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş uşağının 8 yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 473 nömrəli arxiv arayışında göstərilmişdir ki, İnəkboğan kənd X4 Təsərrüfatbaşına kitablarına əsasən İddiaçı 1980-ci il tarixdən 1995-ci il tarixədək “Frunze” adına kolxozda kolxozçu işləmişdir.
2. Gədəbəy Rayon Dövlət X1 xx.xx.2023-cü il tarixli 3-18-178/2-C-308/2023 nömrəli arayışından görünür ki, həqiqətən 05 iyul 1995-ci ildə Gədəbəy rayon İnəkboğan kəndinin sabiq “Frunze” adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi X6 xx.xx.2023-cü il tarixli arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1980-1985-ci illər üzrə və 1986-1995-ci illər üzrə "Frunze" adına kolxozda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Qazax-Tovuz regional filialının Gədəbəy Rayon Dövlət Arxivi ilə birgə etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən "Frunze" adına kolxozun protokol kitabları və hesab kitabları Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin siyahısında aşkar olunmadığından 1980-1985-ci illər və 1986-1995-ci illər üzrə əmək fəaliyyəti dövrlərini araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilmir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, onun qanunvericiliklə təsdiq olunmuş sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyi tələbləri baxımından mümkün hesab edilməyib. Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiya olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır.
4. Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 55 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan İnəkboğan kənd X4 Təsərrüfatbaşına kitablarında İddiaçı qeydiyyatda olduğu təsərrüfatda “İşlədiyi yer” və “vəzifəsi və ya gördüyü iş” qrafasında qeydlər aparılmışdır. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı sənədlərini toplayıb Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına təqdim təqdim etmişdir. Ərizəsinə və sənədlərinə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, onun sabiqdə İnəkboğan kəndində fəaliyyət göstərmiş "Frunze" adına kolxozda 1980-1985-ci illərdə və 1986-1995-ci illərdə kolxozçu işləmişdir. xx.xx.1995-ci il tarixdə "Frunze" adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermiş və binada olan sənədlər yanıb məhv olmuşdur. Ona görə də onun həmin kolxozda kolxozçu kimi işləməyinə dair kolxozun əmir kitabları və protokol kitabları Gədəbəy rayon Dövlət arxivinə təhvil verilməmişdir. Lakin onun "Frunze" kolxozunda kolxozçu kimi işləməyinə dair Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 473 saylı arxiv arayışında öz əksini tapmışdır. Ona yazılmış məktubda qeyd edilmişdir ki, onun penisya təyinatı məsələsinə yəni onun 1980-1985-ci illərdə və 1986-1995-ci illərdə kolxozçu işləməyini təstiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına təqdim etdikdən sonra baxıla bilər." Bildirmək istəyir ki, o, 1980-1985-ci illərdə və 1986-1995-ci illərdə sabiqdə fəaliyyət göstərmiş "Furenze" adına kolxozda kolxozçu işləmişdir. Beləliklə, o, 16 il işləmiş və staj qazanmışdır. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi onun 1980-1985-ci illərdə və 1986-1995-ci illərdə sabiqdə fəaliyyət göstərmiş "Frunze" adına kolxozda kolxozçu işlədiyi illəri (ümumilikdə 16 ili) mənim sosial sığorta slajina hesablamalı və ona əmək pensiyası təyin etməlidir. Belə ki, onun kolxoz binasının yanması və həmin illərdə işlədiyini təsdiq edən arxiv arayışı vardır. Cavabdeh təşkilatın bundan imtina etməsi üçün heç bir qanuni əsası yoxdur.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın adının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qeyd edilməklə, 1980-1985-ci və 1986-1995-ci illlərdə Gədəbəy rayonu “Frunze” adına kolxozda işlədiyi əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 55 yaşından 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş uşağını 8 yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
10. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçı məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi X5 məhkəmə hazırlıq iclasında iddiaya etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
13. Cavabdeh tərəfindən məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 3-cü bəndi).
Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
16. İddiaçı hazırki tələbində 1980-1985-ci və 1986-1995-ci illlərdə Gədəbəy rayonu “Frunze” adına kolxozda işlədiyi əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 55 yaşından 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş uşağını 8 yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
17. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
21. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçası, dövlət arxivinin arayışları və ya digər mötəbər sübutlar əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur.
22. Hazırki işdə iddiaçı 1980-ci il tarixdən 1995-ci il tarixədək “Frunze” adına kolxozda kolxozçu işlədiyini təsdiq edən sübut kimi Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 473 nömrəli arxiv arayışını təqdim etmişdir ki, həmin sənəd təsərrüfatbaşına kitabda aparılan qeydlər əsasında tərtib edilmişdir.
23. Təsərrüfatbaşına kitabdakı qeyd isə iş stajını təsdiq edən sübut sayıla bilməz.
24. Qanunvericiliyin tələblərinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.
25. İş materiallarında olan Gədəbəy Rayon Dövlət X1 xx.xx.2023-cü il tarixli 3-18- 178/2-C-308/2023 nömrəli arayışından görünür ki, həqiqətən 05 iyul 1995-ci ildə Gədəbəy rayon İnəkboğan kəndinin sabiq “Frunze” adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur.
26. Bu halda iddiaçı hüquqi marağına uyğun olaraq 1980-ci il tarixdən 1995-ci il tarixədək “Frunze” adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmalıdır. Lakin, bu cür iddialara xüsusi icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxıldığından və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə uyğun olmadığından hazırkı tələbə inzibati icraat qaydasında baxıla bilməz.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
28. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
29. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva