Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2694/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X5 və İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar X5 və İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2020-ci il tarixli 87 nömrəli arayışına əsasən X5 ilə İddiaçı xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2002-ci il tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir.
2. xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında Vİ-БА 868549 nömrəli şəhadətnaməyə əsasən X4 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk Vilayəti, Krasnoyarsk şəhərində anadan olmuş və bu barədə Krasnoyarsk şəhəri, Tsentralnıy rayonu üzrə Krasnoyarsk diyarı administrasiyasının VVADQ agentliyinin ərazi şöbəsində xx.xx.2007-ci il tarixdə 244 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur.
3. X3 məxsus AZE seriyalı 11949562 nömrəli şəxsiyyət vəsiqəsində onun doğum yeri Rusiya Federasiyası, Krasnoyarsk şəhəri kimi qeyd edilmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli 812 nömrəli arayışına əsasən X4 xx.xx.2007-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olmuş və bu barədə Tovuz rayon Alakol kənd icra nümayəndəliyində xx.xx.2007-ci il tarixdə 49 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilmişdir.
5. İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin şöbənin xx.xx.2024-cü il tarixli 55 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Tovuz rayon Alakol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə X3 tərtib edilmiş 49 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi Cavabdehndə mümkün olmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
6. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum akt qeydində X4 xx.xx.2007-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olduğu göstərilmişdir.
7. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-2653/2024 nömrəli məktubu ilə xx.xx.1974-cü il təvəllüdlü Ələkbərov VüqarVəli oğlunun, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı və xx.xx.2007-ci il təvəllüdlü Ələkbərova (Alekperova) Əsmər Vüqar qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 1) X4: xx.xx.2007 – Giriş xx.xx.2007 - Çıxış Giriş qeydə alınmayıb xx.xx.2008 - Çıxış 2) İddiaçı: xx.xx.2006 - Çıxış xx.xx.2007 - Giriş xx.xx.2007 – Çıxış xx.xx.2008 – Giriş xx.xx.2008 - Çıxış 3) X5: xx.xx.2006 - Çıxış xx.xx.2006 Giriş xx.xx.2006 – Çıxış xx.xx.2008 – Giriş xx.xx.2008 - Çıxış Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 barəsində 0.09.2007-ci il tarixdə Alakol kənd icra nümayəndəliyi tərəfindən 49 nömrəli doğum haqqında akt əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə rəsmi qaydada evlənib ailə qurmuşlar. Ailə qurduğdan sonra onlar əri Əsgərov Vüqarla birlikə müvvəqəti olaraq X1 vilayətində yaşamışlar. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Əsmər adlı uşaqları anadan olmuşdur və ona Rusiya Federasiyası Krasnoyarsk Vilayətinin VVAQ Agentliyinin ərazi bölməsinin Krasnoyarsk şəhərinin mərkəzi rayonundan xx.xx.2007-ci il tarixdə doğum şəhadətnaməsi alınmışdır. Sonradan o, uşaqları ila birlikdə Azərbaycana qayıtmışdır və Əsmər adlı uşağına xx.xx.2016-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda qızı Əsmərin şəxsiyyət vəsiqəsini dəyişdirərkən məlum olmuşdur ki, onun doğumu barədə xx.xx.2007-ci il tarixdə Alakol kənd icra nümayyəndəliyi tərəfindən 49 N-li doğum haqqında akt qeydi tərtib edilmişdir, yəni ona təkrar doğum haqqında şəhadətnamə verilmişdir. Hər iki şəhadətnamədə Əsmərin doğum tarixi eyni göstərilmişdir. Lakin Cavabdeh tərəfindən tərtib edilmiş doğum şəhadətnaməsindən onların xəbəri olmamışdır. Qeyd edir ki, Əsmərə verilmiş şəxsiyyət vəsiqəsində onun doğum yeri Rusiya Federasiyası göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş şəhadətnamədən onun xəbəri olmayıb və həmin şəhadətnamə sonradan verilmişdir. Qızı Əsmərə yenidən şəxsiyyət vəsiqəsi alarkən baza məlumatlarından 2 ədəd doğum şəhadətnaməsi olduğu üçün vəsiqə almaq mümkün olmur. Tərəfindən doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin Tovuz Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qəradadı ilə iddia ərizəsinin qəbulundan iddianın inzibati mübahisə predmenti olmasını əsas gətirərək, yolverilməzliyə görə imtina etmişdir. Ona görə də təkrar verilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixdə Tovuz rayonu Alakol kənd nümayəndəliyi tərəfindən 49 nömrəli doğum haqqında akt əsasında verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdehin yerləşdiyi yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
17. Məhkəmə tərəfindən yardım edildikdən sonra iddiaçılar İddiaçı və X5 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, övladları xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 barəsində xx.xx.2007-ci il tarixdə Alakol kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 49 nömrəli doğum haqqında akt qeydinin ləğv olunaraq, həmin akt əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və üçünü şəxs məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. İddiaçı məhkəmənin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Üçüncü şəxs X4 məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh xx.xx.2020-ci il tarixli 87 nömrəli arayışı; - xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında Vİ-БА 868549 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 812 nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 55 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum akt qeydi; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-2653/2024 nömrəli məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. İş materialları ilə müəyyən olunur ki, X5 ilə İddiaçı xx.xx.2002-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur.
28. X2 doğumu barədə Krasnoyarsk şəhəri, Tsentralnıy rayonu üzrə Krasnoyarsk diyarı administrasiyasının VVADQ agentliyinin ərazi şöbəsində xx.xx.2007-ci il tarixdə 244 saylı doğum haqqında akt qeydi tərtib olunmuş və xx.xx.2007-ci il tarixdə bu barədə doğum haqqında Vİ-БА 868549 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X2 doğum yeri Rusiya Federasiyası, Krasnoyarsk Vilayəti, Krasnoyarsk şəhəri kimi qeyd edilmişdir.
29. Eyni zamanda, X2 doğumu Tovuz rayon Alakol kənd icra nümayəndəliyində xx.xx.2007-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmiş və bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. Həmin akt qeydində X2 doğum yeri Tovuz rayonu, Alakol kəndi kimi qeyd edilmişdir.
30. Göründüyü kimi, hazırda X2 barəsində iki doğum haqqında akt qeydi mövcuddur - Rusiya Federasiyası Krasnoyarsk şəhəri, Tsentralnıy rayonu üzrə Krasnoyarsk diyarı administrasiyasının VVADQ agentliyinin ərazi şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Vİ-БА 868549 doğum haqqında şəhadətnamədə doğum yeri “Rusiya Federasiyası Krasnoyarsk şəhəri” yazılmış, lakin Tovuz rayon Alakol kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum akt qeydində doğum yeri “Tovuz rayonu, Alakol kəndi” kimi yazılmışdır.
31. Hazırda iddiaçılar qeyd olunan sənədlər arasında uyğunsuzluq olduğunu və uşaqlarının faktiki olaraq Rusiya Federasiyası, Krasnoyarsk şəhərində doğulduğunu əsas gətirərək, Tovuz rayon Alakol kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasını və onun əsasında verilən doğum haqqında şəhadətnamənin etibarsız sayılmasını xahiş edirlər.
32. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
33. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.
34. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-2653/2024 nömrəli məktubu ilə xx.xx.1974-cü il təvəllüdlü Ələkbərov VüqarVəli oğlunun, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı və xx.xx.2007-ci il təvəllüdlü Ələkbərova (Alekperova) Əsmər Vüqar qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar əsasında müəyyən edilir ki, X2 doğulduğu xx.xx.2007-ci il tarixdə atası X5 və anası İddiaçı Azərbaycan Respublikasında olmamışlar. Belə ki, X5 xx.xx.2006-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2008-ci il tarixdə geri qayıtmış, İddiaçı isə xx.xx.2006-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2007-ci il tarixdə geri qayıtmışdır. Həmçinin, X4 ilk dəfə ölkə ərazisinə xx.xx.2007-ci il tarixdə giriş etmişdir.
35. Bu isə X2 Tovuz rayonu, Alakol kəndində deyil, Rusiya Federasiyası Krasnoyarsk şəhərində doğulduğunu təsdiq edir və Rusiya Federasiyası Krasnoyarsk şəhəri, Tsentralnıy rayonu üzrə Krasnoyarsk diyarı administrasiyasının VVADQ agentliyinin ərazi şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Vİ-БА 868549 doğum haqqında şəhadətnamənin etibarlılığına dəlalət edir.
36. Məhkəmə qeyd edir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.
37. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
38. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
39. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur).
40. İddiaçıların övladları da Rusiya Federasiyasının Krasnoyarsk şəhərində doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda isə yenidən qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır.
41. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh Tovuz rayon Alakol kənd icra nümayəndəliyi tərəfindən X2 Tovuz rayonu, Alakol kəndində doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamış və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamə etibarsız olmuşdur.
42. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
43. Belə olan halda məhkəmə hesab edir ki, Tovuz rayon Alakol kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli və həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. Tovuz rayon Alakol kənd icra nümayəndəliyi tərəfindən X2 doğumu barəsində tərtib edilmiş xx.xx.2007-ci il tarixli 49 nömrəli doğum akt qeydi ləğv edilsin və həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva