Məhkəmə qərarları › İş №2-1(114)-2695/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2695/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2695/2023 23.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********3 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsi barədə” iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia müddətinin bərpası barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, qeyd olunan qərarlar ona rəsmi olaraq təqdim edilməmiş, qərarları şifahi məlumat əsasında əldə etmişdir. Həmçinin cavabdeh tərəfindən etiraza əlavə edilərək təqdim edilmiş qərarın oxunması ilə bağlı sənəd yalnız 19 senytabr 2022-ci il tarixli qərarın oxunması ilə bağlı olmuşdur. Buna baxmayaraq cavabdehin etirazına diqqət yetirsək o, yenə də 26 sentyabr 2022-ci il tarixdə qərarların ləğvi ilə bağlı müraciət etdikdə cavabdehin qeyd etdiyi müddəti ötürməmiş sayılır. Onun 26 sentyabr 2022-ci il tarixdə qərarların ləğvi tələbi ilə bağlı müraciətindən sonra məhkəmə iclası 30 mart 2023-cü ilə təyin edilmiş və iddianın mümkün sayılmaması barədə qərardadın məzmununda da göstərilir ki, formal xətanın aradan qaldırılmaması baxımından mümkünsüz sayılmışdır. Tərəfindən məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı müraciət edilsə də məhkəməyə müraciəti gec çatdığından məhkəmə tərəfindən iddia tələbi mümkünsüz sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin iddia ərizəsinin mümkünsüz sayılması barədə 30 mart 2023-cü il tarixli qərardadı ona rəsmi gəldikdən sonra o, ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və əlavə edilmiş sənədləri götürərək yenidən 2023-cü ilin aprel ayında təkrar olaraq məhkəməyə müraciət etmişdir. Bu baxımdan hesab edir ki, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “verginin təqdim edilməmiş bəyənnamənin təqdim edilməməsi ilə bağlı” 19 sentyabr 2022ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının qanunsuz hesab edilərək ləğvi tələbi ilə bağlı prosessual müddəti üzürlü səbəbdən buraxılmışdır. Odur ki, həmin qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi xahiş olunur. İddiaçının vəkili X4 məhkəmə iclasında ərizəni müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərar rəsmi qaydada iddiaçıya verilmədiyinə görə şikayət vermə müddəti ötürülməyib, digər qərarlarla bağlı isə xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarların ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız qərarların qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 8 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə eyni məzmunlu iddia ərizəsi ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-335/2023 nömrəli qərardadına əsasən iddiaçının iddia tələbi mümkünsüz sayılmışdır. Bu hal da iddiaçının mübahisələndirilən qərarları həmin tarixdə artıq əldə etmiş olduğunu sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-480/2023 nömrəli qərarında analoji məsələyə münasibət bildirilmişdir. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, "iddiaçı 2020-ci ildə tərtib olunmuş və 2021-ci ildə ona təqdim olunmuş sərəncamı ilk dəfə 2021-ci ildə, sonradan isə 2022-ci ildə mübahisələndirmişdir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********232400 nömrəli qərar elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə göndərilmiş, həmin qərar vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********232400 nömrəli qərarın elektron üsulla elektron kabinetə göndərilməsindən 8 aya yaxın bir vaxt keçmişdir. VM-nin müddəalarına əsasən qərar vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi orqanının xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli qərarından məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixindəki müraciətində 2 qərarı (xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli) mübahisələndirmiş, hazırda qeyd olunan 2 qərarla yanaşı əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarı da mübahisələndirmişdir ki, bu qərardan şikayət vermə müddəti 1 ilə yaxın ötürülmüşdür. Digər qərarlarla (xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli) bağlı qeyd olunur ki, iddiaçı həmin qərarların ləğvi barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə vermiş, müvafiq sərəncama əməl etmədiyinə görə iddia xx.xx.2023-cü il tarixli qərardadla mümkünsüz sayılmışdır. İddiaçı yenidən həmin qərarların ləğvi barədə ərizə versə də, AR İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsində qeyd olunan müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuşdur, eyni zamanda hazırki ərizədə müddətin üzrlü səbəbdən ötürülməsi kimi qeyd olunan dəlillər əsaslı hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar