Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2696/2024 10.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərara əsasən ödədiyi pul məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə (üçüncü şəxs Tovuz rayon Polis şöbəsi) qarşı inzibati tənbeh vermə haqqında qərara görə ödədiyi 155 manat pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP 59801129 nömrəli qərara əsasən yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddəsinə əsasən İddiaçı barəsində 155 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-228/2024 nömrəli qərarı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Tovuz rayon Polis şöbəsinin polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Tovuz rayon Polis şöbəsinə göndərilmişdir.
3. İddiaçı ödədiyi cərimə məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh Tovuz rayon Polis şöbəsinə müraciət etmiş və cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-13- 16/2-T-59394 nömrəli məktubla bildirmişdir ki, müraciəti ilə bağlı onunla telefon əlaqəsi saxlanılmış, qeyd etdiyi məsələyə aydınlıq gətirilərək qanunvericiliyin tələbləri izah edilmişdir.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə (üçüncü şəxs Tovuz rayon Polis şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli TP5980129 nömrəli inzibati tənbeh vermə haqqında inzibati qərara görə ödəmiş olduğu 155 manat pulun cavabdeh tərəfindən ona geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə istifadə etdiyi Chevrolet Cruze markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, H.Aslanov küçəsi ilə üzü Rövşən Məmmədov küçəsinin kəsişməsi istiqamətində hərəkət edib, kəsişmədən sola həmin küçəyə dönmüş və təxminən 15 metr aralıda yol polisi əməkdaşı onu saxlayaraq barəsində hazırda mübahisələndirdiyi İXP ******* nömrəli elektron protokol tərtib etmişdir. Protokola görə guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. O, bu protokolla razılaşmamış və protokolu imzalamadığından həmin protokol əsassında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 150 manat cərimə edilmişdir. Sonradan o, həmin inzibati qərardan xx.xx.2023-cü il yarixdə məhkəmə qaydasında şikayət vermiş, lakin şikayətinə bu və digər səbəbdən qanunla müəyyən edilmiş müddətdə baxılmamış, nəticədə vaxt uzandığından 150 manat cəriməyə dəbbə hesablanmağa başlanılmış, cərimə məbləğininin şişdiyini görüb 155 manat olanda cəriməni ödəmişdir. Düşünmüşdür ki, qərardan şikayət vermiş, əgər xeyrinə qərar çıxacaqsa 155 manat pulu geri almaq şansı var. Yox əgər məhkəmə inzibati tənbeh vermə haqqında qərarı ləğv etməzsə, sonda o, bu cəriməni ödəyəcəkdir, amma bir halı da başa düşmək lazım idi ki, 150 manat cərimə 60 gün boyunca dəbbə hesablanmaqla artacaq idi. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-228/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilərək Tovuz rayon polis şöbəsinin polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş; həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Tovuz rayon polis şöbəsinə göndərilmişdir. Bundan sonra o, elektron qaydada Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət etmiş və bildirdir ki, məhkəmənin yuxarıda göstərilən qərarı əsasında barəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Ona görə də 155 manat ödədiyi pulun geri qaytarılması xahiş etmişdir. Lakin BDYPİ-dən ona zəng gəlmiş və ona bildirilmişdir ki, etdiyi müraciəti müsbət həlli mümkün deyildir, belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, lakin işə Tovuz rayon polis şöbəsində yenidən baxılmalıdır. Nə qədər ki, onun işinə polis şöbəsində yenidən baxılıb müvafiq qərar qəbul edilməyib onlar 155 manat pulu geri qaytara bilməzlər. Sonradan cavabdeh ona xx.xx.2024-cü il tarixdə yazılı məktub göndərmişlər. Bundan sonra o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. BDYPİ bir vəziyyəti nəzərə almadı ki, onun ödədiyi 155 manat pul xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına görə idi. Bu gün də həmin inzibati qərar məhkəmə qaydasında ləğv edilmişdir. Əgər sözügedən inzibati qərar bu gün mövcud deyilsə, onda cavabdeh orqan hansı hüquqi fakta söykənərək belə nəticəyə gəlməsini anlamaq olmur. Əgər barəsində Tovuz RPŞ-də yenidən işimə baxılıb bir qərar qəbul edilməlidirsə, bu artıq sonrakı məsələlərdir. Yəni əgər barəsində başqa bir qərar qəbul edilərsə (hərçənd onların əllərində sübut olsaydı bu qərarı çoxdan qəbul etməli idilər) yalnız bundan sonra cərimə ödəmək öhdəliyi olardı. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz olduğundan ona öhdəlik qoyulmalıdır ki, 155 manat pul ona geri qaytarılsın. Onu da bildirir ki, iddia ərizəsinə "xxxx" ASC-də olan hesabı ilə bağlı rekvizit əlavə olunmuşdur, 155 manat pul geri qaytarılan zaman həmin rekvizitlər nəzərə alınmalıdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırkı tələbində onun barəsində Tovuz rayon Polis şöbəsinin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 155 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP 59801129 nömrəli qərara əsasən ödədiyi 155 manat pul məbləğinin geri qaytarılmasını xahiş edir və bu mübahisə cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinin tələblərinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
11. Göründüyü kimi hazırkı mübahisə cavabdeh orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gələn mübahisədir, bu isə ona inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir.
12. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndində göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
13. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı müərazi aidyyat qaydalarına uyğun olaraq müvafiq ümumi (rayon) məhkəməyə müraciət edə bilər.
14. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva