Məhkəmə qərarları › İş №2-1(114)-2696/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2696/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2696/2025 21.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs X3) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası X8 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən X8 Filialında mühafizə olunan sabiq " Sosializm" adına kolxozun qaytanlanmış torpaq kitabında 423-ci sıra nömrəsində olan Rüstəmova Zəhranın adına 0. 28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 51 nömrəli qərarı ilə X2 0,28 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-654A nömrəli (50411005 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.28 ha torpaq sahələrinə dair verilmiş arxiv arayışında olan mülkiyyətçilərin ad və ata adlarına düzəliş edilərək hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-A-01xx-xx/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü ıl tarixli, 3-48- 13F/2-457 nömrəli arxiv arayışında qeyd olunan mülkiyyətçinin ata adı ilə ‘‘şəxsiyyət vəsiqəsi'ndə olan ata adı arasında səhvlik mövcuddur ki, bu da, 1999-cu il 28 dekabr tarixli, 780-İQ nömrəli Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 308-ci maddəsinə əsasən başqa məna kəsb edir. Ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,28 ha həyətyanı topaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.28 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olub, tikinti altında olan və xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə aiddir.

2. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınması aşkar olunmamışdır.

3. Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların,ğöllərin və sənaye .nəqliyyat , rabitə.müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.

4. Qeydə alınması nəzərdə tutulan 0.28 ha torpaq sahəsi JN-654 A saylı Şəhadətnamə əsasında X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür.

5. Faktiki istifadə edilən torpaq sahəsi 0.3159 ha-dək ərazini əhatə edir.

6. Faktiki torpaq sahəsində və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində köhnəlmiş vəziyyətdə olan yaşayış evi və digər tikililər mövcuddur.Qeydiyyatdan keçmədiyi üçün tikililərin hansı tarixdə inşa edildiyini müəyyən etmək mümkün olmamışdır.

7. Şəmkir rayonu. Keçili kəndində yerləşən 0.28 ha torpaq sahəsi ayrıldığı zaman yaşayış məntəqələrinin torpaqlarına aid olmuşdur.

8. Rəy elektron məlumat bazasının kompleks yequruluşu xəritəsinə və yeni elektron uçot xəritəsinə (AzCAD) əsasən hazırlanmışdır. İddiaçı, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X3 məhkəmə iclasına gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - Belə ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə dair məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qeydə alınması nəzərdə tutulan 0.28 ha torpaq sahəsi JN-654 A saylı Şəhadətnamə əsasında X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. - Həmçinin JN-654A nömrəli 50411005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilədə müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 51 nömrəli qərarı ilə X2 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu hal, iddianın rədd edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar