Məhkəmə qərarları › İş №2-1(114)-27/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-27/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-27/2023 14.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X3) xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 ünvanından pasport qeydiyyatından çıxarılması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehnə müraciət edərək ona məxsus mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 120-35206D-3221 nömrəli məktubda “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçılara bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxs X3 onun qardaşıdır. Qardaşının evdən qeydiyyatdan çıxmasını ondan xahiş etsə də sonuncu bundan imtina edir. O, üçüncü şəxsin Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3227/2021 saylı qətnaməsinə əsasən cavabdeh X3 əşyaları ilə birlikdə Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10-dan çıxarılması qət edilmişdir. Məhkəməyə üçüncü şəxs tərəfindən göndərilmiş ərizəyə əlavə edilmiş apellyasiya şikayətindən müəyyən edilmişdir ki, X1 şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3227/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-376/2022 saylı qərardadı əsasında icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1124/2022 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3227/2021 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-376/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1034/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən 7200 manat məbləğində kompensasiya verilməklə cavabdeh X3 əşyaları ilə birlikdə Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10dan çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-487/2023 saylı qətnaməsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1034/2022 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(104)-487/2023 saylı məktubundan müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-487/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinəuyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs X3 izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçiriləcək şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci tarixli, ******* nömrəli arayış, Cavabdeh xx.xx.2021-ci il tarixli, 120-35206D-3221 nömrəli məktubu, xx.xx.2021-ci il tarixli, **********17 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubu, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3227/2021 saylı qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1124/2022 saylı qətnaməsi, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1034/2022 saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-487/2023 saylı qətnaməsi təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyə edilmişdir ki, Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, lakin üçüncü şəxs hazırda mübahisəli yaşayış sahəsinə dair istifadə huququ olmaqla həmin evdə yaşayır, iddiaçının, üçüncü şəxsin evdən çıxarılmasına dair iddia tələbləri məhkəmə tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X2 Gəncə şəhəri, X6 küçəsi, 1-ci döngə ev 10 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar