Məhkəmə qərarları › İş №2-1(114)-270/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-270/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-270/2021 29.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə rayon Mənzil İstismar Hissəsi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 ilə yaxındır ki, hərbiçi kimi xidmət edir və hərbiçi olduğu üçün ünvan 2, xx.xx.2015-cı il tarixli 85 saylı kirayə müqaviləsinə əsasən yaşamaq üçün ona verilmişdir. Mənzilin bütün kommunal xərclərini tam şəkildə ödəyir və həmin mənzildə məcburiyyət qarşısında qalıb əsaslı təmir işləri aparmışdır. 15 il müddətində hərbi də qulluq etməsini və 2015-ci il ərzində sözügedən mənzildə yaşamasını nəzərə alaraq mənzilin özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin mənzilin xüsusi təyinatlı mənzil olduğunu və qapalı hərbi şəhərcikdə yerləşdiyini əsas gətirərək bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq ünvan 2 ünvanında yerləşən mənzili göstərmişdir, həmin səhvin ünvan 3imi oxunaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, mənzil fondunun özəlləşdirilmsinin ümumi qaydaları, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzil qapalı hərbi şəhərciyin evlərinə aid, Müdafiə Nazirliyinin balansında olan xidməti mənzil olduğu üçün həmin mənzilin özəlləşdirilmsi qanunauyğun hesab edilmir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2015-ci il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi, xx.xx.2014-cü il tarixli AD ******* nömrəli şəxsi vəsiqə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin xx.xx.2021-ci il tarixli 83 nömrəli məktubu, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli **********32 nömrəli imtina məktubu və xx.xx.2021-ci il tarixli **********94 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə tərəflərin izahatlarının dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********32 nömrəli imtina məktubunda göstərmişdir ki, qeyd edilən mənzilin hərbi şəhərciyin evlərinə aid olduğu müəyyən edildiyi üçün həmin mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin xx.xx.2021-ci il tarixli 83 nömrəli məktubundan görünür ki, iddiaçının yaşadığı mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin 91.1-ci bəndinə əsasən xidməti yaşayış sahəsi olduğu üçün mənzillərin özəlləşdirilməsi barədə Forma-2 arayışının verilməsi Gəncə rayon Mənzil- İstismar hissəsinin səlahiyyətləri xaricindədir. İşdə olan xx.xx.2015-ci il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə rayon MİH-nin rəisi p-k/l-t Nail Hümbətov şəxsində 130 saylı h/h-nin kiçik çavuşu İddiaçı arasında, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında Gəncə Qarnizonu rəisinin xx.xx.2015ci il tarixli 94 nömrəli qərarı əsasında kirayə müqaviləsi bağlanaraq Gəncə şəhəri DOS-84, bina 02, mənzil 18 (43.62 kv.m-dən ibarət, 3 otaqlı yaşayış sahəsi) kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün xidmət müddətinə iddiaçının və iki nəfər ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli AD ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələbinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs ünvan 5 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar