Məhkəmə qərarları › İş №2-1(114)-270/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-270/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-270/2022 21.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28.10.1992-ci il tarixdə Qazax Rayon Hərbi Komissarlığından müddətdən artıq hərbi səfərbərliyə çağrılmışdır. Hərbi xidmətə N nömrəli hərbi hissədə başlamış, 01.12.1992-ci il tarixdə 05 nömrəli əmr ilə maddi təminat taboruna göndərilmişdir. N nömnrəli hərbi hissənin komadirinin 30.05.1993-cü il tarixli 150 nömrəli əmri ilə maddi təminat taborunun 2-ci bölüyündə sürücü vəzifəsinə təyin olunmuş, xidmət etdiyi müddət ərzində Qazax rayonunun bütün sərhəd kəndləri uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. N-cı ilin yanvar ayında hərbi hissəni tərk etmişdir. 17.10.1997-ci il tarixli amnitsiya qərarına əsasən haqqında cinayət işinin olub-olmaması barədə prokurorluğa müraciət etmişidir. 1992-N-cı illərdə Azərbaycan Respublikasının suvenerliyi və azadlığı uğrunda döyüşlərdə iştirakını nəzərə alaraq haqqında cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxlərə verilir. Onun xidmət dövrü də 1992-N-cı illərə, yəni həmin Əsasnamədə nəzərdə tutulmuş müddət aralığına düşür. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona 20.09.2021-ci il tarixli 1/H-17591 nömrəli cavab məktubunda bildirilmişdir ki, 03.09.2021-ci il tarixli iclasda işə baxılmış barəsində müsbət qərar qəbul edilməmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Müdafiə nazirinin 06.01.1998ci tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyytatları aparan hərbi hissə və orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətnin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin həmin Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində göstərilmişdir ki, barələrində cinayət təqibi bəraətverici ədaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Lakin iddiaçı tərəfindən cavadehə müraciətlə bağlı təqdim olunmuş sənədlərdə görünür ki, Hacıyev X1 Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etmiş və Qazax qarnizonu hərbi prokuruluğunun 21.08.2000-ci il tarixli qərarı ilə cinayət işi başlanması amnistiya ilə əlaqədar rədd edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçı 21.01.2022-ci il tarixli teleqram göndərərək səhhətində yaranan problem səbəbi ilə məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İddiaçı və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini NZ ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 11.03.2021-ci il tarixli, 9/2- 2156 nömrəli Arxiv Arayışı, Qazax Hərbi Prokurorluğunun 21.08.2000-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqında qərarı və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 20.09.2021-ci il tarixli, 1/H-17591 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan NZ ******* nömrəli hərbi biletin 6-cı səhifəsində onun N nömrəli hərbi hissəyə daxil olduğu barədə tarix göstərilsə də, hərbi hissənin siyahısından çıxarılma tarixi, müvafiq əmr barədə qeyd olmamaqla yanaşı, həmin səhifəyə möhür vurulmayıb. İşdə olan sənədlər arasında yer alan 21.08.2000-ci il tarixli Qazax Rayon Hərbi prokuroru tərəfindən qəbul edilmiş qərarla müəyyən olunur ki, İddiaçı N-cı ilin əvəllərində hərbi hissəni özbaşına tərk etmiş və qayıtmamışdır. 17.10.1997-ci il tarixli amnistiya qərarının 1-ci bölməsinin 1.1; 1.5; 1.6; və 1.7-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya məxsus hərbi biletin 25-ci səhifəsində qeyd edilmişdir ki, 17.10.1997-ci il tarixli amnistiya qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət müddəti sayılmasın. İddiaçıya Azərbycan Respublikası Mdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivindən verilmiş 11.03.2021-ci il tarilxi, 9/2-2156 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabına görə 28.10.1992-ci il tarixdə Qazax RHK-dan çağrılmış, hərbi hisə komandirinin həmin tarixli 154 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin 28.10.1992-ci il tarixli, 154 nömrəli əmri ilə həmin tarixdən 2-ci taburun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hisə komandirinin 01.12.1992-ci il tarixli, 05 nöməli əmrində manqa komandiri, sıravi İddiaçı Hacıməmməd (sözügedən əmrdə Hacəddin yox, Hacıməmməd kimi göstərilib) oğlunun adı briqadanın Maddi-təminat taburunun siyahısında hesab edilərək, bütün növ təminatlara yazılmışdır. N nömrəli hərbi hissə komandirinin 30.05.1993-cü il tarixli, 150 nömrəli əmri ilə manqa komandiri İddiaçı vəzifəsindən azad edilərək, 01.06.1993-cü il tarixdən Maddi-təminat taburunun 2-ci bölüyündə “sürücü” vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etməyə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 14.11.1994-cü il tarixli 297 nömrəli əmri ilə həmin tarixdən ştatdan kənar hesab edilərək, bütün növ təmintlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidmət barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 20.09.2021ci il tarixli, 1/H-17591 nömrəli məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-nın 03.09.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Eyni zamanda iddiaçıya tövsiyyə olunmuşdur ki, barəsində tətbiq olunmuş Amnistiya Qərarını sənədlərə əlavə edərək təqdim edərsə “Müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi məsələsinə yenidən baxıla bilər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasını təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar