Məhkəmə qərarları › İş №2-1(114)-2701/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2701/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2701/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – mətndə iddiaçı) xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonun Dəmirçi kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 3 nömrə ilə qeyd aparılmış, ata qrafasında X3, ana qrafasında X5 qeyd olunmuşdur. İddiaçıya ilk dəfə xx.xx.1988-ci il tarixdən ömürlük İİ dərəcəli əlilliyə görə 160 manat miqdarında pensiya təyin edilmiş, xx.xx.1992-ci il tarixdən isə 380 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən təkrar uşaqlıqdan İİ dərəcəli əlillik təyin edilmişdir Kəlbəcər rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.1994-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.1994-cü il tarixdən ömürlük 4500 manat məbləğində pensiya təyin edilmişdir. Kəlbəcər ƏSSMM-nin xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli sərəncamları ilə uşaqlıqdan əlil iddiaçının İİ dərəcəli əlilliyinə görə pensiya məbləği dəyişdirilmişdir. xx.xx.2008-ci il tarixdən etibarən iddiaçıya İİ dərəcəli əlilliyə görə sosial müavinət ödənilmişdir. İddiaçının anası X5 (yaşa görə əmək pensiyaçısı) xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirmişdir ki, X1 Sisteminin Əlillik altsistemi proqram təminatına və Tibbi- Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışa əsasən iddiaçının İİ dərəcə əlilliyi (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) xx.xx.1994-cü il tarixindən təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs olmadığı üçün sizə anası X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1994-cü il tarixindən əvvəlki dövr üzrə əlilliyin qeydə alınması üçün sözügedən dövrlər üzrə Tibbi-sosial ekspert komissiyasının müvafiq müayinə aktından çıxarışı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etməsi tövsiyə olunur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71.1 və 73.1-ci maddələrinə əsasən qərardan onun qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialına qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialını əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etiraz təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə X8 regional filialına müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Ş.M.Alışanovun qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs hesab olmaması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda geyd olunan əsaslara görə təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: - 18 yaşına çatmamış; - 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Qeyd etməyi zəruri hesab edirik ki, iş üzrə icraat materiallarından da məlum olduğu kimi iddiaçı Ş.M.Alışanova ilkin müayinədən xx.xx.1994-cü il tarixdə, yəni 22 yaşında keçmiş və həmin tarixdən ona ikinci qrup ümumi xəstəliyə görə əlillik təyin edilmişdir. Yuxarıda istinad olunan Qanunun müvafiq maddəsindən də müəyyən olunduğu kimi iddiaçıya Qanunun tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması ən vacib şərtdir. Lakin hazırki iş materiallarına əsasən iddiaçı bununla bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı Ş.M.Alışanovaya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından ziddir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək etirazda qeyd olunanları müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini inzibati icraat materiallarının surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olduğunu bildirib ailə başçısı olan anasının vəfatına görə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olmadığını, əlilliyini 18 yaşdan sonra əldə etdiyini, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan subyektlərin sırasına aid olmadığını bildirib ona pensiya təyin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tələbləri mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-); 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; (-). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Qeyd olunan Qanun qüvvəyə minənədək qüvvədə olmuş Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Qanunun Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Lakin hazırkı işdə bu aşkar olunmur. Belə ki, iddiaçıya ilk dəfə xx.xx.1988-ci il tarixdə - 16 yaşında İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bununla bağlı 3554 nömrəli Kəlbəcər rayon sosial təminat şöbəsinin vəsiqəsini təqdim etmişdir. Hazırda məcbur köçkün olmaqla “qaçqınlıq” statusunda olduğundan və məlum səbəblərdən iddiaçıya 1988-ci ildə əlilliyin təyini ilə bağlı digər sənədlərin əldə edilməsi mümkün deyildir. Əksinə iddiaçının TSEKdəki müayinəsi nəticəsində ona xx.xx.1994-cü il tarixdə təkrar olaraq müddətsiz əlillik təyin edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi”ndən imtinasının əsasını təşkil edən və etirazında da təkrar olaraq vurğuladığı hal (18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olmaması) iş materialları ilə öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar