Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-271/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə qarşı əməkdar müəllim fəxri adı üçün prezident təqaüdü fərqinin hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2005-ci il tarixli, 1033 nömrəli sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikasının “əməkdar müəllimi” fəxri adı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi) xx xxxxxxx 2019-cu il tarixli imtina məktubu ilə iddiaçının Dördyol 2 qəsəbə tam orta məktəbində təkrar işləməsi ilə bağlı müqaviləsi olduğu üçün xx.xx.2019-cu il tarixdən ona Azərbaycan Respublikasının “əməkdar müəllimi” fəxri adına görə təyin edilmiş təqaüdün ödənişinin dayandırıldığı bildirilmiş və ona təkrar fəxri ada görə təqaüd təyin edilməsi üçün iş yeri Dördyol 2 qəsəbə tam orta məktəbinə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan aylar üçün ona “əməkdar müəllim” fəxri adı üçün verilən president təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan aylar üzrə ona “Əməkdar müəllim” fəxri adı üçün verilən Prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2005-ci il tarixli, 1033 nömrəli sərəncamına əsasən ona Azərbaycan Respublikasının “əməkdar müəllim” fəxri adı verilmişdir. 2016-cı ilədək fəxri ada görə verilən Prezident təqaüdünü işlədiyi Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbindən almışdır. 2016-cı ildə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbinə əsasən çalışmanın son yaş həddinə çatdığı üçün hazırda müqavilə ilə işləyir. Həmin ərizəyə əlavə edilmiş arayışdan görünür ki, 2016-2017 və 2017-2018-ci tədris illərində o, Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbində müqavilə əsasında işləmişdir. 2016-cı ildən bu günədək Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbində əmək fəaliyyətini müqavilə əsasında davam etdirir və ona həmin aylar üçün təqaüd işlədiyi təşkilat tərəfindən ödənilir. İşin faktiki hallarından göründüyü kimi onunla işəgötürən arasında əmək müqavilələri yalnız müvafiq tədris ayları, yəni 15 sentyabr-15 iyun olmaqla 9 ay müddətində bağlanır və müddətin tamam olması ilə əmək müqaviləsinə xitam verilir. Beləliklə aşağıda qeyd edilən qanunvericiliyin tələblərinə görə ona faktiki işlədiyi əmək müqaviləsinin qüvvədə olduğu dövr üçün təqaüd işlədiyi məktəb tərəfindən, ilin qalan ayları 15 iyun-15 sentyabr isə cavabdeh təşkilat- Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən ödənilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Ağdam rayonu, İlxıçı kənd sakini İddiaçı xx.xx.2019-cu il tarixdə sənədlərini şöbəyə təqdim edərək əmək müqaviləsinə xitam verildiyi üçün əməkdar müəllim fəxri adına görə prezident təqaüdünün təyin olunması üçün müraciət etmişdir. Ona şöbə tərəfindən əmək müqaviləsinə xitam verildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Prezident təqaüdü təyin olunaraq ödənilmişdir. İddiaçı Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbində müqavilə əsasında əmək fəaliyyətini davam etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 04 iyul tarixli, 878 nömrəli sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına ödənildiyindən ona təyin olunmuş Prezident təaqüdünün ödənişi dayandırılmışdır. Belə ki, İddiaçı müqavilə əsasında işlədiyi dövrdə həmin iş yeri tərəfindən ona Prezident təqaüdü ödənilməlidir. İddiaçıya hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşin hallarından müəyyən olunduğu kimi İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2005-ci il tarixli, 1033 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının “əməkdar müəllimi” fəxri adı verildiyi tarixdən 2016-cı ilədək cavabdeh tərəfindən fəxri ada görə Prezident təqaüdünün ödənilməsi həyata keçirilmiş, lakin onun Dördyol 2 qəsəbə tam orta məktəbində təkrar işləməsi ilə bağlı müqaviləsinin olduğu əsas gətirilərək xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan aylar üzrə təqaüdün ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan aylar üçün ona “Əməkdar müəllim” fəxri adı üçün verilən Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Fəxri adının vəsiqəsindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli, 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının «Əməkdar müəllim» fəxri adı verilmişdir. -Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin xx xxxxxxx 2019-cu il tarixli, 26 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2017xx.xx.2018-ci il tarixlərdə müqavilə əsasında məktəbdə müəllim işləmişdir. -Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbi üzrə xx.xx.2017-ci il tarixli, 157 nömrəli və xx.xx.2018-ci il tarixli, 188 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, əməkdar kimya müəllimi İddiaçı məktəbdə fəaliyyətini davam etdirməsi üçün xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək müqavilə bağlanmış, xx xxxx 2018-ci il tarixdə bağlanmış müqavilənin müddəti başa çatdığı üçün işinə xitam verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Prezident təqaüdü təyin olunaraq ödənilmiş, əvvəlki xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan aylar üzrə təqaüdün əmək fəaliyyətini davam etdirdiyi üçün işlədiyi idarə tərəfindən ödənilməli olduğu qeyd edilərək ödənilməsindən imtina olunmuşdur. Məhkəmə imtinanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin əmrlərinə əsasən Ə.Mehtiyevlə işlədiyi məktəb arasında müdətli əmək müqaviləsi bağlanılmış, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək məktəbdə əmək fəaliyyətini davam etdirdiyindən təqaüdün ödənilməsi həmin idarə tərəfindən həyata keçirilmişdir. Hazırkı tələb olunan aylar üzrə təqaüd “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 878 nömrəli sərəncamının 2-ci bəndinə əsasən cavabdeh orqan tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir. Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər. Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər (“Azərbaycan Respublikasının Fəxri adları haqqında” Əsasnamənin 1,4,10 və 11. bəndləri). “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 878 nömrəli sərəncamının 2. bəndinə əsasən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Odur ki, məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənildiyindən və iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlərdə əmək fəaliyyətini davam etdirmədiyindən, yəni onunla Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verildiyindən iddia tələbi təmin edilməli, cavabdehin üzərinə xx.xx.2017-ci ildən xx.xx.2017ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan aylar üzrə “Əməkdar müəllim” fəxri adı üçün verilən Prezident təqaüdünün ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan aylar üzrə “Əməkdar müəllim” fəxri adı üçün verilən Prezident təqaüdünün ödənilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-271/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-271/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver