Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-271/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən ona əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Cavabdehə müraciət edərək əmək pensiyasının bərpa edilməsini xahiş etmiş, lakin müraciətinin müsbət həll edilməsindən imtina edilmiş və ona hesablanmış əmək pensiyası ilə əlaqədar xidməti yoxlama aparıldığı, əmək stajının, hesabında olan sosial pensiya kapitalının əmək pensiyası təyin etmək üçün yetərli olmadığı müəyyən edilməsi bildirilmişdir. İddiaçı cavabdehin imtinasını tam olaraq əsassız olduğunu hesab edir. Belə ki, cavabdehin əsaslandırmasından asılı olmayaraq onun iş stajı 29 il 6 ay 10 gün müəyyən edilmişdir. Belə olan halda onun əmək pensiyasının dayandırılması üçün heç bir əsas yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə uyğun olaraq Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialına xx.xx.2019-сu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası araşdırılmış, araşdırma nəticəsində bir sıra nöqsanlara yol verildiyi aşkarlanmışdır. Belə ki, həmin xidməti yoxlama zamanı iddiaçının faktiki sığorta stajının 19 il 5 ay olmaqla qanunla tələb edilən 25 ildən az olduğu müəyyən edilmiş və iddiaçıya təyin edilən yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmış və pensiya işi etibarsız ləğv hesab edilmişdir. Nəticədə xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixədək 9144,25 manat pensiya məbləğınin artıq ödənildiyi müəyyən edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Lakin onun cəmi 19 il 5 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 19 il 5 ay sığorta stajı mövcuddur. Xidməti araşdırmaya əsasən Fondun X1 pensiya işləri seçmə üsulla araşdırılarkən qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda vətəndaşlara pensiya təyinatı aparıldığı aşkar edilmişdir. Sözügedən araşdırma zamanı adıçəkilən şəxsin xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyi dövr üzrə cəmi 5 ay əmək haqqı alması faktı aşkarlanmışdır. Bu səsəbdən həmin dövr üzrə 6 il 1 ay 15 gün mübahisələndirilən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının pensiya işinin surəti, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti, iddiaçının hərbi biletinin təsdiqlənmiş surəti, xx.xx.2022-ci il tarixli ərizənin surəti, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələb olunan 25 il iş stajının tamamlanmadığı əsas gətirilərək, xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləməsi iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır və cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır. Odur ki, məhkəmə iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən 19 il 5 ay sığorta stajı mübahisələndirilmir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı və “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyi 6 il 6 ay 15 gün müddət birlikdə nəzərə alındıqda iddiaçının pensiya hüququ yaranmış olur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının dayandırılması əsassız olmuşdur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi mənasına malikdir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. - 58.2-ci maddəsinə əsasən İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 59.1.5-ci maddəsinə əsasən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatda əks olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar yuxarıda sadalanan maddi hüquq normalarının tələbi baxımından yoxlayarkən həmin qərar qəbul edilərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmadığını, həmçinin diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə tam, hərtərəfli həyata keçirilmədiyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının dayandırıldığı, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-271/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-271/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver