Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2721/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: “İnşaatçı” bağçılıq birliyinin xx.xx.1996-cı il tarixli, 02 nömrəli protokol – qərarı ilə “Qırmızı kənd” ərazisində bağçılıq üçün birliyin üzvü X1 (bundan sonra mətndə - iddiaçı) torpaq sahəsi bağ evi üçün ayrılmışdır. 3 nömrəli Müəssisənin bağçılıq yoldaşlığın sədri Məmmədov H.A tərəfindən verilmiş tarixsiz və nömrəsiz arayışa əsasən iddiaçıya Trestə ayrılmış torpaq sahəsindən 146A nömrəli sahə verilmişdir. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, sahə 146 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, iddiaçının müraciəti xx.xx.2022-ci il tarixli, **********İ-0130 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin “İnşaatçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qırmızıkənd” ərazisinin bağçılıq üçün ayrılmış 146A sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq həmin sahəyə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nömrəli T.Q.T-nin Kiçik Mexanizasiya sahəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir və 3 nömrəli trestin " İnşaatçı " bağçılıq yoldaşlığının üzvü olmuşdur ona ayrılmış torpaq sahəsindən 146 A nömrəli sahə iddiaçı X2 ayrılmışdır. X3 xx.xx.1996- cı il tarixli 2 nömrəli protokolu əsasında "Qırmızıkənd" ərazisinin bağçılıq üçün İnşaatçı Birliyinə ayrılmış sahədən iddiaçıya torpaq sahəsi bağ evi üçün ayrılmışdır. Bu barədə cavabdehə yazılı ərizə ilə müraciət etdik. 11 avqust 2022-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, "İnşaatçı bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi ldarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər var və əgər arxivdə onun surəti tapılmırsa bu artıq vətəndaşın deyil inzibati orqanın məsuliyyətidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində deyildir. Ümumiyyətlə, iddiaçı torpaq sahəsinin yerləşmə yerini bilmir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********36 nömrəli etirazını təqdim etmiş və etirazında imtina əsaslarını təkrarlamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Hesab edirəm ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddialı olduğu torpaq sahəsi “İnşaatçı” bağçılıq yoldaşlığına 1996-cı ildə ayrıldığı nəzərə alınaraq, həmin dövrə münasibətdə qüvvədə olmuş qanunvericiliyin tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; - 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; - 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv.m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Maddələrin tələblərinə görə, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpağdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və və hər bir üzvünə torpaq sahəsinin ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. Məhkəmənin apardığı araşdırma ilə iddiaçıya torpaq sahəsinin ayrılması zamanı bu tələblərə riayət olunmaması, torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığı, ümumiyyətlə, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı (2-1(114)-1451/2021 nömrəli inzibati işdəki (səh 9-da) cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar) müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2721/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2721/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver