Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2721/2024 30.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əri X6 xx.xx.2001-ci ildə Gədəbəy rayonunun, Mor-Mor kəndi istiqamətində Ermənistanla həmsərhəd ərazidə erməni hərbi təxribatı nəticəsində həlak olmuşdur. X1 həlak olmasından sonra ona şəhid statusu verilmiş, iddiaçıya, azyaşlı uşaqlarına və mərhum X1 anası X8 şəhid ailəsinin üzvləri hesab edilmiş, şəhid ailəsinin vəsiqəsi verilmişdir. Bildirir ki, ona və mərhum ərinin ailəsinə 2018-ci il tarixdən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilib. Lakin 2018-ci ildən Prezident təqaüdü yalnız ərinin anası X2 bank kartına köçürülüb, ona verilmir. Bununla bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy Rayon Şöbəsinə dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamışdır. İddiaçı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunuin Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialına yazılı müraciət etmiş, 06 mart 2024-cü il tarixli, 3- 17/2-54949/2024-cü il saylı məktubla cavab verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçı ilə mərhum X1 rəsmi nikahları olmadığı üçün ona şəhid ailəsi üzvü kimi Prezident Təqaüdü verilməsi mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd edir ki, o 1986-cı ildə mərhum X6 ilə ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamışdır. Faktiki nikahdan üç övladı xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.1988-ci il təvəllüdlü X7 və xx.xx.1992-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı düşünür ki, bütün bunlar göstərir ki, o şəhid X6 ilə faktiki nikahda olmuş, lakin əri mərhum X6 şəhid olduğu üçün rəsmi nikaha daxil ola bilməmişdir. İddiaçı məhkəməyə iddia dəqiqləşdirmə ərizəsi göndərərək iddia tələbini dəyişdirdiyini bildirmiş və cavabdeh orqan kimi yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə dəqiqləşdirilmə barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3cü maddəsi). Cavabdehin etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında izahat verərərək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-54949/2024 nömrəli imtina məktubu; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 005379 nömrəli vəsiqə; -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 388034 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə; -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 391575 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə; -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayış; -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.20424cü il tarixli, 3-17-1/2-121103/2024 saylı məktubuna əlavə edilmiş sənədlərin surəti; -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən şəhid X6 ilə rəsmi nikahını təsdiq edən sənəd təqdim edilmədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün almaq hüququ yalnız ailə üzvləri aiddir. Alə üzvləri dedikdə, ər-arvad, valideynlər, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlar, uşaq evlərində tərbiyə olunan qardaş və bacılar, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələr nəzərdə tutulur. Hazl-hazırkı iddiada iddiaçı şəhid X6 ilə rəsmi nikahları olmadığı üçün şəhid ailə üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün almaq hüququ yoxdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvü hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bədninə görə, arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa), 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2721/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2721/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver