Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2722/2022 01.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1957-ci il tarixdə Tərtər rayonun Qaradağlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1973-1975-ci illərdə Tərtər rayon Frunze adına kolxozda işləmiş, xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixli, 40 nömrəli əmrlə Mirbəşir rayon X4 Qaradağlı pambıq məntəqəsinin yeməkxanasına bufetçi vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci il tarixli, 333 nömrəli əmrlə azad edilmişdir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qaradağlı kənd 75 nömrəli mağazada satıcı işləmişdir. İddiaçı pensiya təyinatı məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qarabağ regional filialına müraciət etmiş, sonuncu isə iddiaçının sənədlərinin aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasına və hərbi biletin surətinə əsasən sığorta stajı 5 il 09 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək dövrləri zərurət olduğu halda araşdırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 1973- 1975-ci illər ərzində (3 il) Tərtər rayonun “Frunze” adına kolxozda kolxozçu işlədiyi müddətin, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək (2 il 9 ay 9 gün) Tərtər rayonun X1 yeməkxanasında bufetçi, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək (1 il 26 gün) Tərtər rayonu Qaradağlı kəndindəki 75 nömrəli mağazada satıcı, xx.xx.1981-ci ildən xx.xx.2002-ci ilədək (20 il 6 ay 01 gün) Tərtər rayonun Qaradağlı kəndindəki 75 nömrəli mağazada satıcı-briqadir vəzifələrində işlədiyi müddətin, ümumilikdə xx.xx.2006-cı ilədək 29 il 04 ay 06 günün ona pensiya hüququ verən ümumi iş stajına hesablanması və xx.xx.2006-cı il və xx.xx.2006-cı illərdə 8 manat məcburi dövlət sosial sığorta ödənişləri etdiyi nəzərə alınmaqla pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək məcburi dövlət sosial sığorta ödənişləri etdiyi nəzərə alınmaqla Qanunun 22-1.1-ci maddəsinə əsasən pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə müraciət etmişdir. Müvafiq inzibati orqan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 21 il 06 ay sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş materiallarına əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 21 il 06 ay 19 gün hesablanmışdır: xx.xx.1975-xx.xx.1977-ci illər üzrə (hərbi xidmət illəri) 1 il 11 ay 14 gün; xx.xx.1978-xx.xx.1980-ci illər üzrə 2 il 09 ay 09 gün; xx.xx.1980-xx.xx.1994cü illər üzrə 13 il 01 ay 27 gün; xx.xx.1994-xx.xx.1995-ci illər üzrə 1 il 04 ay; xx.xx.1996xx.xx.1996-ci illər üzrə 03 aу; xx.xx.1997-xx.xx.1997-ci illər üzrə 01 aу; xx.xx.2002xx.xx.2002-ci illər üzrə 03 ay; Kolxoz dövrləri 2 il 03 ay. İddiaçı iddia ərizəsində xx.xx.2006cı ildən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini iddia etsə də, müvafiq rüblük hesabatlar təqdim edilmədiyindən məcburi sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 21 il 06 ay 19 gün sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtinası; cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazı; inzibati icraat materiallarının təsdiq edilmiş surəti; ödəniş qəbzlərinin notariat qaydada təsdiqlənmiş surətləri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 21 il 8 ay 19 gün sığorta stajı toplamış, xx.xx.2022-ci il tarixdə pensiya hüququ yaranmışdır. İddiaçı 2006-cı ilin avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək hesab edir ki, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh orqan isə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını və ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olmasını əsas gətirərək pensiya təyinatından imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Cavabdeh təsdiq edir ki, iddiaçı 21 il 6 ay 19 gün sığorta stajı (imtinasında 05 il 09 ay qeyd etsə də, sonuncu etirazında 21 il 06 ay 19 gün müddəti mübahisələndirmədiyini etiraf etmişdir) toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 07 fevral 2022-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı xx.xx.2006-cı ildən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini iddia etsə də, müvafiq rüblük hesabatlar təqdim edilmədiyindən məcburi sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Başqa sözlə, cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən verilmiş və həmin şöbənin möhürü ilə təsdiqlənmiş ÇİL seriyalı xx.xx.2006-cı il tarixli, 679567 nömrəli və ÇİL seriyalı, xx.xx.2006-cı il tarixli, 680492 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 2006-cı il ödəniş dövrü üzrə 04 AZN və 04 AZN olmaqla, cəmi 8AZN məcburi dövlət sosial sığorta haqqını ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2006-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən 12 il əvvəl ödəmişdir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı saymır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin tam və ya qüsurlu şəkildə X2 qeydiyyata düşməməsi onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli və pensiya hüququnun təminatına mane olmamalıdır. Cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərindən istifadə etməklə ödənişlərin tam və dürüst şəkildə Sistemdə qeydiyyata salınması ilə bağlı tədbirlər görməli idi. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq imtina barədə əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya hüququ yarandığı tarixdən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2722/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2722/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver