Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2727/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X2 xx.xx.2022-ci il tarixli 425 nömrəli əmrinin ləğv edilib onun əvvəlki işinə bərpa olunmağına və ona 4 aylıq əmək haqqı kimi 3200 manat məbləğində pulun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci ildə DSX rəisinin xx.xx.2021-ci il 1N5 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Hərbi xidmətin başa çatmasına 3 ay qalmış Şəki-Zaqatala ərazisində yerləşən hərbi hissəyə dəyişirilmiş, orada N aydan çox müddətdə kurs keçib kiçik gizir rütbəsi almış və xx.xx.2021-ci ildə DSX rəisinin əmri əsasında Cəlilabad rayonu XN N saylı hərbi hissədə kiçik gizir kimi xidmətə başlamışdır. Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında xidmətdə olarkən 2022-ci ilin əvvələrində onlarla birlikdə xidmətdə olan MAXE Mirzəyev Emil xidmətdən qayıdaraq otağa daxil olmuş, o da həmin vaxt otaqda olmuşdur. E.Mirzəyev cibindən mobil telefonunu çıxarıb canlı yayım açmışdır. O, Mirzəyev Emilə şəkil çəkilməsinə icazə verilmədiyini demiş, dedikləri telefondakı görüntülərə düşmüşdür. Bundan 2-3 saat sonra zastavanın rəisi onu yanına çağırıb telefonunda olan Emilin çəkilişini göstərib telefon çəkilişinin Daxili Təhlükəsizlik tərəfindən çəkildiyini demişdir. Çəkilişdə bir çiynində olan kiçik gizir rütbəsi nişanı görünmüşdür. Rəis ona öz telefonunu gətirməyini demişdir. Hərbi şəhərcikdə qaldığı otağa gedib telefonunu gətirib zastava rəisi M.İmamquliyevə təhvil vermişdir. Sonuncu hər ikisinin telefonunu qablaşdırib götürmüş, Emili və onu Göytəpəyə hərbi hissəyə aparmışdır. Orada hərbi hissə komandiri polkovnik Rauf Abdullayev onları qəbul etmiş, MAXE Mirzəyev Emilə ciddi surətdə iradını bildirmiş və şifahi olaraq otaqda olan kadrlar bölməsinin rəisinə hər ikisinin təcili həkim komissiyasından keçirilmələri üçün sənədlərinin hazırlanmasına və xidməti uyğunsuzluğa görə xidmətdə qalıbqalmamalarına baxılmasına göstəriş vermişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DSX X2 xx.xx.2022-ci il tarixli 425 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan bir müddət keçəndən sonra hərbi bileti veriləndə bilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.N-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Sonradan öyrənmişdir ki, araşdırma zamanı onun mobil telefonunda heç bir görüntü aşkar edilməmişdir. Buna baxmayaraq gənc yaşından günahı olmadığı halda ağır maddə ilə xidmətdən ehtiyata buraxılmışdır. Həmin maddəyə görə onun hardasa işə düzəlməyi mümkün deyildir. O ehtiyata buraxılanda atası ağır xəstələnmişdir. Ailədə yeganə övlad olaraq uzun müddət atasının xəstəliyinin müalicəsi ilə məşğul olmuşdur. Ona görə də cavabdeh orqanın hərəkətindən narazı qaldığı üçün məhkəməyə indi müraciət etmişdir. Cavabdeh orqan əsassız olaraq onu ağır maddə ilə ehtiyata buraxmışdır. Xidmət keçdiyi müddətdə heç bir cəza almamış, işinin öhdəsindən ləyaqətlə gəlmişdir. Əgər baş vermiş hadisədə onun hər hansı bir günahı olubsa rəhbərlik ona intizam tənbehi verə bilərdi. Ona ehtiyata buraxılmağı barədə 2 ay qabaqcadan məlumat verilməmişdir. O ləyaqətlə xidmət keçmiş, heç vaxt cəza almamış, məlum hadisə vaxtı isə telefondan istifadə etməmişdir. Cavabdeh orqanın barəsində olan xx.xx.2022-ci il tarixli 425 nömrəli əmrindən narazıdır, əmr qeyri-qanuni və ədalətsiz olduğu üçün ləğv olunmalıdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X2 xx.xx.2022-ci il tarixli 425 ş/h nömrəli əmrinin ləğv edilib, əvvəlki işinə bərpa olunması və ona 4 aylıq əmək haqqı kimi 3200 manat məbləğində pulun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 bildirmişdir ki, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində təyinat vərəqəsini alsa da, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmasına və şəxsi işinin SHXÇDX-nın Samux rayon bölməsinə göndərilməsi barədə məlumatlı olsa da, məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək iddia müddətini ötürmüşdür. Odur ki iddia mümkünsüz sayılmalıdır. İş materialların əlavə edilmiş N nömrəli hərbi hissənin 135/120/141 nömrəli “Təyinatların qeydiyyatı” kitabının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini almışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, ehtiyata buraxıldığı zaman atası ağır xəstələnmiş, ailənin yeganə övladı olduğundan uzun müddət atasının xəstəliyinin müalicəsi ilə məşğul olmuş və bu səbəbdən şikayət verilmə üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin müavini – X3 425 ş/h nömrəli, 07.05. 2022-ci il tarixli əmrinin surətindən görünür ki, iddiaçı “Hərbi xidmət və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.N-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2022-ci il tarixdə bilmiş və məhkəməyə əmrin mübahisələndirilməsi barədə ərizəni müddət ötürülməklə təqdim etmişdir. Həmçinin müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Başqa sözlə, uzun müddət atasının xəstəliyinin müalicəsi ilə məşğul olması faktı məhkəməyə müraciət etməsinin məhdudlaşdırılması baxımından inandırıcı deyildir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N5-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2727/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2727/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver