Məhkəmə qərarları › İş №2-1(114)-273/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-273/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-273/2020 17.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında qeyd olunan işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz üzümçülük tresti üzümçülük sovxozu təsərrüfat hesablı avtonəqliyyat təsərrüfatında, Tovuz rayonlararası nəqliyyat müəssisəsində və Tovuz rayon Kimya birliyində işləmiş və qeyd olunalar ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı pensiya hüququ yarandığına görə DSMFnin Tovuz rayon şöbəsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş əmrlərin düzgünlüyü Tovuz rayon Dövlət Arxivində araşdırılarkən Trestin üzümçülük sovxozunun təsərrüfat hesablı avtonəqliyyat təsərrüfatının, Tovuz rayonlararası Nəqliyyat müəssisəsinin və Tovuz Kimya birliyinin sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi və müəssisələrin hüquqi ünvanı məlum olmadığı üçün yerində yoxlanılması mümkün olmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il sığorta stajına qarşı 11 il 02 ay 05 gün sığorta stajı toplandığı üçün, xx.xx.2019-cu il tarixdən isə fərdi hesabında xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il sığorta stajına qarşı 11 il 02 ay 05 gün sığorta stajı toplandığı üçün, xx.xx.2019-cu il tarixdən isə fərdi hesabında xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa əmək pensiyası təyin olunmasından imtina edilmişdir. -Tovuz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 339 nömrəli məktubundan görünür ki, Tovuz rayonlararası Nəqliyyat müəssisəsinin və Tovuz Kimya birliyinin sənədləri dövlət arxivinə təhvil verilməmişdir. -İddiaçı məxsus xx.xx.1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında olan qeydlərdən görünür ki, sonuncu xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1988-ci il tarixdə hansı müəssisəyə işə qəbul edilməsi qeyd edilməmiş, həmçinin xx.xx.1996-cı il tarixdə işdən azad edilməsi barədə qeyd olsa da hansı müəssisədən azad edilməsi anlaşılmır, həmin qeydin üzərinə vurulmuş möhür isə oxunmur. Həmçinin iddiaçının qeyd olunan dövrlərdə işləməsi ilə bağlı arxiv məlumatlarını əldə etmək mümkün olmamışdır. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında olan xx.xx.1988-xx.xx.1996-cı illərə aid qeydlər mötəbər hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb olunan həddə sosial sığorta stajı mövcud olmadığından cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar