Məhkəmə qərarları › İş №2-1(114)-2738/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2738/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2738/2023 21.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində fəaliyyət göstərən N nömrəli hərbi hissənin komandirin xx.xx.2018-ci il tarixli 161 nömrəli əmri ilə MAHHXHQ-əsgər kimi işə qəbul olunmuşdur. Ona kiçik çavuş hərbi rütbəsi verilməklə manqa komandiri vəzifəsinədək yüksəlmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirin xx.xx.2022-ci il tarixli 39 nömrəli əmri müqavilə müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Goranboy rayon şöbəsində qeydiyyata düşmüşdür O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində fəaliyyət göstərən N nömrəli hərbi hissəsində xx.xx.2018-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək xidmətdə olduğu dövrdə Azərbaycan Respublikası Müdafiə nazirinın xx.xx.2020-ci tarixli 062 nömrəli əmri ilə “Azərbaycan Ordusunun Vətən Müharibəsi Dövründə döyüş fəaliyyətində iştirak edən əvvəllər (Daşburun qəsəbəsində yerləşən) N nömrəli һərbi hissənin yerləşdiyi Cəbrayıl rayonu və Xocavənd rayonun Hadrut qəsəbələrində maddi-texniki təminatla əlaqədar ezamiyyətdə olmuşdur. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3769/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının ezamiyyətdə olduğu ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09 1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən döyüş əməliyyatları aparılan ərazi olmadığına və döyüşdə iştirakı əmrlərlə təsdiqlənmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş N nömrəli hərbi hissəsinin arayış-məlumatında qeyd edilmişdir ki, manqa komandiri olan MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə (Cəbrayıl rayonu və Hadrut qəsəbəsi) olmuş və döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmək üçün, Hadrut qəsəbəsində yerləşən silah və döyüş sursatları anbarında hərbi qənimətlərin çeşidlənməsi və təyin olunmuş hərbi hissələrin silah və döyüş sursatlarının təminatı ilə məşğul olmuşdur. -işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 275 nömrəli əmrdən görünür ki, iddiaçı Cəbrayıl rayonunda yerləşən N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-3013 nömrəli məktubunda qeyd edilmişdir ki, «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmişdir. Ezamiyyətdə olduğu ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən döyüş əməliyyatları aparılan ərazi olmadığına və döyüşdə iştirakı əmrlərlə təsdiqlənmədiyinə görə ona «Müharibə Veteranı» adının və vəsiqəsini verilməsi üçün sənədlərinin razılaşdırmaq məqsədi ilə Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh iddiaçının tələbinin təmin edilməsini sonuncunun xidmət keçdiyi ərazinin döyüş əməliyyatları aparılan ərazi olmaması və döyüşdə iştirakının əmrlərlə təsdiqlənməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, sözügedən əsasnamədə şəxsin bilavasitə döyüşlərdə iştirak etmədən də veteran statusu alması imkanı təsbit edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. İş materiallarına əlavə edilmiş arayış-məlumatından da görünür ki, iddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmək üçün Hadrut qəsəbəsində yerləşən silah və döyüş sursatları anbarında hərbi qənimətlərin çeşidlənməsi və təyin olunmuş hərbi hissələrin silah və döyüş sursatlarının təminatı ilə məşğul olmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar