Məhkəmə qərarları › İş №2-1(114)-2740/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2740/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2740/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğv olunması və həmin ünvanda yerləşən fərdi yaşayış evinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (X9 və X10) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli qeydiyyatın ləğv olunması və həmin ünvanda yerləşən fərdi yaşayış evinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 yanvar 2024-cü il tarixli 3-21-33-40/2-H-0018-35/24 nömrəli “çıxarışın ləğv edilməsi ilə bağlı” imtina məktubunda bildirilmişdir ki, vətəndaş X6 adına olan xx.xx.2022-a il tarixli, ********** qeydiyyat və **********81-10301 reyestr nömrəli “Çıxarış”-ın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədi. Məlumat üçün bildirilmişdir ki, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, "Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Bundan başqa təqdim edilən məhkəmə qətnamələri iddiaçı X6 cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və çıxarılmasına dair iddia tələbinin rədd edilməsi ilə baglı olmaqla, sözügedən "Çıxarış "ın ləğv edilməsi ilə bağlı deyildir. Odur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına olan mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarış”-ın ləğv edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

2. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 27 fevral 2025-ci il tarixli 3-21-3-40/2- 962/2025 nömrəli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi üzərində X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli **********81-10301 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-183/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı X8 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1089/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-183/2023 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılması, iddiaçı X6 cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3354/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1089/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2215/2024 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2727/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və X7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və X11) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. II. Məhkəmədə icraat

8. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli qeydiyyatın ləğv olunması və həmin ünvanda yerləşən fərdi yaşayış evinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin payız aylarından bu günədək hazırda da ailəsi ilə yaşadığı0 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin yay aylarında evin sahibi (üçüncü şəxsin anası) X2 Gəncədə yaşayan qardaşı X1 şəhərində fəaliyyət göstərən makler X4 vasitəsi ilə rəngsaz təmiri işlərindən başqa tam hazır bir ev kimi 50.000 (əlli min) ABŞ dolları məbləğinə ona satıblar. Üçüncü şəxs Temur Şabanovu, onun bacısı və atasımı ümumiyyətlə tanımır və heç evin sahibi olan analarını da tanımamışdır. Evi ona evin sahibinin qardaşı Nuru Quliyev satıb. Pulunu da Nuru Quliyevə vermişdir. O da onun, maklerin və bacıları Məlahət Quliyevanın yanında pulu evin sahibi Məhsəti Şabanovaya. o da banka təqdim edib bacıları Məlahət Quliyevanın adına əmanət kimi depozita qoymuşdur. Nuru Quliyev evi onun adına qeydiyyata aldırıb tam təhvil verməyi öhdəsinə götürmüşdür. Düzdür o biri məhkəmə işlərində 3-cü şəxs qismində işə cəlb olundu və hər şeyi o sübut elədi. İndi də evi tam qeydiyyata aldırıb ona sənədləri təhvil verməlidir. O biri iş üzrə məhkəmənin gedişində aydın oldu ki, evi sahibi Məhsəti Şabanova evi 35.000 ABŞ dollarına satmağı Nuru Quliyevə tapşırıb. O da maklerə həmin qiymətdən artıq neçəyə satsa qardaş malı kimi böləcəklərinə söz verib. Ancaq maklerə heç bir qəpik də verilməyib. Heç maklerə makler kimi satılan pulun 2%-ni də verməmişdir. Şəmkir Rayon Məhkəməsində Nuru Quliyev- o qədər pulu maklerə verməkmi olar - ifadəsini ağzından qaçırdı. Aydın olur ki, Nuru Quliyev maklerə çatası pulu bacısı Məhsəti Şabanova ilə bölüşdürüblər. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və R PHŞ-nin 11 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli 3-01-40/2-H-0207- 8/24 saylı məktubundan görünür ki, idarǝ müraciətim əsasında evi qeydiyyata almayıb məhkəməyə müraciət etməyimi tövsiyə ediblər. Yuxarıda qeyd olunanlara əsasən üçüncü şəxs X6 adına aparılan mübahisəli evə dair qeydiyyat ləğv olunmalı və qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan məhkəmə qərarları əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun adına DƏDRX-də qeydiyyata alınmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2740/2025 nömrəli qərardadı ilə İddiaçı cəlbetmə barədə vəsatəti qismən təmin edilərək, X9 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi, vəsatətin X7 üçüncü şəxs kimi cəlb edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.

12. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz amlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində İnzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etiraz bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

15. Tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməmələrinin səbəbləri barədə mhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

18. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyan X3 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 183 kv/m fərdi yaşayış evindən və həmin evin yerləşdiyi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat və **********81-10301 reyestr nömrəli “Çıxarış” la X5 adına qeyd edilmişdir. Torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli **********81-10301 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

19. Hazırda iddiaçı sözügedən fərdi yaşayış evinin ona məxsus olduğunu iddia edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli qeydiyyatın ləğv olunmasını və həmin fərdi yaşayış evinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını tələb edir.

20. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

22. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli fərdi yaşayış evinə dair başqa şəxsin adına aparılmış reyestr qeydini mübahisələndirmək üçün həmin fərid yaşayış evinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

23. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

24. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.

25. Belə ki, İddiaçı iddiasının əsası kimi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1089/2023 nömrəli qətnaməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qətnamə , iddiaçı X6 cavabdeh İddiaçı qarşı cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin rədd edilməsi ilə bağlı olmaqla, üçüncü şəxsin adına aparılmış reyestr qeydinin ləğv edilməsi üçün əsas deyildir.

26. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

27. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

28. Göründüyü kimi, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən fərdi yaşayış evinə dair hər hansı hüququnun mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçıların İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, onlar hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməzlər.

32. Ona görə də, iddia mümkün sayılmamalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar