Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2741/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 5014,62 manat (4617,52 manat vergi borcu və faizlər üzrə 397,1 manat) məbləğində borc hesablanmasına dair qəbul edilmiş qərarların ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə Qazaxyolçular kəndində yerləşən torpaq sahəsinin rəsmləşdirilməsi zamanı 12 saylı Ərazı Vergilər Baş İdarəsinin qərarı ilə iddiaçının əmlakının üzərinə həbs qoyulduğu məlum olmuşdur. Eyni zamanda, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciəti əsasında Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2-2(115)-503/2021 saylı qətnaməsi xx.xx.2022-ci ildə poçt vasitəsi ilə ona göndərilmişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb xx.xx.2021-ci il tarixə 5014.62 manat məbləğində vergi borcunun toplanması olmuşdur. İddiaçı tərəfindən araşdırılaraq müəyyən olunmuşdur ki, qeyd olunan borcun yaranma səbəbi xx.xx.2020-ci il tarixdə AFB BankASC-nin Gəncə filialından aldığı 3700 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialında əmanət hesabında olan 13432,73 manat qarşılığında ona satılmış 7890 (yeddi min səkkiz yüz doxsan) ABŞ dolları olmuşdur. Ümumilikdə iddiaçı 2020 və 2021-ci illər ərzində 11590 (on bir min beş yüz doxsan) ABŞ dolları məbləğində pul almışdır. O, təqaüd alır və bundan başqa üç övladı vardır, övladları hər ay ona ata kimi pul verirlər. Həmin vəsaitləri toplayıb qeyd olunan 11590 (on bir min beş yüz doxsan) ABŞ dolları məbləğində pul almışdır. Eyni zamanda, birinci dəfə xx.xx.2020-ci il tarixdə 3700 (üç min yeddi yüz) ABŞ dolları, ikinci dəfə isə 1 il 2 aydan sonra xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialında əmanət hesabında olan 13432,73 manat qarşılığında ona satılmış 7890 (yeddi min səkkiz yüz doxsan) ABŞ dolları alımışdır. Göründüyü kimi iki il müddətində aldığı vəsaitə görə ona 5014.62 manat borc yazılması əsassızdır. Bu səbəbdən hesab edir ki, cavabdehin qeyd olunan qərarı və onun hüquqi nəticələri ləğv edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********540300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, atasının "xxxx" ASC-nin Gəncə filialında olan əmanət hesabında 13432 manat pulu olmuşdur, həmin pulu bankdan götürəndə dollar şəklində götürmüş, həmçinin digər bankdan 3700 dollar pul almışdır, səbəbi isə ehtiyat pulunu inflyasiyadan qorumaq olmuşdur. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı konvertasiya edilmiş pul məbləğinin mənbəyi ilə bağlı vergi orqanına sənəd təqdim etmədiyindən ona qanunla müəyyən edilmiş qaydada vergi borcu hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********351100 nömrəli məktubundan görünür ki, İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyənnaməsinin və kənarlaşmaların yaranma səbəbləri barədə izahat məktubunun 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********540300 nömrəli qərarından görünür ki, İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 4642.96 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əsas vergi üzrə 4.617.52 manat, faiz üzrə 152,38 manat faiz olmaqla ümumilikdə 4769.90 manat vergi borcu məbləğinin İddiaçı məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixdə nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19480.0 ABŞ dolları məbləğində xarici valyuta əldə etmişdir. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə vergi orqanına hər-hansı təsdiqedici sənədin təqdim edilməməsi əsası ilə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********540300 nömrəli qərarla iddiaçıya 2019-cu il üçün 4642.96 manat gəlir vergisi hesablamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə təsdiq olunur ki, iddiaçının valyuta mübadiləsi əməliyyatı onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından da görünür ki, valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Vergi Məcəlləsində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Cavabdehin nümayəndəsi Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə istinad edərək vergi ödəyicisi tərəfindən bəyənnamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilmədiyi üçün iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndinə əsasən xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Qanunun qeyd olunan normalarının tələbindən də göründüyü kimi iddiaçının valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. Bununla yanaşı iddiaçı konvertasiya olunmuş məbləğin əsas hissəsini aldığı əmək pensiyasından, qalan məbləğin isə övladları tərəfindən verildiyini, inflyasiya təhlükəsinə görə manat şəklində olan pulu ABŞ dollarına dəyişdiyini bildirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçı tərəfindən konvertasiya edilmiş məbləğin vergiyə cəlb edilməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********540300 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********540300 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2741/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2741/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver