Məhkəmə qərarları › İş №2-1(114)-2745/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2745/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2745/2024 07.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətin əmək stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi müddətin əmək stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4 bölməsinin, 19-cu bəndinə əsasən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını, güzəştli iş stajı barədə rəsmi arayışı nəzərə alıb onun 60 yaşı tam olduğu vaxtdan ona güzəştli şətlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 07 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-1999721/2024 nömrəli etirazdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından görünür ki, İddiaçı qanunvericiliklə müəyyən olunan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır. Qeyd etmək istərdik ki, hazırkı iş üzrə mübahisə iddiaçının güzəştli stajı ilə bağlıdır. Bildirmək istərdik ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə qeyd etmək istərdik ki, iddiaçı öz iddia ərizəsində Mərkəzi Filiala təqdim edilən xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-M-246-1/2023 nömrəli arxiv arayışının onun güzəştli stajını təsdiq edən sənəd olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sözügedən Əsasnamənin İİ hissəsində Milli Arxiv İdarəsinin vəzifələri göstərilmiş və həmin hissədə arxiv idarələri tərəfindən güzəştli stajla bağlı hər hansı bir təsdiqedici sənədin təqdim olunması müəyyən olunmamışdır. Qeyd olunanlardan aydın olur ki, arxiv idarələri yalnız arxiv işi sahəsində dövlət siyasətini həyata keçirir. Göstərilən normaların təhlilindən bir daha aydın olur ki, iddiaçı İ. Mayılovun güzəştli stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli, 3-48-13RA/2-M-247-1/2023 nömrəli arxiv arayışı, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surəti, iddiaçıya məxsus 024610 nömrəli diplomun təsdiq olunmuş surəti, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti, cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-M-79931/2024 nömrəli məktub, iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-1999721/2024 nömrəli etiraz, Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-48-13RA/1-30/2024 saylı məktubuna əlvə edilmiş sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın. peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tesdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitınə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21-ci maddəsinə əsasən, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtlərinə daxil edilir. "Sosiaı sığorta haqqında" Azərbaycan Respublikası Qanununun: -1.1.10-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. -14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. -14.3-cü maddəsinə əsasən, bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi. 14.3.2 sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Hazırki işdə mübahisənin predmeti İddiaçı 1990-cı ilin noyabr ayından 1997-ci ilin iyul ayınadək və 2012-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək Dağmədən Filizsaflaşdırma kombinatında işlədiyi müddətin iddiaçının güzəştli sosial sığorta stajına hesablanmaqla 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1990-ci il tarixli, 82-k nömrəli əmrlə xx.xx.1990-cı ildən tex.avtonəqliyyat sexinin C/Daşkəsən sahəsinə mexanik qəbul edilmiş, xx.xx.1992-ci il tarixli, 23-k nömrəli əmrlə Cənubi Daşkəsən mədənunə dəyişdirilmiş, xx.xx.1992-ci il tarixli, 25-k nömrəli əmrlə tex ANS-nin mexaniki xx.xx.1992-ci ildən C/Daşkəsən sahəsinə kolon rəisi keçirilmiş, xx.xx.1992-ci il tarixli, 89-k nömrəli əmrlə C/Daşkəsən sahəsinin kalon rəisi xx.xx.1992-ci ildən həmin sexə mexanik keçirilmişdir. xx.xx.1993-cü il tarixli, 2-k nömrəli əmrlə C/Daşkəsən sahəsinin mexaniki xx.xx.1993-cü il tarixdən həmin sahəyə kalon rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixli, 58-1-k nömrəli əmrlə Cənubi Daşkəsən mədəninin kalon rəisi mexaniki xx.xx.1993-cü ildən ANS-ə 5-ci dərəcə ilə çilingər dəyişdirilmiş, xx.xx.1997-ci il tarixli, 17-k nömrəli əmrlə ştatın ixtisarı ilə əlaqədar olaraq xx.xx.1997-ci ildən işdən azad edilmişdir. xx.xx.2012ö-ci il tarixli, 72-k nömrəli əmrlə İddiaçı-xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-nin X5 Yoluna Növbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli, 02-k nömrəli əmrlə "xxxx" ASC-nin X5 Yolunun Növbə rəisi xx.xx.2019-cu il tarixindən "xxxx" ASC-nin X5 Yoluna mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 03-k nömrəli əmrlə X5 Yolunun mexaniki ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin il ərzində (hesablanma dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular bəndində iddiaçının işlədiyi vəzifələrdən yalnız mexanik vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçıya təqdim edilmiş arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixli, 25-k nömrəli əmrlə tex ANS-nin mexaniki xx.xx.1992-ci ildən C/Daşkəsən sahəsinə kolon rəisi keçirilmiş, xx.xx.1993-cü il tarixli, 2-k nömrəli əmrlə C/Daşkəsən sahəsinin mexaniki xx.xx.1993-cü il tarixdən həmin sahəyə kalon rəisi vəzifəsinə keçirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”da kalon rəisi vəzifəsi siyahıda mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının 1990-cı ilin noyabr ayından 1997-ci ilin iyul ayınadək və 2012-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək Dağmədən Filizsaflaşdırma kombinatında işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətin əmək stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar