Məhkəmə qərarları › İş №2-1(114)-2747/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2747/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2747/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi və ƏDV faizinin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi və ƏDV faizinin geri qaytarılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli Güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən satıcı - "xxxx" MMC ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********76-05301-093041 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa/daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi, mənzilin satış qiyməti olan 51918 (əlli bir min doqquz yüz on səkkiz) manatın 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində olan hissəsinin alıcı-ipoteka qoyan - İddiaçı tərəfindən, 46725 (qırx altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsinin isə kreditoripoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan - İddiaçı arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli kredit müqavilsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 51918 manat "xxxx" MMC-yə ödənilmişdir.

3. İddiaçı ödənilmiş ƏDV məbləğinin 30 faizinin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsini qərara almışdır.

4. Qərar onunla əssslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası"nın 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bındinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. II. Məhkəmədə icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ƏDV-nin geri qaytarılması tələbinin təmin edilməməsi barədə cavabdeh inzibati orqanın (vəzifəli şəxsin) qəbul etdiyi 31 mart 2023-cü il tarixli qərarın ləğv olunması və 51918 manat nağdsız ödənişə görə hesablanmış ƏDV-nin 30 faizinin ona ödınilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini, vergi xidməti müşaviri Rəşad Sadıqovun 31 mart 2023-cü il tarixli **********198800 nömrəli qərarı ilə onun aldığı yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin 30 faizinin qaytarılmasına dair tələbi təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən vergi orqanının 31 mart 2023-cü il tarixli **********198800 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 07 fevral 2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Xarici Azərbaycan Dairəvi yolu 8, bina 24-də yerləşən 5 nömrəli mənzili almış, mənzilin satış pulu olan 5198 manatı nağdsız qaydada satıcının bank hesabına ödəmişdir. 25 may 2022ci il tarixli Fərmanla təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar İnternet Vergi İdarəsində müvafiq portal yaradılmaqla, 21 noyabr 2022-ci il tarixdən istifadəyə verildiyi üçün 20 fevral 2023-cü ildə elektron kabinet vasitəsi ilə ödənişin verilməsi üçün vergi orqanlarına müraciət etmişdir. Qaydalarda nəzərdə tutulmuş 90 günlük müraciət müddətini ötürməyi barədə inzibati orqanın qərarı əsassızdır. Belə ki, 90 günlük müddətin axımı İnternet Vergi İdarəsində müvafiq portalın yaradıldığı 21 noyabr 2022-ci ildən başladığından, təqvim günləri ilə onun 90 günlük müraciət müddətinin sonuncu günü 18 fevral 2023-cü il tarixə düşür. 18 fevral şənbə günü, 19 fevral bazar günü olmaqla qeyri-iş günləri olduğundan 90 günlük müddətin sonuncu günü növbəti iş günü kimi 20 fevral 2023-cü il hesab olunur. 20 fevral 2023-cü ildə müraciət etdiyindən o, müraciət müddətini ötürməmişdir. Cavabdehin 31 mart 2023-cü il tarixli qərarında da həmin Qanunun normalarına istinad etməsi onun gəldiyi qənaətin əsaslı olduğunu təsdiq edir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 48.5, 48.6-cı maddələrinin məzmunundan göründüyü kimi, inzibat icraatda müddətlər təqvim günləri ilə hesablanır. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Müraciət müddətinin son günü qeyri-iş gününə, yəni 18 fevral 2023-cü ilə düşdüyündən, növbəti iş günü 20 fevral 2023-cü il hesab olunduğundan və o, 20 fevral 2023-cü il tarixdə elektron portal vasitəsi ilə inzibati orqana müraciət etdiyindən 90 günlük müraciət müddətini ötürməmişdir, inzibati orqanın müraciət müddətini ötürməyinə dair gəldiyi nəticə şərh olunan qanunların tələblərinə ziddir və ona görə də ləğv edilməlidir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya hüquqi yardım barədə sərəncam göndərilərək, hazırkı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə müraciətinizin təmin edilməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən imtina edildiyi və həmin orqanın cavabdeh qismində qeyd edilməli olması onun nəzərinə çatdırılmış, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ona vaxt müəyyənedilmişdir.

9. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını və xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarın ləğv edilməsi və mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

12. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

13. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarının ləğvi ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

14. Cavabdeh Milli Gəlirlər Baş İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Ağdam rayonu, İmamqulubəyli kəndi) verilmişdir və Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

22. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı" elektron ərizə ilə müraciət etmişdir. Müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın tələblərinə cavab vermədiyi, müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü müəyyən edilmişdir. Belə ki, ərizəçinin vergi orqanına təqdim etdiyi ərizəsinə əlavə edilmiş ödəniş sənədinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğ satıcıya nağdsız qaydada xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmanın nəticəsi üzrə xx.xx.2023-cü il tarixli **********198800 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərar qəbul edilərək ərizəçiyə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 90 günlük müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. Həmin gün şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyindən müraciət üçün son gün növbəti iş gününə, yəni xx.xx.2023-cü il tarixə keçmişdir. Bununla bağlı bildirilir ki, yuxarıda qeyd olunan Qaydaların 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" ilə tənzimlənir. Həmin qaydalarda müraciət üçün nəzərdə tutulmuş müddət 90 gün müəyyən edilmiş və son günün qeyri-iş gününə düşməsi ilə əlaqədar hər hansı istisna nəzərdə tutulmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli Güzəştli mənzilin alqı-satqısı və ipotekası müqaviləsinin surəti; - xx.xx.2020-ci il tarixli 196 nömrəli ödəniş tapşırığının surəti; - xx.xx.2023-cü il tarixli ƏDV geri qaytarmaq üçün müraciətin surəti; - "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarın surəti. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 24-də yerləşən 5 nömrəli mənzili almış və mənzilin satış qiyməti olan 51918 manatı nağdsız qaydada satıcının bank hesabına ödəmişdir.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası"nın icrası ilə əlaqədar İnternet Vergi İdarəsində müvafiq portal yaradılmaqla, 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir.

27. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə vergi orqanına müraciət edərək mənzilin dəyəri olan 51918 manata görə ödədiyi ƏDV məbləğinin 30%-nin geri qaytarılmasını xahiş etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023cü il tarixli **********198800 nömrəli qərarı ilə müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü üçün İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

28. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək, göstərmişdir ki, ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir,

29. Məhkəmə iddiaçının dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını isə əsassız sayaraq qeyd edir ki, iddiaçının müraciət müddətini ötürməsinə dair cavabdehin gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidddir və ona görə də bu barədə qərar ləğv edilməlidir.

30. Belə ki, "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərardan görünür ki, cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası"nın 5.1-ci və 5.3-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

31. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na görə: Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Bənd 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Bənd 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: - 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; - 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. Bənd 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bənd 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Bənd 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Bənd 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır.

33. Yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmalı, elektron kabinet vasitəsilə müraciətini və tələb olunan sənədləri skan edərək portala göndərməlidir.

34. Göründüyü kimi, qanunverici ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulan müddəti 90 günlə məhdudlaşdırmışdır.

35. Məhkəmə qeyd edir ki, hazırkı işdə İnternet Vergi İdarəsində portalın xx.xx.2022ci il tarixdə istifadəyə verilməsi ilə 90 günlük müddətin axımının həmin tarixdən başlanıldığı nəzərə alınmaqla, iddiaçı üçün müraciətin son günü xx.xx.2023-cü il tarixə, yəni şənbə gününə düşür.

36. İddiaçı sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən müraciət üçün son günün növbəti iş gününə, yəni xx.xx.2023-cü il tarixə keçirməklə, həmin gün mürcaiət etmişdir.

37. Cavabdeh orqan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" ilə tənzimləndiyini və həmin qaydalarda müraciət üçün nəzərdə tutulmuş müddətin 90 gün müəyyən edildiyini və son günün qeyriiş gününə düşməsi ilə əlaqədar hər hansı istisnanın nəzərdə tutulmadığını əsas gətirmişdir.

38. Halbuki, cavabdeh orqan iddiaçının müraciətinə baxan zaman inzibati icraat həyata keçirən orqan qismində çıxış etdiyinə görə istinad etdiyi Qaydalarla yanaşı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda təsbit edilmiş inzibati icraatın prinsiplərini və prosedur qaydalarını da rəhbər tutmalı idi. Həmin Qanunda isə müddətin son gününün qeyri-iş gününə düşəcəyi halda, növbəti iş gününün müddətin qurtardığı gün hesab olunması təsbit edilmişdir.

39. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 48.5. Müddətlər təqvim günləri ilə hesablanır. Maddə 48.6. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

40. Bundan başqa, digər məsələlərlə yanaşı həm də vergi orqanlarının fəaliyyətini tənzimləyən Vergi Məcəlləsində də qeyd edilmişdir ki, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

41. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Maddə 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

42. Məhkəmə istinad olunan normaların məzmununa əsaslanaraq hesab edir ki, hazırkı işdə İnternet Vergi İdarəsində portalın istifadəyə verildiyi xx.xx.2022-ci il tarixdən ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulan son gün xx.xx.2023cü il tarixə təsadüf edir. Həmin tarix isə qeyri-iş gününə (şənbə günü) düşdüyünə görə növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixi müddətin qurtardığı gün hesab olunur.

43. Göründüyü kimi, xx.xx.2023-cü il ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulan son gün olduğundan və İddiaçı həmin gün elektron kabinet vasitəsilə vergi orqanına müraciət etdiyindən, ƏDV-nin qaytarılması ilə bağlı nəzərdə tutulmuş 90 günlük müddət ötürülməmişdir.

44. Beləliklə, hazırkı mübahisə iddiaçı tərəfindən ƏDV-nin qaytarılması ilə bağlı nəzərdə tutulan 90 günlük müddət ötürülmədiyindən, inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməli və iddiaçının mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarı ləğv edilsin. İddiaçı mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar