Məhkəmə qərarları › İş №2-1(114)-275/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-275/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-275/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X8 katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1986-1990, 1990-1992, 1992-1999 və 1999-2004-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxiledilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, pensiyanın təyin edilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə müraciət etmiş, lakin 1986-1990, 1990-1992, 1992-1999 və 1999-2004-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxiledilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının 13 il 3 ay 11 gün sığorta stajı vardır. Əmək kitabçasında göstərilən 1986-2004-cü illərdə göstərilən sosial sığorta haqqı keçirilən dövr iş stajı kimi qəbul oluna bilər. Tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyatəminatına imkan vermədiyindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1986-1990, 1990-1992, 1992-1999 və 1999-2004-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı 03160617 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti ; - xx.xx.1972-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********2 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surəti; - Göygöl rayon Dövlət Arxivinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surəti; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019cu il tarixli, 732/4 nömrəli və Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli arxiv arayışları; - ******* nömrəli və 1971-ci il tarixli əmək kitabçalarının təsdiq edilmiş surətləri. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X9 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 1986-1990, 1990-1992, 1992-1999 və 1999- 2004-cü illərdə müxtəlif müəssisələrdə işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, iş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli, 732/4 nömrəli arxiv arayışından görünürki, “xxxx” Birgə Müəssisəsinin əmr kitabları Dövlət Arxivinin Gəncə filialına xx.xx.1987-ci il tarixdən təhvil verildiyindən, İddiaçı işə qəbul olunma əmri arayışda göstərilməmişdir. “xxxx” Birgə Müəssisəsinin xx.xx.1990-xx.xx.1991, xx.xx.1996-2005-ci illər üzrə əmk kitabları yoxlanılmış, İddiaçı 1997-ci ildə işdən azad olunma əmri aşkarlanmamışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, 2 nömrəli Qaçqın inşaar X6 sənədləri mühafizə olmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmənin sorğusu əsasında: - Göygöl rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 40 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində mövcud olan statistik vahidlərin Dövlət reyestri 1996-cı ildə yaradıldığından, Xanlar rayon 6 nömrəli X3 dair məlumatlar reyestrdə mövcud deyildir. - Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/061 nömrəli məktubundan görünür ki, Xanlar rayon 6 nömrəli X4, 2 nömrəli “Qaçqıninşaat” X11 Gəncə şəhər Statistika İdarəsi üzrə “Statistik vahidlərin Dövlət reyestri”ndə mövcud deyildir. UPTK Trestiki isə müəyyən etmək-dəqiqləşdirmək mümkün olmamışdır. - Samux rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 18 nömrəli məktubundan görünür ki, 2 nömrəli “Qaçqıninşaat” X11 Samux rayonunda statistik vahidlərin dövlət reyestrinə daxil olmamışdır. “Dövlətqaçqınkomun” Samux Təmir-Tikinti və İstehsalat İdarəsi isə 1996-cı ildən statistik vahidlərin dövlət reyestrinə daxil olmuşdur və hal-hazırda hüquqi ünvanı Gəncə şəhəridir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********473500 nömrəli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, Xanlar rayon 6 nömrəli X4, 2 nömrəli “Qaçqıninşaat” X11 və “Dövlətqaçqınkomun” Samux Təmir-Tikinti və İstehsalat İdarəsi vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2020-ci il tarixli, 302/3 nömrəli məktubundan görünür ki, Xanlar rayon 6 nömrəli X1, 2 nömrəli “Qaçqıninşaat” X6 və “Dövlətqaçqınkomun” Samux Təmir-Tikinti və İstehsalat İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Göründüyü kimi, İddiaçı 1986-1990, 1990-1992, 1992-1999 və 1999-2004-cü illərdə UPTK Trestində, Xanlar rayon 6 nömrəli X2, 2 nömrəli “Qaçqıninşaat” X7 və “Dövlətqaçqınkomun” Samux Təmir-Tikinti və İstehsalat İdarəsində işlədiyini iddia etsə də, həmin illərdə işləməsinə dair müvafiq arayışları, işə girmə və işdən çıxma əmrlərini və digər sübutları məhkəmə iclasları zamanı məhkəməyə təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, cavabdehin nümayəndəsinin izahatına, iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahata, eləcə də inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar tam olmadığından iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə qarşı 1986-1990, 1990-1992, 1992-1999 və 1999-2004-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan rayon şöbəsinə qarşı 1986-1990, 1990- 1992, 1992-1999 və 1999-2004-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar