Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2750/2022 06.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında inşa edilmiş 254 kv.m ümumi sahə, o cümlədən 85 kv.m tikinti sahəsi, 63.5 kv.m terras olmaqla qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A ünvanda yerləşən və mülkiyyətində olan fərdi yaşayış evinin yerində müvafiq səlahiyyətli qurumların razılığı və təsdiq edilmiş layihə əsasında 254.0 kv.m ümumi sahə, o cümlədən 85.0 kv.m tikinti sahəsi, 63.5 kv.m terras olmaqla qeyri-yaşayış binası inşa etmişdir. Qeyd olunan bina Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X6 Xidməti tərəfindən müayinə edilmiş və müsbət rəy verilmişdir. Bununla yanaşı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 01 nömrəli xx.xx.2020-ci il tarixli müvafiq sənədi ilə istismarına icazə verilmişdir. İddiaçı inşa edilmiş bina üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı tikilinin faktiki ölçüləri ilə təqdim edilmiş layihə arasında uyğunsuzluğun olduğu, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintiyə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilmədiyi və tikintiyə icazə verilməsi barədə qərarın ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, qeyri-yaşayış binası hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi sökülərək yerində inşa edilmişdir və fərdi yaşayış evi üzərində hüquqların ləğvi barədə ərizə təqdim edilməmişdir. Bundan əlavə tikintialtı torpaq sahəsinin 5.4 kv.m hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən artıq olduğu aşkar edilmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0027 nömrəli aktan görünür ki, ünvan 2 ünvanında inşa olunmuş zirzəmili, iki (terass) mərtəbəli qeyri-yaşayış obyekti Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın, 2.04.0984 “Bina və qurğuların yanğın avtomatıkası” Tikinti Norma və Qaydalarının, 2.08.02-89 "İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, “X1 Qayadaları”nın və 2.02 01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1039 nömrəli rəydən görünür ki, ünvan 2 ünvanında fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq şərtlərini ödəyir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 115 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A ünvanında yerləşən, İddiaçı məxsus mülkdə inşa edilmiş binasının rəsmiləşdirilməsi və İddiaçı adına qeydiyyata alınması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 01 nömrəli Tikinti obyektinin istismarına icazədən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A İddiaçı tərəfindən inşa edilmiş tikinti obyektinin istismarına icazə verilmişdir. -Cavabdehin xx.xx.2022-ci il tarixli, **********19 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikinti obyekti Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 115 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A ünvanında yerləşən, İddiaçı məxsus mülkdə inşa edilmiş binasının rəsmiləşdirilməsi və İddiaçı adına qeydiyyata alınması qərara alınmışdır. İddiaçı həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi “Tikinti obyektinin istismarına icazə” sənədində tikintiyə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilmədiyi və tikintiyə icazə verilməsi barədə qərarın ərizəyə əlavə edilmədiyi, qeyriyaşayış binası hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi sökülərək yerində inşa edilməsi və fərdi yaşayış evi üzərində hüquqların ləğvi barədə ərizə təqdim edilməməsi, bundan əlavə tikintialtı torpaq sahəsinin 5.4 kv.m hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən artıq olduğu aşkar edilməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilmiş sübutlardan görünür ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 01 nömrəli sərəncamı ilə Tikinti obyektinin istismarına icazə sənədi əsasında həmin obyektin istismarına icazə verilmişdir. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Belə ki, sözügedən sənəd müvafiq orqan (Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti) tərəfindən tərtib edilmişdir və həmin sənədin vahid formasına aidiyyəti orqan tərəfindən əməl edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə müvafiq kodun alınmaması iddianın əsassız olmasına dəlalət etmir, çünki qanunvericilik həmin prosedurun həyata keçirilməsi vəzifəsini istismara icazə verən qurumun üzərinə qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: -103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; -103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; -103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; -103.1.4. tikinti obyektinin istismar təyinatı; -103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; -103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A ünvanda yerləşən qeyri-yaşayış binası tikintialtı torpaq sahəsinin 5.4 kv.m hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən artıq inşa edilmişdir. Bu səbəbdən həmin hissədə cavabdeh orqanın imtinası əsaslıdır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək a Gəncə şəhəri, Cavadxan küçəsi, 1ci döngə, 5A ünvanında inşa edilmiş 254 kv.m ümumi sahə, o cümlədən 85 kv.m tikinti sahəsi, 63.5 kv.m terras tikintialtı torpaq sahəsinin mülkiyyətdə olan torpaq sahəsindən artıq 5.4 kv.m hissəsi istisna olmaqla qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Cavadxan küçəsi, 1-ci döngə, 5A ünvanda inşa edilmiş tikilinin tikintialtı torpaq sahəsinin mülkiyyətdə olan torpaq sahəsindən artıq 5.4 kv.m hissəsi istisna olmaqla üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2750/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2750/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver