Məhkəmə qərarları › İş №2-1(114)-2752/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2752/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2752/2023 19.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı milliyyət qrafasına dəyişiklik edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı onun və uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğum akt qeydlərində milliyyət qrafasına dəyişiklik edilərək, “azərbaycanlı” əvəzinə “alman” qeyd edilməsi və uşaqlarına həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X5 ilə X15 xx.xx.1974-cü il tarixdə nikah bağlamışlar. Nikahdan sonra arvada Sadıqova soyadı verilmişdir.

2. İddiaçı xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X6 milliyyəti nemes olmuşdur.

3. İddiaçı X7 ilə xx.xx.2006-cı il tarixdə nikah bağlamışlar. Nikahdan sonra arvada Sadıqova soyadı verilmişdir.

4. X10 xx.xx.2006-cı il, X13 xx.xx.2010-cu il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuşlar. Ataları İddiaçı milliyyəti azərbaycanlı, anaları X4 milliyyəti azərbaycanlı olmuşdur.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-979/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə övladları - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 verilmiş AZ-İ 854608 seriyalı və AZ-İİ 533353 seriyalı şəhadətnamələrdə yazılmış ata İddiaçı milliyyəti qrafasında “azərbaycanlı” sözünə düzəliş edilərək “alman” qeyd edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verməmiş və qanuni qüvvəsini almışdır.

6. İddiaçının Cavabdehnə etdiyi müraciətinə cavab olaraq həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-12-194/2023 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 1-ci bəndinə uyun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığı səbəbindən onun və uşaqlarının doğum akt qeydində milliyyət qrafasına düzəliş edilməsinə dair ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün deyil.

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun və uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğum akt qeydlərində miliyyət qrafasına dəyişiklik edilərək, “azərbaycanlı” əvəzinə “alman” qeyd edilməsi və uşaqlarına həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o – İddiaçı xx.xx.1983-c il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuşdur. X2 xx.xx.1974-cü ildə anası X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Anası Sadıqova (Qotfrid) Nina Adolfovna milliyyətcə almandır. Bu səbəbdən ona verilən İХ-ЖГ 381107 seriyalı doğum haqqında şəhadətnamədə anasının milliyyəti qrafasında nemes (alman) qeyd edilmişdir. Eləcə də, anası Sadıqova (Qotfrid) Nina Adolfovnanın doğum haqqında şəhadətnaməsində onun atasının və anasının milliyyəti qrafasında “alman” qeyd edilmişdir. O, 2005-ci ildə X7 ilə qeyri-rəsmi ailə qurmuş, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X13 doğulmuşdur. Övladlarına verilmiş AZ-İ 854608 saylı və AZ-İİ 533353 saylı doğum haqqında şəhadətnamələrdə ata qrafasında İddiaçı milliyyəti qrafasında “alman” əvəzinə “azərbaycanlı” qeyd edilmişdir. Lakin onun milliyyəti ana tərəfdən almandır. Ona görə də uşaqlarına verilən doğum haqqında şəhadətnamələrdə də atanın milliyyəti qrafasında “alman” qeyd edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

12. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı X2 milliyyətcə azərbaycanlı, anası X12 isə milliyyətcə nemes olmuş və onun doğum haqqında şəhadətnaməsində valideynlər barədə məlumat buna müvafiq olaraq qeyd edilmişdir. İddiaçı X7 ilə birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqlarının doğum haqqında şəhadətnamələrində valideynlərinin hər ikisinin də milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir.

13. İddiaçı əvvəlcə, Cavabdehnə qarşı İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə övladları - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 verilmiş AZ-İ 854608 seriyalı və AZ-İİ 533353 seriyalı şəhadətnamələrdə yazılmış ata İddiaçı milliyyəti qrafasında “azərbaycanlı” sözünə düzəliş edilərək “alman” qeyd edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-979/2023 nömrəli qərarı ilə iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verməmiş və qanuni qüvvəsini almışdır.

14. Bundan sonra iddiaçı bu dəfə cavabdeh orqana özünün və övladlarının doğum akt qeydlərində milliyyət qrafasına düzəliş edilərək “alman” qeyd edilməsi ilə bağlı müraciət etmiş və imtina cavabı aldıqdan sonra eyni məzmunlu tələblə məhkəməyə müraciət edərək, göstərmişdir ki, onun milliyyəti ana tərəfdən alman olduğuna görə uşaqlarına verilən doğum haqqında şəhadətnamələrdə də atanın, yəni onun milliyyəti qrafasında “alman” qeyd edilməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na görə: Bənd 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

17. Məhkəmə qeyd edir ki, hazırkı işdə İddiaçı özünün doğum akt qeydində milliyyəti qrafasında dəyişiklik edilməsi ilə bağlı tələbi ona görə mümkün sayıla bilməz ki, bu qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, yuxarıda sadalanan normalardan da göründüyü kimi, Azərbaycan Respublikasında vətəndaşların milliyyəti yalnız onların övladlarının doğum haqqında akt qeydlərində göstərilməklə, bu barədə şəhadətnamələrində yazılır. Əsas da onların doğum haqqında şəhadətnamələrində valideynlərinin milliyyəti çıxış edir. Yəni, şəxsin doğum haqqında akt qeydində özünün (doğumu qeydə alınan uşağın) milliyyəti qeyd edilmir, yalnız valideynlərin milliyyəti qeyd edilir. İddiaçının da milliyyəti yalnız onun övladlarının doğum akt qeydində göstərilmişdir. İddiaçı yalnız valideynlərinin milliyyəti ilə bağlı düzəliş edilməsi ilə bağlı tələb irəli sürə bilər ki, hazırkı iş materialları və iddia ərizəsi ilə iddiaçının hüquqi marağının bu istiqamətdə olması müəyyən edilmir. O, valideynlərindən atasının azərbaycanlı, anasının alman olmasını göstərmişdir və onun doğum akt qeydində də həmin məlumatlar eynilə qeyd edilmişdir.

18. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, məhz övladları xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğum haqqında akt qeydlərində atalarının, yəni onun milliyyətinin düzgün qeyd edilməməsi səbəbindən ona dəyişiklik edilməsi və milliyyətinin “azərbaycanlı”dan “alman”a düzəliş edilməsindən ibarətdir ki, bu halda da iddiaçının övladlarına məxsus sənəddə dəyişiklik edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Çünki, qeyd edilən sənədlər (doğum haqqında şəhadətnamələr) X10 və X11 məxsus olduğundan, onların özü ataları İddiaçı milliyyətinin həmin sənədlərdə dəyişdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Məhz, İddiaçı milliyyətinin onun övladlarının doğum akt qeydlərində düzgün göstərilməməsi halı ilə də onun hüquqlarına deyil, övladlarının hüquqlarına hər hansı müdaxilə halı baş verə bilər ki, bu da hazırkı tələblə sonuncuların iddia qaldırmalı olduğunu bir daha təsdiq edir.

19. Məhkəmə qeyd edir ki, iddianın subyektiv hüquqla bağlı mümkünlük şərtinin ödənilə bilməsi üçün iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməli və inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmalıdır.

20. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

21. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

22. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

23. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Hazırkı halda iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

25. Məhkəmə onu qeyd edir ki, iddiaçının övladları - X10 xx.xx.2006-cı il təvəllüdlü olmaqla onun 17 yaşı, X13 isə xx.xx.2010-cu il təvəllüdlü olmaqla, onun 13 yaşı var. Onlar mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli şəxslər sayılsalar da, X10 Azərbaycan Respublikası İPM-nin 26.1.2-ci maddəsinə müvafiq olaraq inzibati fəaliyyət qabiliyyətli şəxs olduğundan özü müstəqil iddia qaldıra bilər. X13 isə qanuni nümayəndəsi olan atası vasitəsilə iddia verə bilər.

26. Bundan başqa, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Bununla belə, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin xətanın aradan qaldırılmasından, eyni zamanda iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin ediləcəyi və həmin xətanın aradan qaldırılacağı halda belə, bu iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

28. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə (bu qərarın əsaslandırıcı hissəsində qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla) ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar