Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2753/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (Adil Mamedov) oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşıdır, subaydır. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək Qohumluq münasibətləri əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarı ilə Rusiya Federasiyası vətəndaşı Mamedov Adilin xx.xx.2021-ci il tarixli müraciəti təmin edilmiş, iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək Qohumluq münasibətləri əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Həmin zaman iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə X8 regional laboratoriyasına müayinəyə göndərilmiş, İİV, viruslu hepatitlər B və C-yə, İFA müayinəsi zamanı “Viruslu hepatit C” müayinəsinin nəticəsi müsbət olmuş, bu barədə adı çəkilən laboratoriyanın xx.xx.2022-ci il tarixli, 030292 nömrəli arayışı cavabdehə təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti təmin edilməmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərar ləğv edilmişdir. Qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ona verilmiş Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçə “tələbin həcminin azaldılması barədə” ərizə təqdim edərək məhkəmədən xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonunun Maarif kəndində anadan olmuş, elə həmin tarixdə də, aidiyyəti qurum tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. Milliyyətcə Azərbaycanlı, atası X1, anası X6 və qardaşı X7 Azərbaycanlıdır. X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. 1980-1981-ci tədris ilində Gədəbəy rayonunun Maarif kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş, 1993- 1994-cü tədris ilində on birinci bitirmiş, ona A № 0960 nömrəli arayış verilmişdir və bu fakt həmin məktəb tərəfindən verilmiş arayışla öz təsdiqini tapır. Həmçinin 06 sentyabr 2022-ci il tarixli arxiv arayışında Slavyanka kənd İƏD üzrə nümayəndəliyinin Maarif kəndi üzrə 2011- 2015-ci illərə dair 13 nömrəli Təsərrüfatbaşına kitabın 1107-ci şəxsi hesabında qeydiyyatda olmaqla mərhum Qoşqar Məmmədovun adına təsərrüfat qeyd edilib və onun ailə üzvü siyahsında iddiaçının adı da qeyd edilmişdir. Məhz bu səbəblərdən ona verilmiş Azərbaycan Respublikasının ərazisində müvvəqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 avqust 2022-ci il tarixli qərarı ilə müraciəti təmin edilməmiş və müvvəqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı qərar ləğv edilmişdir. Halbuki, Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, analiz nəticələrindən məlumatı vardır. Cavabdeh iddia tələbinə dair etiraz təqdim etmişdir. Etirazında bildirir ki, iddia əsassızdir və təmin edilməməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə müvəqqəti yaşamaq üçün icazənin əldə olunması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma aparılmış və DMX-nin xx.xx.2021-ci il tarixli 8095382 saylı qərarla şəxsə 28 avqust 2021-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir (qərar etiraza əlavə olunur). Şəxsin (xx.xx.2022-ci il tarixdə) növbəti müraciəti zamanı şəxsdə Hepatit C virusunun daşıyıcısı olduğu müəyyən edilmiş (AR Səhiyyə Nazirliyinin QİÇS-lə X8 Regional laboratoriyasının 030282 saylı arayışı etiraza əlavə olunur) və bu səbəbdən onun vəsatəti rədd edilmişdir (bu barədə inzibati icraat materialları etiraza əlavə olunur). Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Beləliklə, qanunun normasından göründüyü kimi yalnız əcnəbinin Azərbaycan Respublikası vətəndaşı ilə nikahı varsa, həmin əcnəbiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Belə halın aşkar olunmadığı səbəbindən onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə (zərfdəki möhür tarixindən) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh vergi orqanının “xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı” mübahisələndirildiyindən, həmin qərarın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Maddə 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Maddə 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Maddə 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); Maddə 56. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”:
4. B və C hepatitləri. İşin müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə X8 regional laboratoriyasının xx.xx.2022-ci il tarixli, 030292 nömrəli arayışı ilə iddiaçının müayinəsi zamanı “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nda olan “Viruslu hepatit C” aşkar edilmişdir. Cavabdeh qurum da Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.5-ci maddəsini rəhbər tutaraq iddiaçının Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı qərarını ləğv etmişdir. Məcəllənin qeyd olunan normasında birbaşa imperativ olaraq təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcılarına Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmədiyi qeyd edilmişdir. Həmin maddədə istisna hal kimi qeyd edilən vəziyyət - Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olma halı iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı (Adil Mamedov) oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev