Məhkəmə qərarları › İş №2-1(114)-2754/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2754/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2754/2023 03.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolu ilə 0.04 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və bu barədə JN-449A kod 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Gəncə şəhər XDS-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarına əsasən İddiaçı Gəc zavodu ərazisindən 54 nömrəli kvartaldan 0.04 ha torpaq sahəsi verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisində 0.04 ha torpaq sahəsində yerləşən 92.4 kv.m ölçüdə baş evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00- 11301 reyestr nömrəli texniki pasport verilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-267/2022 qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(83)-21/2017 nömrəli qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2283/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı və X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarə tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, 3-cü şəxs X1 adına verilmiş xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 saylı şəhadətnamə alınarkən artıq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinə ilkin sənədlər təqdim olunmamışdır. Belə ki, AR Milli Arxiv İdarəsi AR X6 Filialına verilən sorğuya xx.xx.2023-cü il tarixli cavabında bildirmişdir ki, X2 Gəncə şəhəri, Məhsəti (keçmiş Sevinc) qəsəbəsi ərazisindən torpaq sahəsi ayrılması barədə adlı siyahıları filiala təhvil verilməmişdir. Eyni zamanda AR İN ƏMDX DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi də sorğuya xx.xx.2023cü il tarixli cavabında bildirmişdir ki, Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli iclas protokoluna əsasən ləğv edilmiş DT və XK-nin Gəncə şəhər şöbəsi tərəfindən JN-449A KOD 20000002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X1 adına işləndiyi, şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Belə ki, artıq ləğv edilmiş DT və XK-nın tərtib etdiyi sənədlər Dövlət Arxivində olmalıdır və 3-cü şəxsə verilmiş şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər arxivdə olmalıdır. Həmçinin 2006-cı ildə verilmiş şəhadətnamə 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında olmaması şəhadətnamənin əsasının olmamasını sübut edir, deməli şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyesrti haqqında” Qanunun tələblərinə zidd olaraq alınmışdır. 3-cü şəxs Bağırova Bənövşə saxta əldə etdiyi şəhadətnaməni əsas tutaraq, onun mülkiyyətində olan qanuna uyğun olaraq, tələb olunan bütün ilkin sənədləri təqdim edərək Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsinin 29 saylı küçəsində 0,04 ha həcmdə torpaq sahəsinə iddia etməsi onu məcbur edir ki, üçüncü şəxsin əldə etdiyi saxta, qanunsuz şəhadətnaməsinin məhkəmədən ləğvini tələb etsin. Ona məxsus olan torpaq sahəsi Cpslə müəyyən edilərək, ölçü aparılaraq cavabdeh tərəfindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən 3-cü şəxsə verilmiş şəhadətnamədə isə heç bir koordinatın, qonşu, ətraf obyektlərin haqqında məlumatların olmaması 3-cü şəxsə imkan verir ki, ona və digər şəxslərə iddia qaldıraraq özgənin torpağını əldə etsin. Cavabdehə ərizə ilə müraciət edərək 3-cü şəxs Bağırova Bənövşənin adına verilmiş xx.xx.2006-cı il tarixli, JN-449A, KOD 20000002 saylı şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavabında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolu ilə 0.04 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və bu barədə JN-449A kod 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı iddia tələbində X1 mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsinin ona aid olmasını əsas gətirməklə, həmin torpağa dair tərtib edilmiş JN- 449A kod 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunmasını xahiş edir.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

13. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportunun və xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Həmin iddiaya yuxarı instansiya məhkəmələrində bir neçə dəfə baxılmış və yekunda Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-267/2022 qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(83)-21/2017 nömrəli qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2283/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (istinad olunan qərarlar 2- 1(83)-21/2017 nömrəli iş materiallarından çıxarış edilərək hazırkı iş materiallarına əlavə edilmişdir).

15. Göründüyü kimi, İddiaçı hazırda mübahisə pedmeti olan torpaq sahəsinə dair subyektiv hüququna əsas verən hüquqmüəyyənedici sənədlər yuxarıda qeyd olunan və qanuni qüvvədə olan məhkəmə qərarları ilə ləğv edilmişdir. Bu halda onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu aradan qalxır.

16. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

17. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

18. Belə ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

19. Yəni, hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair hüququ olmalıdır ki, mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun hüquq və mənafeləri pozulmuş olsun.

20. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

21. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

22. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar