Məhkəmə qərarları › İş №2-1(114)-2755/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2755/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2755/2025 01.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı soyadının “Verdili”dən “Verdiyev”ə dəyişdirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X7 xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 60 nömrəsi ilə qeyd aparılmış, atası X5, anası X3r. İddiaçının xx.xx.2016-cı il tarixli ərizəsi əsasında Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən onun soyad sonluğu “ev”dən “li”yə dəyişdirilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə doğum akt qeydində düzəliş edilmişdir. İddiaçı soy ad sonluğunda düzəliş edilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-2687/2024 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuş və bildirilmişdir ki, yenidən əvvəlki soyada qayıtmaq üçün qanunvericilikdə müəyyən olunmuş əsasların olmaması səbəbindən xahişin təmin edilməsi inzibati orqanın imkanı xaricindədir. Ərizəçi İddiaçı maraqlı tərəf Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “”Verdili” soyad sonluğuna dəyişiklik edilməsi öhədliyinin Cavabdeh üzərinə qoyulması” iddia tələbi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı ildə ünvan 1 ünvanında yaşayır. Anadan olduqdan sonra atası tərəfindən ona “Verdiyev” soyadı verilmişdir. Təxminən 10 il əvvəl soyadının “Verdiliyev”-dən “Verdili”-yə dəyişdirilməsini arzuladığı üçün müraciəti əsasında Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydindən Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarı əsasında soyadı “Verdiyev”-dən “Verdili”-yə düzəliş edilmişdir. Hazırda “Verdili” soyadını daşıyır. Bir müddət sonra soyadının “Verdiyev”-dən “Verdili”-yə dəyişdirməkdə düz etmədiyini başa düşmüşdür. Belə ki, yaxın və uzaq qohumlarında “Verdili” soyadını daşıyan yoxdur, soyadı özünə yad hesab etmişdir. “Verdiyev” soyadı isə ulu babasından onlara keçmişdir. Bütün qan qohmları (qardaşı və bacısı) ulu babalarından gələn “Verdiyev” soyadını daşıyır. Hər kəs onun soyadını “Verdiyev” bilir. Ona görə də ulu babasında gələn soyadını gələcək nəsil üçün yaşatmaq istəmişdir. Bu məqsəd ilə ilk öncə Cavabdehnə müraciət etmişdir. X8 yenidən əvvəlki soyada qayıtmaq üçün qanunvericilikdə müəyyən olunmuş əsasların olmaması səbəbindən xahişin təmin edilməsinin inzibati orqanın imkanı xaricində olduğunu bildirmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 imtinaya uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına cavabdehin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-2687/2024 nömrəli imtinası, doğum dair Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, iddiaçı tərəfindən cavabdehə soyad sonluğunun dəyişdirilməsinə dair xx.xx.2016-cı il tarixli ərizə, iddiaçıya məxsus doğum akt qeydinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi iddiaçı yetkinlik yaşına çatdıqdan sonra, yəni xx.xx.2016-cı il tarixdə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı qanunvericiliklə ona verilən imkandan istifadə edərək, “li” soyad sonluğunu seçmişdir. İnzibati orqanın iddiaçının yenidən soyad sonluğunun dəyişdirilməsindən imtina etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinin ikinci cümləsinin tələblərinə uyğun olaraq qanunvericiliyin tələbini pozmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı soyadının “Verdili”dən “Verdiyev”ə dəyişdirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar