Məhkəmə qərarları › İş №2-1(114)-276/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-276/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-276/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X9, Əlizadə Şölə Qayıb qızı və X8) Tovuz rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamənin plan cizgi hissəsinin ləğv edilərək naturaya uyğun şəkildə düzəlişlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-311F nömrəli şəhadətnamənin plan cizgi hissəsinin ləğv edilərək naturaya uyğun şəkildə düzəlişlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin nömrəsinin 331F kimi qeyd edilərək qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2- 1(114)-276/2021 nömrəli qərardad ilə İddiaçı iddianın dəqiqləşdirilməsinə dair iddiası inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)- 276/2021 nömrəli qərardad ilə Tovuz rayon İcra Hakimiyyəti, X9, Əlizadə Şölə Qayıb qızı və X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuşdur və həmin dövrdən həmin kənddə yaşayır. Əvvəllər atasının istifadəsində olmuş torpaq sahəsində atasının bölgüsü ilə atasının övladlarının hər birinə ayrı- ayrılıqda torpaq sahəsi bölünmüşdür və onlar həmin torpaq sahəsini hasara alaraq özlərinə fərdi yaşayış evi tikdirmişlər və öz həyətyanı torpaq sahələrində yaşayırlar. İddiaçının fərdi yaşayış evinə dair xx xxxx 1989-cu il tarixdə Dövlət Texniki İnventarlama və Mülkiyyət Hüququnu Qeydiyyatı idarəsi tərəfindən texniki pasport tərtib edilərək onun mülkiyyət hüququ 977 nömrə ilə qeydiyyata alınmışdır. Bozalqanlı kənd İcra Nümayəndəliyinin 7 nömrəli təsərüffatbaşına kitabının 536-cı şəxsi hesabında iddiaçının adına 0.06 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi olması və həmin evdə qeydiyyatda olan ailə üzvləri barədə məlumatlar mövcuddur. Həmçinin qeyd edilən məlumatlar Tovuz rayon Dövlət Arxivindədə mövcuddur. Torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi texniki səhv olaraq iddiaçının qardaşı X5 mülkiyyətinə verilmişdir. İddiaçı Tovuz rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamənin plan cizgi hissəsinin ləğv edilərək naturaya uyğun şəkildə düzəlişlərin aparılması barədə ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Tovuz rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamənin plan cizgi hissəsinin ləğv edilərək naturaya uyğun şəkildə düzəlişlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X10 qanunamüvafiq qərar qəbul olunmasının xahiş etmişdir. Üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmiş, X9, Əlizadə Şölə Qayıb qızı və X8 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamənin surəti; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 172 nömrəli arxiv arayışının əsli; - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********85 nömrəli imtina məktubunun əsli. - Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamə ilə X6, X1, Əlizadə Şölə Qayıb qızına və X3 torpaq sahələri ayrılmışdır. İddia ərizəsinə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 172 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Bozalqanlı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1991-1995-ci il tarixli, 13 nömrəli təsərrüfatbaşına kitabın 1140-cı şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 1995-ci ildən 0.06 hektar torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 80 kv.meter, o cümlədən yaşayış sahəsinin 40kv.metr olması göstərilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən torpaq sahələri Tovuz rayon Aqrar İslahat Komissiyasının 31.07.200-ci il tarixli, 07 nömrəli qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN- 331F və JN-331B nömrəli şəhadətnamələrinə əsasən X9 və ailə üzvlərinin adınadır. Ərazi idarəsinin arxivində eləcə də elektron baza məlumatlarında şəhadətnamələrdə hər hansısa texniki səhvin olması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının istifadəsində olan və üzərində iddiaçı tərəfindən inşa edilmiş evə aid həyətyanı torpaq iddiaçının qardaşı 3-cü şəxs qismində cəlb edilmiş X4 və onun ailə üzvlərinin mülkiyyətindədir. Bu halı iş materiallarında olan JN-331F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti təsdiq edir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, 3-cü şəxslərin ayrıca iddiaçı ilə qonşuluqda təsərrüfatları var. Torpaq sahələri əvvəlcədən ataları tərəfindən bölüşdürülmüş və tərəflər həmin torpaq sahələrində hərəsi özləri üçün evlər inşa etmişlər. Bundan əlavə müəyyən edilmişdir ki, Bozalqanlı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli, 13 nömrəli təsərrüfatbaşı kitabının 1140-cı şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla 1995-ci ildən 0.06 hektar torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 80 kv.metr, o cümlədən yaşayış sahəsinin 40kv.metr olması qeyd edilmişdir (əsas: 99 siyahı 2 iş 247 v 94). Həmçinin araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” verilmiş və həmin pasportdan müəyyən edilir ki, onun həmin evi həm də, torpaq sahəsi olmuşdur. Belə olan halda, məhkəmə cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respubliaksı Prezidentinin x xxx 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” əsasnamənin 3-cü bəndinə əsasən Xidmətin vəzifələrinə daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, yerquruluşu işlərini təşkil etmək və aparmaq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil etmək, yerinə yetirmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək, dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərini həyata keçirmək, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması məqsədi ilə monitorinq işlərini yerinə yetirmək, daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək,daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın vahid dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək; mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərini və texniki sənədlərin tərtibini, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini təşkil etmək və akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək və s. aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin nəzdində yaradılmış müvafiq orqanın vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi əsassız və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tovuz rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-331F nömrəli şəhadətnamənin plan cizgi hissəsinin ləğv edilərək naturaya uyğun şəkildə düzəlişlərin aparılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar