Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2763/2021 22.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 14.10.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 02.08.2019-cu il tarixli **********185051 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın tərtib edildiyi andan etibarsız hesab edilməsi və 13.09.2019-cu il tarixli **********189885 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27.02.2017-ci il tarixdə qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır. Müəssisə yerli fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının xarici dövlətlərə ixrac edilməsində vasitəçilik fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti yerli fermerlərlə bağlanmış “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə Müqavilə”lər əsasında həyata keçirir. Həmin məhsullar yerli fermerlərlə iddiaçı arasında imzalanmış “Malların təhvil verilməsi barədə Akt”lara əsasən onlar tərəfindən haqqı ödənilmədən iddiaçıya təhvil verilir və müəssisə öz adından müqavilələrdə şərtləndirilmiş qaydada ixrac əməliyyatlarını həyata keçirir. Cavabdehin 06.11.2018-ci il tarixli, **********168084 saylı qərarına əsasən İdarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X4 tərəfindən ödəmə mənbəyində tutulan vergi üzrə 1-ci rüb 2017-ci - 3-cü rüb 2018-ci illər, sadələşdirilmiş vergi üzrə 1-ci rüb 2017-ci - 3-cü rüb 2017-ci illər, avqust 2017-ci sentyabr 2018-ci illəri əhatə etməklə ƏDV, 2017-ci il üzrə mənfəət Vergisi, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin vergi yoxlamasının nəticəsi olaraq cavabdeh vergi orqanı tərəfindən 02 avqust 2019-cu il tarixli **********185051 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. 13 sentyabr 2019-cu il tarixində cavabdeh qeyd edilən “Səyyar vergi yoxlaması aktı”nın əsasında özünün **********189885 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını qəbul etmiş, mübahisələndirilən 1597736.48 manat həcmində vergi məbləğlərini və onlara hesablanmış maliyyə sanksiyalarını iddiaçının “Şəxsi hesab vərəqəsi”nə işləmişdir. Mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanuna ziddir. Belə ki, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti ilə əlaqədar bütün sənədlər, o cümlədən yoxlama ilə əhatə olunan 2017-ci maliyyə ili ərzində 178 nəfər yerli fermerlərin istehsal etdiyi meyvə və tərəvəzlərin müəyyən haqq müqabilində müəssisənin vasitəçiliyi ilə Rusiya Federasiyasına ixrac edildiyini sübut edən müqavilələr müəssisə tərəfindən yoxlayıcıya təqdim edildiyi halda cavabdeh buna əhəmiyyət verməmiş və qanunsuz olaraq yoxlamanın əhatə etdiyi dövrdə müəssisənin əldə etdiyi mənfəəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə 55 nömrəli Qərarına əsasən hesablamışdır. Daha sonra cavabdeh həmin hesablanmış mənfəətə əsasən səhv olaraq müəssisəyə külli miqdarda “Mənfəət vergisi” hesablamışdır. Cavabdeh gəldiyi nəticəni əsaslandırmaq üçün 46 nəfərdən müəssisə ilə əlaqələri barədə izahatlar almış, izahatlarda fermerlərin bir hissəsi onlara mal satmadıqlarını, yalnız müəyyən haqq müqabilində müəssisənin vasitəçiliyi ilə Rusiya Federasiyasına öz istehsal etdikləri məhsulları göndərdiklərini göstərmişlər. Digər tərəfdən müəssisəni tanımadıqlarını və onun vasitəsilə heç bir xarici dövlətlərə mal göndərmədiklərinə dair izahatlar vermiş 26 nəfər şəxslərlə ümumiyyətlə müəssisənin heç bir əlaqəsi olmamışdır. Cavabdehin tərtib etdiyi 02 avqust 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı”-nın 1.8. bəndində səyyar vergi yoxlaması zamanı kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı alış aktlarında adı qeyd edilmiş şəxslər tərəfindən təqdim edilmiş izahatlarda onlar tərəfindən iddiaçıya kənd təsərrüfatı məhsullarının satılmadığını, yalnız cəmiyyətin vasitəçiliyi ilə xaricə göndərildiyi qeyd edilmişdir. Bununla da səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən ixrac olunmuş malların alışını və emal edilməsini təsdiq edən sənədlərin olmadığı müəyyən edilərək 55 saylı Qərarı müəssisəyə qarşı tətbiq etmişdir. Yerli fermerlərlə bağlanmış “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə Müqavilə”lərə əasən müəyyən muzdun müqabilində onların istehsal etdikləri kənd təsərrüfatı məhsulları iddiaçı tərəfindən Rusiya Federasiyasına ixrac edilmişdir. Yəni müəssisənin yoxlamanın əhatə etdiyi dövr üzrə ümumi dövriyyəsi və həmin dövriyyənin 0,3% həcmində mənfəət əldə etdiyi məlum olduğu halda cavabdeh vergi orqanı bu tipli əməliyyatlara düzgün qiymət verməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri nəzərə almamış və yoxlamanın əhatə etdiyi dövr üzrə vergilərin dolayı yolla hesablanması məqsədiylə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarını səhv olaraq müəssisəyə qarşı tətbiq etmiş və iddiaçıya külli miqdarda vergi məbləğləri hesablamışdır. Məhkəmənin 22.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “02.08.2019-cu il tarixli **********185051 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçının vəkili Vəkil2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 26 nəfər, hansı ki, iddiaçının vasitəsilə xarici ölkəyə mal göndərmədiyini, kənd təsərrüfatı məhsulları istifadə etmədiyini bildirən şəxslərin heç birini iddiaçı tanımır və onlarla müqavilə bağlamamışdır, ona görə də onların izahatları iddiaçının ziyanına şərh edilə bilməz. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər idarəsinin 06.11,2018-ci il tarixli, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə “X7" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 fevral 2017-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 34445564,76 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 34095550,30 manat təşkil edərək hesabat ilini 350014,46 manat mənfəətlə başa vurduğu göstərilmiş və 70002,89 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 34445566,21 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin aktda qeyd edildiyi kimi 34445566,21 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər (ixrac edilmiş kənd təsərrüfatı məhsullarının faktiki alışını təsdiq edən sənədlər təqdim edilməmişdir) yoxlamaya tam təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 34445566,21 manat dəyərində malların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 34445566,21 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə müəyyən edilmiş 5740927,70 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 1148185,54 manat (5740927,70 x 20,0% = 1148185,54) mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1078182,65 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən kənarlaşma aşkar edilməmişdir. İddiaçı MMC komissiya müqaviləsi ilə müxtəlif şəxslərin mallarını hər hansı bazarda (xarici və ya daxili bazar) üçüncü şəxsə təqdim edib bunun qarşılığında komissiya muzdu ala bilərdi, lakin cəmiyyət həmin məhsulları xarici bazara öz mülkiyyətində olan məhsul kimi gömrükdə rəsmiləşdirərək ixrac etmişdir. Gömrük ixrac məlumatlarından bəlli olur ki, ixrac olunmuş bütün məhsullar cəmiyyətin öz adına rəsmiləşdirilmişdir. Həmçinin, alış aktı bağlanmış şəxslərin bəzilərinin izahatlarından da məlum olur ki, həmin şəxslərin ümumiyyətlə cəmiyyətlə heç bir əlaqəsi olmamışdır və heç bir müqaviləyə və akta imza etməmişlər. Buradan belə nəticəyə gəlinmişdir ki, iddiaçı həmin şəxslərin malını ixrac etməmiş, öz malını ixrac etmişdir. Müqavilələr üzrə tərəf olan şəxslərdən bir qismi malının iddiaçı vasitəsi ilə ixrac etdiyini bildirmişdir. Göründüyü kimi İddiaçı MMC vergidən yayınma sxemi yaratmaq məqsədilə bir sıra şəxslərlə əqdlər bağlamış, həmin şəxlərdən bəziləri ümumiyyətlə belə əqd barədə məlumatının olmadığını qeyd etmişdir ki, bununla da cəmiyyətin vergidən yayınma niyyəti ortaya çıxmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarına əlavə edilmiş kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə 24.04.2017, 11.05.2017, 18.05.2017, 23.05.2017, 25.05.2017, 26.05.2017, 28.05.2017, 29.05.2017, 30.05.2017, 31.05.2017, 01.06.2017, 02.06.2017, 03.06.2017, 05.06.2017, 08.06.2017, 13.06.2017, 04.10.2017, 06.10.2017, 10.10.2017, 19.10.2017, 22.10.2017, 23.10.2017, 26.10.2017, 27.10.2017, 31.10.2017, 04.11.2017, 06.11.2017, 16.11.2017, 20.11.2017, 23.11.2017, 24.11.2017, 28.11.2017, 02.12.2017, 06.12.2017, 13.12.2017, 19.12.2017, 20.12.2017, 25.12.2017, 27.12.2017, 28.12.2017-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı MMC ayrı-ayrı vaxtlarda və tarixlərdə başqabaşqa şəxslərlə kənd təsərrüfatı məhsullarının xarici bazarda satışının təşkili ilə əlaqədar müqavilə bağlamışdır. -Surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 02.08.2019-cu il tarixli **********185051 nömrəli aktından görünür ki, səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) nəticəsində 1078182.65 manat məbləğində mənfəət vergisinin və 150.20 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 1078332.85 manat vergilərin azaldılması müəyyən edilmişdir. -Surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-cu il tarixli **********189885 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, əlavə hesablanmış vergilər üzrə 1078332,85 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 539166.43 manat olmaqla ümumilikdə 3371700,15 manat (üç milyon üç yüz yetmiş bir min yeddi yüz manat, on beş qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 03.11.2020-ci il tarixli, 9/64 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il mənfəət vergisi üzrə dövlət büdcəsinə yaranmış öhdəliyinin məbləği 20667,34 manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı MMC-nin fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş, İddiaçı MMC tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) nəticəsində 1078182.65 manat məbləğində mənfəət vergisinin və 150.20 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 1078332.85 manat vergilərin azaldılması müəyyən edilmiş, həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.09.2019-cu il tarixli **********189885 nömrəli qərara əsasən iddiaçıya 539166.43 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 34445564,76 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 34095550,30 manat təşkil edərək hesabat ilini 350014,46 manat mənfəətlə başa vurduğu göstərilmiş və 70002,89 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 34445566,21 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin aktda qeyd edildiyi kimi 34445566,21 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər (ixrac edilmiş kənd təsərrüfatı məhsullarının faktiki alışını təsdiq edən sənədlər) yoxlamaya tam təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 34445566,21 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Lakin qeyd olunanlara baxmayaraq vergi orqanı ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ olduğu halda bunu etməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama aparmışdır. Bundan əlavə, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 2107-ci il mənfəət vergisi üzrə dövlət büdcəsinə yaranmış öhdəliyinin məbləği 20667,34 manat müəyyən edilmişdir. Göründüyü kimi vergi orqanı, iddiaçı barəsində tətbiq etdiyi maliyyə sanksiyasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən 13.09.2019-cu il tarixli **********189885 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri qismən pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın qismən ləğvi üçün əsas hesab edilir. Belə ki, 03.11.2020-ci il tarixli, 9/64 nömrəli ekspert rəyi üzrə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il mənfəət vergisi üzrə dövlət büdcəsinə yaranmış öhdəliyinin məbləği 20667,34 manat müəyyən edildiyindən, məhkəmə hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.09.2019-cu il tarixli **********189885 nömrəli qərarı qismən, mənfəət vergisi üzrə 1057665,51 manat (1078332,85 - 20667,34 = 1057665,51) və maliyyə sanksiyası üzrə 528832,76 (539166,43 - 10333,67 = 528832,76) manat hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.09.2019-cu il tarixli **********189885 nömrəli qərarı qismən, mənfəət vergisi üzrə 1057665,51 manat və maliyyə sanksiyası üzrə 528832,76 manat hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. 03.11.2020-ci il tarixli, 9/64 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2763/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2763/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver